Komendant saatı bu şəhər və rayonlarda tətbiq edilir

Aktual

27.09.2020 - 19:07

Hikmət Hacıyev: “Vətəndaşlar xüsusi icazə əsasında küçələrə çıxa biləcək”

 

Azərbaycan Respublikası ərazisində tətbiq ediləcək hərbi vəziyyət dövründə vətəndaşlar xüsusi icazə əsasında küçələrə çıxa biləcək. AYNA xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev brifinqdə deyib.

 

O bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndi və 111-ci maddəsi rəhbər tutularaq, ölkə başçısı tərəfindən bu qərar verilib: “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal etməsi və Azərbaycan Respublikasına qarşı silahlı hücumları və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar 2020-ci il 28 sentyabr tarixində saat 00:00-dan respublika ərazisində hərbi vəziyyət elan olunub”.

 

“Hərbi vəziyyətin təmin edilməsi məqsədilə “Hərbi vəziyyət” haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan tədbirlər həyata keçiriləcək. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax, Ağstafa rayonlarında hərbi vəziyyət dövründə axşam saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq ediləcək. Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçədə və digər ictimai yerlərdə olması qadağan edilib”, - deyə Hacıyev bildirib.

Müəllif: Ayna.az