"Bir-birimizi qorumaq üçün birləşmişik” - NATO-dan BƏYANAT

Dünya

24.02.2022 - 15:54

Həkimlər Klinikalar SEO Xidməti

"Rusiya çox ciddi iqtisadi və siyasi bədəl ödəyəcək"

NATO Rusiyanın Ukraynaya hücumunu ən sərt şəkildə pisləyib. “Fikirlərimiz bütün ölü və yaralılarla, Ukrayna xalqı ilədir. Biz həmçinin Belarusu bu hücuma icazə verdiyinə görə qınayırıq”, - AYNA xəbər verir ki, NATO-nun saytında yerləşdirilmiş bəyanatında qeyd edilib. 

Sənəddə vurğulanıb ki, Rusiyanın Ukraynaya hücumu beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır və Rusiyanın Helsinki Yekun Aktı, Paris Xartiyası, Budapeşt Memorandumu və Rusiya-NATO-nun təsis aktından irəli gələn öhdəliklərinə tamamilə ziddir. 

NATO vurğulayıb ki, bu, müstəqil dinc ölkəyə qarşı təcavüz aktıdır: “Biz Ukrayna xalqını və onun qanuni, demokratik yolla seçilmiş prezidentini, parlamentini və hökumətini dəstəkləyirik. Biz həmişə Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, o cümlədən ərazi suları daxilində ərazi bütövlüyünü və suverenliyini dəstəkləyəcəyik".

NATO Şurası Rusiyanı hərbi əməliyyatları dərhal dayandırmağa və bütün qüvvələrini Ukrayna və onun ətrafından çıxarmağa, beynəlxalq humanitar hüquqa tam hörmət etməyə, ehtiyacı olanların hamısına təhlükəsiz və maneəsiz humanitar çıxışı və yardımı təmin etməyə çağırıb: “Rusiyanın Ukraynanın şərqindəki işğal olunmuş ərazilərinin tanınmasını genişləndirmək qərarını qətiyyətlə pisləyirik. Bu, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü daha da pozur və Rusiyanın imzaladığı Minsk razılaşmalarına ziddir. Müttəfiqlər bu qeyri-qanuni tanınmanı heç vaxt qəbul etməyəcəklər. Biz ən sərt şəkildə Rusiyanı seçdiyi zorakılıq və təcavüz yolundan dönməyə çağırırıq. Rusiya liderləri öz hərəkətlərinin nəticələrinə görə tam məsuliyyət daşımalıdırlar. Rusiya çox ciddi iqtisadi və siyasi bədəl ödəyəcək. NATO müvafiq maraqlı tərəflər və digər beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı ilə sıx əlaqələndirməni davam etdirəcək".

"Bütün bu böhran ərzində NATO, NATO ölkələri və tərəfdaşlarımız Rusiya ilə diplomatiya və dialoqu ən yüksək səviyyədə davam etdirmək üçün hər cür səy göstərmiş və Avro-Atlantik regionun bütün ölkələrinin təhlükəsizliyini gücləndirmək üçün bir çox mühüm təkliflər irəli sürüblər. Biz dəfələrlə Rusiyanı Rusiya-NATO Şurasında danışıqlara dəvət etmişik. Rusiya hələ də qarşılıq verməyib. Rusiya yalnız eskalasiyanı seçib”, - NATO-nun bəyanatında deyilir.

Bildirilib ki, Rusiyanın hərəkətləri Avro-Atlantik təhlükəsizliyə ciddi təhlükə yaradır və onların geostrateji nəticələri olacaq: "NATO bütün NATO ölkələrinin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün lazımi tədbirləri görməyə davam edəcək. Biz Alyansın şərq hissəsində əlavə müdafiə quru və hava qüvvələri, eləcə də əlavə dəniz aktivləri yerləşdiririk. NATO bütün gözlənilməz vəziyyətlərə cavab vermək üçün qüvvələrin hazırlığını artırıb. Bu gün biz Vaşinqton müqaviləsinin 4-cü maddəsi üzrə məsləhətləşmələr apardıq. Biz bütün NATO dövlətlərini qorumaq üçün müdafiə planımıza uyğun olaraq, Alyans miqyasında çəkindirmə və müdafiəni daha da gücləndirmək üçün əlavə addımlar atmağa qərar verdik. Tədbirlərimiz qabaqlayıcı, mütənasib və qeyri-eskalator idi və belə də qalır. Vaşinqton müqaviləsinin 5-ci maddəsinə öhdəliyimiz sərtdir. Biz bir-birimizi qorumaq üçün birləşmişik”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş