Cəmiyyətdən hökumətə ədalət çağırışı – Deputat, ziyalı, ekspert, vətəndaş deyir ki...

Cəmiyyət

26.04.2023 - 14:05

Yüzminlərlə insan öz dövlətindən öz haqqını istəyir

Özəlləşdirilmə çeklərinin istifadəyə verilməsindən 26, tədavül müddətinin başa çatmasından isə 12 il ötür. 2011-ci ildə özəlləşdirmə çeklərinin tədavül müdddətinin başa çatması ilə bağlı qərardan sonra yüzminlərlə vətəndaş vauçerləri əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyirlər. Tanınmış ziyalıların, ictimai-siyasi xadimlərin, Milli Məclisin deputatlarının, mədəniyyət-incəsənət xadimlərinin, iqtisadçıların, hüquqşünasların, QHT rəhbərlərinin hökumətə çağırışları, eləcə də çeki əlində vətəndaşların rəsmi qurumlara müraciətləri cavabsız qalır.

Hansı ki, özəlləşdirmə çeklərinin “Qiymətli kağızlar haqqında” qanunla tənzimləndiyi və bu qanunda qiymətli kağızlar üçün tədavül müddətinin nəzərdə tutulmadığı aydın şəkildə qeyd olunub. Yəni, tədavül müddətinin başa çatdırılması ilə bağlı qərar Konstitusiyaya ziddir.

Qanunvericilikdə daha başqa məqamlar isə özəlləşdirmə payına qanunla düşən əmlak ekvivalentinin inflyasiyadan qorunmaqla, 2000 ABŞ dolları həcmində müəyyən edilməsi və özəlləşdirməyə çıxarılan dövlət əmlakının ən azı 65 faizinin dövlət özəlləşdirmə paylarını təqdim edən çek sahiblərinə əvəzsiz qaydada verilməsi ilə bağlı xüsuslardır.

Qeyd edək ki, sosial mediada özəlləşdirmə çekləri əlində qalan vətəndaşların birləşdiyi qrup və səhifələr fəaliyyət göstərir. AYNA sosial şəbəkədə paylaşılan diqqətçəkən fikirlərdən bəzilərini və ziyalıların, mütəxəssislərin həmin fikirlərlə bağlı şərhlərini kiçik redaktələrlə təqdim edir:

Aydın Əliyev adlı vətəndaş öz şərhində yazır ki, özəlləşdirmə prosesi məmur oliqraxiyasının maraqlarına xidmət edib və bundan yalnız bir qrup işbaz məmur faydalana bilib: “Hansı ki, qanunda əsas məbləğin payçılar üçün nəzərdə tutulduğu iddia olunurdu”.

Şərh: Milli Məclisin deputatı Fazil Mustafa mətbuata müsahibəsində özəlləşdirmə prosesinin şəffaf aparılmadığını, bir qrup məmurun maraqlarına xitab etdiyini söyləyib. Əlavə edib ki, bununla bağlı xüsusi komissiya yaradılmalı və günahkar məmurlar cəzalandırılmalıdır.

Vətəndaş Hüseyn Babayev qeyd edir: ““Köhnə qvardiya” gedəndən sonra böyük ümidlər yaranıb ki, bizim də dərdimizə əlac tapılar. Nəhayət, bizim də hüququmuz bərpa olunar və biz də öz payımızdan istifadə edərik”.

Şərh: Milli Məclisin deputatı Razi Nurullayev mətbuata açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinqi fəaliyyətə başlayıb: “Bu Holdinq gəlir gətirməyən dövlət müəssisələrinin özəlləşdirməyə çıxarılmasını özündə ehtiva edir və qarşıdakı özəlləşdirilmə prosesində çeki əlində qalan vətəndaşların da bu prosesdə iştirakı təmin edilməlidir”.

Ruslan Quliyev çeki əlində qalan vətəndaş olaraq deyir: “Bir halda ki, bizim çeklərimiz özəlləşdirməyə yaramır, heç olmasa, müvafiq kompensasiya ödənilsin. Bu proses sonsuza qədər davam edə bilməz. Bu məsələyə yekun vurulmalıdır”.

Şərh: Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev mətbuata açıqlamasında deyib ki, özəlləşdirmə çeklərinin qiymətləndirilməsi müqabilində vətəndaşlara kompensasiya ödənməlidir: “Bu, çox vacibdir. Çünki o vaxtı paylanan özəlləşdirmə çekləri vətəndaşların haqqıdır”.

Digər bir vətəndaş Elçin Ağayev yazır: “Özəlləşdirmə çekləri dövriyyədən çıxandan sonra dəfələrlə inflyasiya baş verib. Bir də gördün əvvəlki pulla bizim çekləri yığdılar. Adını da qoydular ki, istədiyinizi aldınız, di gedin!”.

Şərh: Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov mətbuata söyləyib ki, özəlləşdirmə çekləri üçün inflyasiyadan qorunmaqla 2000 ABŞ dolları eksvivalentində məbləğ müəyyən edilib: “Bu, o deməkdir ki, 2000 ABŞ dolları o dövrdən bəri nə qədər inflyasiyaya məruz qalıbsa, bu məbləğdə də çeki əlində qalan vətəndaşlara kompensasiya ödənilməlidir”.

Məryam Əlixanova: “Bunun nəyi qiymətli kağız oldu ki?! Allah kəssin belə qiymətli kağızı - əlimizdə kağız parçasına çevrildisə!”.

Şərh: İqtisadçı alim, keçmiş deputat Nazim Bəydəmirli mətbuata deyib ki, özəlləşdirmə çekləri dövlət qiymətli kağızıdır: ““Qiymətli kağızlar haqqında” Azərbaycan Respublikasının qanununda qiymətli kağızlar üçün zaman məfhumu nəzərdə tutulmayıb. Bu səbəbdən tədavül müddətinin başa çatmasının elan olunması hüquqa ziddir”.

Sosial şəbəkə istifadəçisi Səyyad Aslanlı özələşdirmə çeklərini alanda 18 yaşında olub, bu gün isə 44 yaşı var: “O zaman düşünürdük ki, bu çeklərin sayəsində zavod-fabrik sahibi olacaq, biznesmen olacağıq. Məlum oldu ki, biz sadəcə kolleksiya yığırıq. Əgər belə olmasaydı, vauçerlər əlimizdə kağız parçası olmazdı”.

Şərh: Əmlak eksperti Elnur Əsədov mətbuata bunları danışıb: “Yüzminlərlə vətəndaş özəlləşdirmə çekləri əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Misal üçün, o zaman bu vauçeri alan şəxsin 40 yaşı var idisə, artıq onun 65 yaşı var. Bu adamlar dövlətin sovetlər dövründən miras olan əvəzsiz payını istifadə etməyiblər. Ortaya haqlı sual çıxır: bəs onlar dünyasını dəyişsələr, nə baş verəcək? Düzdür, vauçerlər adsız kağızdır, amma tədavül müddəti bərpa olunsa, varisləri istifadə edəcək”.

Vətəndaş Zaur Həsənli yeni qanunun qəbul edilməsini və özəlləşdirmə çekləri əlində qalan vətəndaşlara bu qanuna müvafiq olaraq kompensasiya ödənilməsini təklif edir.

Şərh: İqtisadçı Pərviz Heydərov özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılması məqsədilə xüsusi qanun qəbul edilməsini təklif edir: “Müvafiq qurumlar bu istiqamətdə hərəkətə keçməlidir. Rəsmi qurumlar şəffaf şəkildə bu prosesi həyata keçirməli və çeki əlində qalan vətəndaşlarla bağlı monitorinq aparmalıdır”.

QEYD

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün  özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Xüsusi qeyd

Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri - QANUNLA verilib!

Heyər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası ücün verdiyi və imzaladığı 450-li Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vədəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək ücün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə, Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray