Biz bu canavarlarla eyni havanı necə uduruq – Ayılın, zombilər

Cəmiyyət

16.03.2022 - 13:15

Və ya rus bayrağında azərbaycansayağı sinizm

Ukraynadakı müharibə planetdə demək olar ki, heç kəsi biganə qoymadı. Dünya iki yerə bölünüb: kimsə işğalçıları dəstəkləyir, kimsə vətənini müdafiə edənləri. Ancaq ikincilər, əlbəttə ki, daha çoxdur. Birincilərin öz fövqəltəbii, abstrakt və “sirli” arqumentləri var. Ukrayna tərəfdarları isə öz arqumentlərində çox sadədirlər: bu, suveren ölkədir və bu dövlətin tərkibində yaşayan insanlar öz müqəddəratlarını həll etməkdə azaddırlar.

Ancaq rusiyapərəstlər ağılın səsinə qulaq asmaq fikrində deyillər. Və təəssüflə deyək ki, Azərbaycanda da belə azmış beyinlər kifayət qədərdir. O Azərbaycanda ki, 30 ildir separatizmdən əziyyət çəkir, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyünə hörmət prinsipi ilə 30 ildir öz mövqeyini dünya ictimaiyyətinə sübut edir. Bura 30 il ata-baba torpaqlarının işğalından əziyyət çəkmış və hələ də əziyyət çəkən bir ölkədir. Bax, elə həmin Azərbaycanın bəzi vətəndaşları öz çürük prinsiplərinə haqq qazandırmaq alovunda sinizmə yuvarlanmaqdan da çəkinmirlər.

Necə deyərlər, rus rənglərində Azərbaycan sinizmi. Bu sinizm nədə təzahürü edir? Bu suala cavab vermək üçün sosial şəbəkələrdə o qədər də dərin olmayan monitorinq aparmaq kifayətdir.

Budur, dünya xəbər agentlikləri Ukraynada doğum evinə raket hücumu barədə məlumat verir. Foto materiallar əlavə olunur. Ən yüksək dərəcədə vəhşilikdən başqa buna nə ad vermək olar? Amma elələri tapılır ki, “Ukrayna yalanlarını üzə çıxarmaqda” hətta Kremlin təbliğat maşınını belə, “üstələmək” vəcdindədirlər. Daha hansı "arqumentlər" fikirləşmirlər ki - "Ukrayna təhlükəsizlik qüvvələri doğum evinin yaxınlığında yerləşdirilib", "doğum evinin həyətində tanklar var idi", "şəkildəki hamilə qadınlar bir növ qeyri-təbiidir", "fotoşəkil çox güman ki, montaj edilib" və "ölənlərin sayı  şişirdilib”...

Aman Allah! Düzünü desəm, bu, artıq sinizm yox, başqa bir şeydir... Mən bu fikri sadəcə inkişaf etdirmək istəmirəm, çünki çoxları bunu təhqir hesab edəcək. Axı, bu "pinkerton"ların heç biri özü-özünə belə sual verməyəcək ki: niyə Ukrayna doğum evinin özü ümumiyyətlə, raket atəşinə məruz qalmalıdır ki, başqası montaj edilmiş fotoşəkillər çəksin? Niyə bombalar dinc məhəllələrə düşməlidir? Bəs rus işğalçılarının Ukrayna torpaqlarında nə iti azıb? Axı, cəmi bir ay əvvəl belə bir şey yox idi, Ukraynada hər şey sakit və gözəl idi, vətəndaşlardan heç biri ölmür, “xilasedicilərin” bombalarından zirzəmilərdə gizlənmirdi!

Adamda nə qədər insanlığa nifrət hissi olmalıdır ki, dağılmış şəhər və kəndlərə ağıllı-ağıllı baxıb “Öz günahlarıdır! Artisti prezident seçəndə fikirləşərdilər!” desin...?

Və yenə də ağlın səsi susur. Çünki əksinə olsaydı, o, şübhəsiz ki, onların qulağına pıçıldayardı: “Ukraynalılardan sizə nə var?! Bu, onların ölkəsidir, bu, onların vətənidir, bu, onların prezidentidir və bu, onların seçimidir!”.

Sosial şəbəkələrdə bir fotoşəkil "ifşa olunanda" rusiyapərəst zombilər çox güclü səs-küy yaratdılar: deyirlər ki, sən demə, şəkildəki ukraynalı qaçqın - uşaq, sərhədi tək keçməyib, qohumları arxasınca gəlirmiş. Görürsünüz, biz nə qədər ağıllıyıq! Və yenə də heç kim özü-özünə sual verməyəcək: niyə bu uşaq əslində ailəsi ilə birlikdə olsa da, harasa qaçmalı idi? Axı o, Putinin “xilasediciləri”nin simasında şərqdən bəla gələnə qədər öz isti evində rahat oturmuşdu.

Məgər bu və minlərlə digər ukraynalı uşaq yaxşı bir həyatdan şiddətli qış şaxtalarında bilinməyən gələcəyi qarşılamaq üçün öz əşyaları ilə Qərbə gedirlər? Məgər onları Zelenski, yoxsa “banderaçılar” öz doğma torpaqlarından qovub? Xeyr, bunu edənlər qarşılarına çıxan hər şeyi od və dəmirlə yandıran “xilasedicilər”dir.

Ən dəhşətlisi və təəccüblü olanı isə Ukrayna hadisələrinin şərhlərində azərbaycanlıların ifasında ironiya və sarkazm görməkdir. Allaha şükür ki, belələri azlıqdadır. Cənablar! Siz bu nöqtəyə necə gəldiniz? Yer üzündə hardasa günahsız insanlar - qadınlar, qocalar, uşaqlar ölürkən, siz nəinki ironik ola bilərsiniz, hətta biganə belə qalmaq olarmı? Qatili necə lənətləməyəsən? Bu canavarlarla necə bərabər dayana bilərsən?

Və bunu, siz – bacı-qardaşlarını ermənilərin Xocalıda amansızcasına yandırıb qırğına çıxardığı insanlar edir!? Özünüzə gəlin! Sadəcə bir sadə suala cavab verməyə çalışın: bu müharibədə təcavüzkar kimdir və təcavüzün subyekti kimdir. Və bəlkə, bununla buzlar qırılacaq...

P.S. Həyatın bumeranq olduğunu tez-tez eşidirik. Və yuxarıdakı sinizm hallarının fonunda bunu dərk etdikdə, adamın tükləri biz-biz olur. Səhvinizi başa düşmək üçün həqiqətənmi bütün bunları öz canınızda yaşamanız lazımdır? Amma bu siniklər bizim yanımızda, eyni şəhərdə, eyni kənddə yaşayırlar. Deməli, həmin bumeranq qayıtsa... Allah eləməsin!

Müəllif: Vüsal Əliyev