Bu boyda həngamənin arasında Putinin İrəvanda nə işi var?

Siyasət

21.04.2022 - 13:07

Mehman Əliyev: “Özü də anlayır ki, cəhdləri nəticəsiz və mənasızdır”

Qabil Hüseynli: “Özünə qarşı təhlükə hiss edərsə, qonşu dövlətlərə müdaxilə etməyə çalışacaq”

Rusiya Prezidenti Vladimir Putin İrəvana səfər edəcək. İyun ayında baş tutacaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyasının yaradılmasının 15 illiyinə həsr olunmuş iclas çərçivəsində Rusiya liderinin səfər proqramı təsdiq edilib.

Onun bu səfəri ərəfəsində, Ukraynada məğlub duruma düşməsindən sonra Moskvanın digər postsovet ölkələrinə qarşı təzyiqləri artıracağı barədə müzakirələr yenidən gündəmə gəlib. İddalar var ki, Kreml Ukrayna məğlubiyyətini digər postsovet ölkələrinə təzyiqlər vasitəsilə kompensasiya etməyə çalışacaq. Nəzərə alanda ki, Putin kifayət qədər həssas bir dövrdə Ermənistana səfər etməyi planlaşdırır, bu iddiaların əsaslı olduğunu söyləmək olar.

“Turan” İnformasiya Agentliyinin direktoru, politoloq Mehman Əliyev AYNA-ya şərhində deyib ki, Putinin planlaşdırılan səfəri həm Azərbaycana, həm də Ermənistana təzyiq xarakteri daşıyır: “Düzdür, rəsmi məlumat bundan ibarətdir ki, səfərin əsas məqsədi KTMT Parlament Assambleyasının yaradılmasının 15 illiyinə həsr olunmuş iclasda iştirak etməkdir. Əslində, KTMT-nin özü də postsovet məkanını nəzarətdə saxlamaq üçün bir layihədir. Lazım gələndə bu amildən istifadə olunur və bu təşkilat birmənalı olaraq Rusiyanın mövqeyini qoruyur. Digər ölkələrin mənafelərinin qorunması məsələsi sadəcə blefdir. Həmin dövlətlərin özlərində də bilirlər ki, bu, mümkün deyil. Sadəcə Moskvanın təhriki ilə KTMT-də təmsil olunurlar”.

“Azərbaycanın Türkiyə ilə yaxınlaşması, Ermənistan hakimiyyətinin həm Azərbaycan, həm də Türkiyə ilə münasibətləri bərpa etməyə yönəlik açıqlamaları Moskvanı narahat edir. Onlar özlərinin bilavasitə iştirak etmədiyi heç bir danışıqlar prosesini dəstəkləmirlər. Bu mənada Putinin səfəri həm də bir mesaj xarakteri daşıyır”, - deyə həmsöhbətimiz bildirib.

Analitikin sözlərinə görə, bu səfərin baş tutması belə, sual altındadır: “Çünki nə Rusiya əvvəlki Rusiyadır, nə də Putin əvvəlki Putin. İyun ayına qədər nələrin baş verəcəyini də heç kim söyləyə bilməz. Bu gün Rusiya ABŞ və Qərb tərəfindən təcrid olunub. Rusiyada iqtisadi böhran qaçılmazdır və artıq bunun əlamətləri görünür. Hətta Mərkəzi Bankın sədri səviyyəsində də bu fakt etiraf olunur. Digər yandan Rusiya Ukraynaya hərbi təcavüzü zamanı böyük itkilər verib. Bu, həm canlı qüvvə, həm də hərbi texnika itkisidir. Moskvanın hərbi qüdrəti sonsuz deyil və təcavüz siyasətini uzun müddət davam etdirə bilməyəcək”.

“Qərb də kifayət qədər prinsipiallıq nümayiş etdirir və görünən budur ki, bu dəfə Kremlə güzəşt etmək niyyətində deyil. Belə bir həssas məqamda Putin özü də postsovet ölkələrinə təzyiqlərin nəticəsiz olduğun anlayır. Onun başı o qədər özünə qarışıb ki, bu ölkələrin bəzilərini ümumiyyətlə, yadından çıxarıb. Rusiyanın yalnız nüvə silahına ümidi qalır və bundan istifadə onun üçün də son deməkdir. Mümkün qədər çalışacaq ki, buna gedilməsin”, - deyə Əliyev vurğulayıb.

Sabiq dövlət müşaviri, siyasi şərhçi Qabil Hüseynli isə fərqli düşünür. Onun AYNA-ya dediyinə görə, Putin Rusiyasının artıq qonşu dövlətlərə təzyiq imkanları yoxdur: “Tamamilə doğrudur ki, Rusiya keçmiş ittifaq ölkələrində Belarus modeli yaratmağa, həmin dövlətləri öz vassalı rolunda görməyə çox cəhd göstərib. Bəzi hallarda buna nail olub da. Ukraynaya təcavüzün əsas məqsədlərindən biri də elə bu idi. Lakin iki ay öncəki Rusiyanın əvvəlki gücü və nüfuzu qalmayıb. Ukrayna xalqının şanlı müqavimətindən sonra artıq Rusiyanın şişirdilmiş hərbi gücü mifi də darmadağın olub”.

“Bu gün Moskva özü çıxılmaz durumdadır. Qərbin isə əsas məqsədlərindən biri Putin rejimini devirmək, Rusiyanın imperialist siyasətinə son qoymaqdır. Bundan sonra Rusiya hansı dövlətə təzyiq edəcəksə, qarşısında Qərbi görəcək. Mövcud şəraitdə yeni münaqişə ocaqları Kremlə lazım deyil. Düzdür, təhdid ritorikasını davam etdirəcək, mesajverici diplomatik gedişlər edəcək, gələcək üçün “kin deposu” yaradacaq, amma heç bir müdaxilə edə bilməyəcək”, - deyə müsahibimiz söyləyib.

O, Putinin Ermənistana səfərindən ciddi nəticələr gözləmir: “Əvvəla bilmək olmaz ki, bu səfər həqiqətən baş tutacaq, yoxsa yox. İkincisi, Moskvanın son anda Putini digər vəzifəli şəxslə əvəz edib-etməyəcəyi də sual altındadır. Üçüncüsü, iyuna hələ iki ay var, buna qədər Putini və Kremli hansı aqibət gözləyir – bilmirik”.

“Bütün hallarda hadisələr sürətlə dəyişir və yeni mənzərə yaranır. Hətta Putin Ermənistana səfər etsə belə, bu, sıradan bir səfər olacaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının yubileyində iştirak etməkdən o yana keçməyəcək. Mosvanın bütün diqqəti Ukrayna və Qərbə qarşı yönəldiyindən artıq onun üçün qonşu dövlətlərdə baş verənlərin bir o qədər də əhəmiyyəti yoxdur. Çünki müdaxilə, təsir imkanları yoxdur. Yalnız sanksiyalar fonunda özünə və hakimiyyətinə real təhlükə yaranacağı təqdirdə postsovet ölkələri yenidən Putinin yadına düşəcək”, - deyə Hüseynli fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev