Bərdədə 23 yaşlı qızın qaçırılması ilə bağlı cinayət işi açılıb

Xəbərlər

24.04.2024 - 13:45

2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib

Bərdədə 23 yaşlı qızın qaçırılması ilə bağlı cinayət işi açılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd olunub ki, fakta görə Bərdə RPŞ-də Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi qaldırılıb. İstintaq tədbirləri davam etdirilir.

Qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib.

Qeyd edək ki, aprelin 23-də Bərdə rayonunun Uğurbəyli kənd sakini, 2001-ci il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolunun kənarından həmkəndlisi, 45 yaşlı Fərhad Rzayev tərəfindən evlənmək məqsədilə qaçırılmışdı.

Oxu.az qaçırılan 23 yaşlı qızın tapılaraq ailəsinə təhvil verilməsi ilə bağlı bəzi detalları öyrənib. Uğurbəyli kənd bələdiyyəsinin sədri Kazım Hüseynov bildirib ki, qız 45 yaşlı şəxs tərəfindən məcbur olaraq qaçırılıb: “Qaçırılan qız gecə saatlarında ailəsinə təhvil verilib. Qız ailəsinə qayıtmaqla bağlı oğlanla razılığa gəlib və axşam saatlarında izahat yazıb ki, onu məcbur olaraq qaçırıblar. O bildirib ki, onu dörd nəfər yox, iki nəfər - 45 yaşlı kişi və bir nəfər sürücü qaçırıb. Həmçinin qız şikayətçi olmadığını da bildirib. Əlavə edib ki, ona qarşı heç bir fiziki və cinsi təzyiq göstərilməyib”.

Bələdiyyə sədri əlavə edib ki, bundan sonra ailələr arasında barışıq gözlənilmir. Qızın yaxınları ilə oğlan tərəfin ailə üzvləri arasında heç bir mübahisə yaşanmayıb.

Müəllif: Ayna.az