“Bennett Əfqanıstana qarşı dezinformasiya və təbliğat yayır və ölkədə insan haqları pozuntularının miqyasını şişirdir”
Taliban hökuməti BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Riçard Bennetin Əfqanıstana girişini qadağan edib. AYNA xəbər verir ki, bu barədə yerli “Tolo” xəbər kanalına Taliban administrasiyasının nümayəndəsi bildirib.
Rəsmi bildirib ki, Bennett Əfqanıstana qarşı “dezinformasiya və təbliğat” yayır və ölkədə insan haqları pozuntularının miqyasını şişirdir.
BMT-də təyin olunduğu vaxtdan bəri Bennet vəziyyəti qiymətləndirmək üçün mütəmadi olaraq Əfqanıstana səfərlər edir. Bu yay Əfqanıstanın Xarici İşlər Nazirliyi ona viza verməkdən imtina edib və sonrakı səfərlərə qadağa qoyulduğunu elan edib.
Bennet Əfqanıstanda insan haqlarının pozulmasını, xüsusilə qadınların hüquqlarını, siyasi opponentlərin və dini azlıqların təqibini kəskin tənqid edir. Bennett ölkədə qadın hüquqlarının pozulmasını “gender aparteidi” kimi qiymətləndirir və onları insanlığa qarşı cinayət kimi təsnif edir.
Taliban sözçüsü Zabihullah Mücahid onun qiymətləndirmələrini “təbliğat” adlandırıb. Mücahid iddia edir ki, Taliban “İslam qanunları və əfqan ənənələrindəki anlayışlarına uyğun olaraq” qadınların hüquqlarına hörmət edir və onları müdafiə edir.