Brüsseldə Azərbaycan və Ermənistan münasibətlərin normallaşdırılması müzakirə ediləcək

Aktual

18.03.2024 - 15:26

İclas Cozef Borrelin sədrliyi ilə keçiriləcək

Avropa İttifaqının Xarici Əlaqələr Şurasının iclasında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə olunacaq. AYNA xəbər verir ki, bu barədə Aİ-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Xarici Əlaqələr Şurası bu gün Brüsseldə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin sədrliyi ilə iclas keçirəcək.

İclasın əvvəlində Avropa İttifaqının xarici işlər nazirləri onlayn rejimdə ABŞ dövlət katibi Antoni Blinkenlə fikir mübadiləsi aparacaqlar.

Şura daha sonra onlayn rejimdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə fikir mübadiləsi aparacaq və Rusiyanın Ukraynaya təcavüzünü müzakirə edəcək.

Görüşdə Belarus və Yaxın Şərqdəki vəziyyətin də müzakirə olunacağı qeyd edilir.

“Cari məsələlər çərçivəsində Ali Nümayəndənin Azərbaycan və Ermənistan məsələlərinə, bu iki ölkə arasında münasibətlərin normallaşması prosesinə və Aİ-nin Ermənistana dəstəyinə toxunacağı gözlənilir”, - Şuradan bildirilib.

Müəllif: Ayna.az