Çin niyə NATO-ya meydan oxuyur?

Dünya

02.07.2024 - 14:34

Həkimlər Klinikalar SEO Xidməti

Çinin ambisiyaları və iddialı davranışları NATO nizamına əsaslanan Avropanın təhlükəsizliyinə problemlər gətirir

NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq “Yomiuri” qəzetinə müsahibəsində bildirib: "NATO Çini düşmən hesab etmir, lakin Çin bizim dəyərlərimizə, maraqlarımıza və təhlükəsizliyimizə meydan oxuyur”.

Bildirim ki, Rusiya-Ukrayna müharibəsi Avro-Atlantik və Hind-Sakit okean regionları arasında artan geosiyasi qarşılıqlı asılılıqları vurğulayır.

Çin bu asılılıqları məharətlə özünün ekspansiyası naminə istifadə edir. Əlbəttə ki, Çin NATO-nun Avro-Atlantik məkanın təhlükəsizlik nizamındakı mərkəzi rolunu əlindən almağa çalışır.

Üstəlik, Asiya qitəsində öz təsir imkanlarını genişləndirir ki, bu da NATO-nun Çinin strateji yüksəlişi ətrafında üzləşdiyi çətinlikləri göstərir. Deməli, Çin Asiya ilə yanaşı,  Avropa qitəsində də yetkinləşmiş strateji bacarıqlara sahiblənir ki, bu da Pekinin Avrasiya üzrə nəhəng vizyonunu üzə çıxarır.

NATO baş katibinin bəyanatı Çinin qeyd olunan vizyon üzrə NATO-nun maraqları ilə uyğun olmayan siyasətinə eyhamları özündə cəmləyir. NATO-nun nə bəyanat verməsindən asılı olmayaraq, o, Çini təhlükəli rəqib kimi görür.

Çünki NATO-nun lideri ABŞ 2017-ci il Milli Təhlükəsizlik Strategiyasında Çini uzunmüddətki strateji rəqib kimi təsvir edib. Bu isə NATO-nun Avropa qanadı üzərində də öhdəlik və çağırışlar qoymaqdadır.

Rusiya-Ukrayna müharibəsi fonunda NATO Çinin yüksəlişini daha aydın müşahidə edir. Həm də ona görə ki, NATO Rusiya və Çinin eyni vaxtda birlikdə yaratdığı geosiyasi hərəkətlənmələri görür.

Bu hərəkətlənmələr Çinin Avro-Atlantik məkanda qiymətli aktivlər əldə etməsi ilə nəticələnir ki, NATO bundan bərk narahatdır.

Yəni cənab Yens Stoltenberq bildirir ki, Çin Rusiya-Ukrayna müharibəsinin yaratdığı təhlükəsizlik boşluqlarına dolaraq Avropada “inqilabi dəyişikliklərin” nəticələrindən böyük pay qoparmağa çalışır.

Beləliklə, Çinin ambisiyaları və iddialı davranışları NATO nizamına əsaslanan Avropanın təhlükəsizliyinə problemlər gətirir. Bunların müşayiətində Çinin nüvə arsenalını genişləndirməsi də NATO-nun genişlənmə radiusu önündə maneələr yaradır.

Aqşin Kərimov

Müəllif: Ayna.az