Rumıniyaya gedən nasaz gəmi Sarıyer-Böyükdərə lövbər zonasında lövbər salıb
İstanbulun Bosfor boğazında quru yük gəmisində nasazlıq yaranması səbəbindən dayandırılan gəmilərin hərəkəti bərpa edilib. Bu barədə AYNA Türkiyə mediasına istinadən xəbər verir.
Məlumatda bildirilib ki, sahil mühafizə qrupu tərəfindən yük gəmisi Sarıyer-Böyükdərə lövbər zonasında lövbər salıb. Bundan sonra gəmilərin boğaz boyu hərəkəti normallaşıb.
Qeyd edək ki, Türkiyə Sahil Mühafizə İdarəsi məlumat vermişdi ki, Sultan Səlim Yavuz körpüsü yaxınlığında Rumıniyaya gedən quru yük gəmisinin sıradan çıxması səbəbindən Bosfor boğazı ilə hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.
Xatırladaq ki, Bosfor boğazı Qara dənizi Mərmərə və Ege dənizi ilə birləşdirir və dar qitələrarası boğazdır. Onun uzunluğu təqribən 30 kilometr, boğazın maksimal eni şimalda 3700 metr, minimum eni 700 metrdir. Türkiyənin İstanbul şəhəri boğazın hər iki tərəfində yerləşir.