Cənubi Qafqaz təhdid altında - Bölgəmiz yeni müharibəyə sürüklənir

Aktual

15.08.2024 - 14:07

Həkimlər Klinikalar SEO Xidməti

Cavid Vəliyev: “Yaxın Şərqdəki və Ukraynadakı münaqişənin Cənubi Qafqaza sıçraması ehtimalı var”

Avqustun 2 və 3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından İrəvanın “Zvartnos” hava limanına iki hərbi təyyarə enib. Bu barədə məlumatı “Caliber.az2 portalı yayıb və ardınca görüntüləri təqdim edib. Qeyd olunub ki, iki təyyarədən birində İran ərazisindən buraxılan raketlərin və başqa uçan aparatlarının trayektoriyalarını izləyən xüsusi qurğular olub. Bu zaman İran ərazisindən İsrailə mümkün hücum riski xüsusilə nəzərə alınıb. Gətirilən qurğular Ermənistanın İranla sərhədində yerləşdiriləcək. ABŞ bu cihazları idarə edəcək heyətin sayını 30-50 nəfərə çatdırıb.

Rusiya və İranın diqqətini İranla sərhəddə yerləşdiriləcək şəxsi heyətə cəlb etməmək üçün hərbçilər diqqətlə seçilib - onların əksəriyyəti Amerika ordusunda xidmət edən erməniəsilli ABŞ vətəndaşlarıdır, həmçinin postsovet ölkələrindən ABŞ-a köçmüş slavyan və Qafqaz kökənli insanlardır. Şəxsi heyət Ermənistan Silahlı Qüvvələrinin hərbi geyimi ilə təchiz olunub və onun Zəngəzurdakı hərbi bazasında yerləşdirilib.

Qeyd edək ki, hərbi yük əsasən snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, xüsusi təyinatlılar üçün zirehli gödəkçələr, hücum mini-dronları, kiçik ölçülü minalardan və ABŞ ordusunda istifadə olunan digər döyüş sursatlarından ibarətdir.

Azərbaycan bu addımı “ABŞ-ın Ermənistanı silahlandırması” sayır və bunun region ölkələri üçün təhdid olduğunu bildirir. Düzdür, məsələ ilə bağlı sualı cavablandıran Ermənistandakı ABŞ səfirliyi bu ölkəyə hərbçilərin və hərbi yükün göndərilməsini ABŞ və Ermənistan arasında keçirilmiş hərbi təlimlə əlaqələndirməyə çalışıb.

"İyulun 24-də ABŞ və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş "Qartal Tərəfdaş" təlimi uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, bütün Amerika texnikası və şəxsi heyəti Ermənistanı tərk edib" - deyə məlumatda bildirilib.

Amma iyulun 24-də başa çatmış təlimin iştirakçılarının Ermənistana 9-10 gün sonra qayıdışı inandırıcı görünə bilməz və bu bir daha ondan xəbər verir ki, ABŞ Ermənistanı silahlandırmaqla regionda gərginliyin qalmasında maraqlıdır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Cavid Vəliyev mövzu ilə bağlı AYNA-nın suallarını cavablandırarkən deyib ki, Cənubi Qafqaz əslində dünyadakı güc mübarizəsinin mərkəzi nöqtələrindən biri halına gəlib:

- Çünki Rusiya ilə Ukrayna arasında davam edən müharibə var, digər tərəfdən Yaxın Şərqdə, İran ətrafında cərəyan edən hadisələr var. Biz uzun illər Ermənistanın Azərbaycan ərazilərini işğalda saxlamasına baxmayaraq, burada böyük münaqişələrdən yayınmağı bacardıq. Azərbaycan Cənubi Qafqazı böyük güclərin qarşı-qarşıya gəldiyi böyük platforma yox, əməkdaşlığın əlverişli olduğu region olaraq təqdim etməyi bacardı. Bunun nəticəsidir ki, biz həm enerji, həm nəqliyyat layihələrini reallaşdıra bildik. Azərbaycanın siyasi iradəsi, maddi imkanları bu layihələrin həyata keçməsinə şərait yaratdı. İndiyədək bunlar ciddi təhdid olmadan fəaliyyət göstərirlər. Həm enerji xətlərinin təhlükəsiz şəkildə fəaliyyətini davam etdirməsi, eyni zamanda, Orta Dəhlizə artan tələbat Cənubi Qafqaza diqqətləri daha da artırıb.

ABŞ-ın Ermənistanı silahlandırmasının bizi narahat edən səbəbi ondan ibarətdir ki, Ermənistan işğalçı dövlətdir. Əlbəttə, bütün dövlətlərin özlərini müdafiə etmələri üçün silahlanma hüququ var. Amma Ermənistan istisnadır. Çünki bu dövlət silahlanmada özünü müdafiə məqsədi güdmür, qonşu dövlətlərə hücum etməyi, işğalçılıq siyasəti həyata keçirməyi güdür. Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanı Qərb “demokrat” adlandırsa da, unutmayaq ki, İkinci Qarabağ müharibəsinin baş verməsinin səbəbi Paşinyan və onun hökumətinin addımları idi. Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” deməklə işğalçılıq siyasətinin davam edəcəyini bəyan etmiş oldu. Eyni zamanda, Minsk Qrupu çərçivəsində danışıqlardan imtina etdi. Tovuz istiqamətində Ermənistan ordusu təxribat törətdi. Azərbaycan isə işğala son qoymaq üçün müharibədən başqa yol görmədi. Ona görə də işğalçı zehniyyətli bir dövlətin silahlandırılması Azərbaycan üçün təhdiddir. Onu da nəzərə almaq lazımdır ki, Ermənistanda hələ də revanşistlər var, revanşist mövqedə olan qüvvələr mövcuddur. Ermənistan hakimiyyəti məsələlərin diplomatik həllinə razılıq vermir, hər dəfə Azərbaycanın addımları ilə nələrdəsə məcburi razılığa imza atır.

Hesab edirəm ki, Ermənistanın silahlanmasını Azərbaycan haqlı olaraq özü üçün təhdid sayır, buna qarşı çıxır. Ona görə də sabah baş verə biləcək hansısa hadisəyə birbaşa Ermənistan və onu silahlandıranlar məsuliyyət daşıyacaqlar.

- Bununla üçüncü müharibə ehtimalını nəzərdə tutursunuz?

- Ermənistana indi verilən silahlarla sabah Azərbaycana, Azərbaycan əsgərinə atəş açılarsa, təbii ki, adekvat cavab veriləcək. Bu zaman onun məsuliyyətini öncə onu verənlər məsuliyyət daşıyacaqlar. Biz aprelin 5-də Brüsseldə ABŞ-Avropa Birliyi-Ermənistan üçtərəfli görüşünə etiraz etdik, məsələni davamlı gündəmdə saxladıq ki, bu görüşün əsas məqsədi Ermənistanı silahlandırmaqdır. Onlar bunu inkar etsələr də, qapalı görüşdə müqavilə imzalandığı ortaya çıxdı. Hər dəfə bizi sakitləşdirmək istədilər, amma gördük ki, bizi aldadırlar, məqsəd Ermənistana iqtisadi yardım yox, hərbi yardım etməkdir. İndi ortaya çıxan görüntülərdən də aydın olur ki, Qərb Ermənistanı silahlandırır. Bu, regionda sabitliyin bərqərar olmasına əsas əngəldir.

- Erməni mediası yazır ki, Yaxın Şərqdə və Ukraynadakı gərginlik Cənubi Qafqazda da yarana bilər. Bu ehtimal nə dərəcədədir?

- Baxın, Rusiya-Ukrayna müharibəsində də, İsrail-İran münaqişəsində də ABŞ tərəfdir. İndi isə ABŞ-ın Ermənistanı silahlandırması üzə çıxır. Amerikadan verilən açıqlamalardan görürük ki, Vaşinqton regionda nəqliyyat xətlərinin açılmasını istəyir, amma burada Rusiya, Çin və İranın bu xətlərin kənarında qalması şərtilə. Bu mövqe onu göstərir ki, ABŞ məsələyə geosiyasi güc mübarizəsi kontekstində baxılır. Ermənistanın silahlandırılması da məhz bu aspektdəndir. Təəssüf ki, regionun digər ölkələrinin Ermənistanın silahlandırılmasına qarşı hansısa mövqeyini görmürük. Sanki Ermənistanın ABŞ tərəfindən silahlandırılması təkcə Azərbaycanı maraqlandırır. Halbuki regionun bütün ölkələri üçün Ermənistanın silahlandırılması təhdiddir. Məlumdur ki, Qərbin Ermənistana bu yardımlarında əsas məqsəd İrəvanı Moskvanın orbitindən uzaqlaşdırmaqdır. Demək ki, hədəflərdən biri də Rusiyadır. Hesab edirəm ki, Rusiya da bu məsələdə kəskin mövqeyini ortaya qoymalıdır. Eyni zamanda, İran mövqeyini bildirməlidir.

Əlbəttə, bu silahlanma, ABŞ-ın atdığı addımlar Cənubi Qafqazda da gərginliyin artması proqnozuna əsas verir. Biz Cənubi Qafqazın böyük güclərin qarşıdurma platforması olmasında maraqlı deyilik. Gürcüstanın son vaxtlar verdiyi qərarlar da onu göstərir ki, Tiflis də bunda maraqlı deyil. Burada əsas zəif halqa Ermənistandır. Ermənistan platformaya istəyərəkdən, yaxud istəməyərəkdən qarşıdurma platformasına çevrilir. Bu baxımdan, Yaxın Şərqdəki və Ukraynadakı münaqişənin Cənubi Qafqaza sıçraması ehtimalı var.

- Bunlar Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması perspektivinə hansı təsiri göstərir?

- Əlbəttə, mənfi təsir göstərir. Hazırda Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri Ermənistanla sülh sazişinin imzalanmasıdır. Əgər Ermənistan hakimiyyəti özündə siyasi iradə taparsa, iki dövlət arasında sülh sazişinin imzalanması mümkündür. Amma Ermənistanın bu gün də davam etdirdiyi destruktiv əməllər, Qərblə əməkdaşlığın İrəvanı revanşizmə həvəsləndirməsi sülh prosesinə ciddi əngəllər və təhdidlər yaradır. Sülhə əngəl həm də Ermənistanı silahlandıran Qərbdir. Görünən odur ki, Qərb bölgədə sülhün və sabitliyin yaranmasında maraqlı deyil. Bütün hallarda isə itirən Ermənistandır. Ona görə də Ermənistan özündə iradə tapmalı, yeni zərbə almamaq üçün Azərbaycanın şərtlərini qəbul etməli və sülh sazişinə imza atmalıdır.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş