Maraqlı həyatının bütün mərhələlərində həm öyrənmiş, həm də öyrətmişdir Rafael müəllim
Bir deyim var: “On barmağında on marifet”. Bacarıqlı adamın tərifini türklər belə verirlər.
İnsanın çoxyönlü olduğunu, çeşidli sahələrdə istedadını göstərmək üçün istifadə edirlər bu deyimdən. Hər işi ustalıqla, yaradaraq, yarıdaraq və ən əsası, sevgi ilə görənlərə deyirlər…
Mən Rafael Hüseynovu tanıyanda o hələ filologiya elmləri doktoru, professor, akademik deyildi, hələ Nizami adına Ədəbiyyat Muzeyinin direktoru kimi də fəaliyyət göstərmirdi, heç millət vəkili də olmamışdı hələ. Amma elə o illərdə də indiki kimi hiperaktivdi, indiki kimi çalışqan, zəhmətkeş idi. Milli idi, həm də çox milli. Erudisiyası və intellekti, Ana dilinə hakim olması, nitqi, yazdığı mətnlərlə diqqət çəkirdi. Fərqli idi çox.
O illərdə Mark Tulli Siseron haqda bir kitab oxuyurdum. Eramızdan əvvəl yaşamış dövlət xadimi, filosof Siseron qədər Avropa mədəniyyətinə təsir edən ikinci bir mütəfəkkir yoxdur, latın dilinin fəlsəfə dili olması onun xidmətləri sayəsində olmuşdur. O, Qərb sivilizasiyasının ən nəhəng simalarından biridir. Ancaq çoxumuz Siseronu bəşər tarixinin ən əzəmətli natiqi kimi tanıyırıq.
Kitabı dostlarla müzakirə edəndə onlardan biri “Ana dilimizdə ən yaxşı, ən təmiz kim danışır?” deyə soruşanda Rafael müəllimin adını çəkmişdim. O, zəngin söz dağarcığı, dilinin sadəliyi ilə yanaşı elmiliyi, məharətli keçidləri, səlis və obarzlı danışığı ilə natiqliyi sənət halına gətirmişdi. Ana dilimizin bütün çalarlarından belə ustalıqla istifadə edəni ilk dəfə onda görmüşdüm.
Siseronun parlaq siyasi karyerasında onun natiqlik istedadı əhəmiyyətli rol oynamışdır. Romanın respublika quruluşunu bu bacarığı sayəsində qorumuş, respublikanın əsaslarını müdafiə etməyə həsr etmişdi. Rafael müəllimi Siseronla müqayisə etmişdim, deyəsən. Bizim dövrün gəncləri onun bəlağətinə heyrandıq. Dilimizin təntənəsinin həsrətindəydik.
Maraqlı həyatının bütün mərhələlərində həm öyrənmiş, həm də öyrətmişdir Rafael müəllim. Onlarla kitab, yüzlərlə elmi, publisistik məqalə, minlərlə radio və tv proqramı hazırlamışdı. Gənclik illərimdən onu “Rafael müəllim” deyə çağırıram. Ancaq bu münasibətlərimizə rəsmiyyət gətirməmiş, əksinə, Rafael müəllimin sadəliyi, təvazökarlığı, hər dəqiqə, hər an ünsiyyətə açıq olması illər keçdikcə dostluğumuza bir ağayanalıq gətirdi. Yəqin elə o ağayanalıqdandır ki, zamanla ona “Ağabəy” demək daha çox xoşuma gəlməyə başladı. O isə məni uzun illərdir “Əziz İbrahim” deyə çağırır…
Bir dəfə Rafael müəllimə Alber Kamyunun “Arxamdan gəlməyin - yolu göstərə bilmərəm birdən, önümdə getməyin - birdən sizə çata bilmərəm, yanımda yeriyin və arkadaşım olun” sözlərini xatırladanda təbəssüm edərək Həzrəti Əliyə aid mətnlərin toplandığı “Nəhcü'l-Bəlağa” (Bəlağət Yolu) kitabında bənzər bir fikir olduğunu söylədi: “Bizdən qabaqda gedənlər bizi gözləyəcək. Bizim ardımızca gələnlər özünü bizə çatdıracaq. Çünki yolumuz Haqq yoludur”. Rafael müəllimin əngin mütaliəsi bu dərəcədə heyrətamizdir. Zatən Alber Kamyu ilə “Nəhcü'l-Bəlağa” arasında ancaq onun kimi bir bilgə insan paralel qura bilərdi.
Əziz Ağabəyimizin dadına doymadığımız söhbətlərindən zaman-zaman yazır və paylaşıram. Çünki ağıllı insanlar və onların əsərləri, çıxışları, sözləri bizim dünyaya baxışımızı formalaşdırır. Belə insanların intellektual əməyinin nəticələri təsirli olur, insanları elmlə məşğul olmağa sövq edir. Bu səbəbdən də onlar Milli Sərvətdirlər…
Bu gün akademik Rafael Hüseynovun doğum gündür. Orta yaşın ilk yuvarlaq yubileyidir.
Bir neçə gün əvvəl ona telefonda çox çətin vəziyyətdə olduğumu söylədim. Səbəbini soruşanda dedim ki, heç vaxt dostlarınıza olan sevgini əsirgəmir, bunu hər durumda bəlli edir, bizə özəl günlərimizdə özəl mətnlər yazırsız, bəs indi sizin yubileyinizə mən nə yazım ki, hörmətimi, izzətimi ifadə edə bilim.
”Nəfəsin yetər, əziz İbrahim” deyə cavab verdi qısaca…
Yubileyiniz mübarək olsun, Ağabəy!
Ana dilini, dövlətini, millətini, mədəniyyətini sevənlər, gələcəyin elmlə gələcəyini qavrayanlar ardınızca gəlib özünü sizə çatdırmağa çalışacaq. Odur ki, çox yaşayın!