Millimiz çempionatı 2 bürünc medalla başa vurub
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı başa çatıb. AYNA xəbər verir ki, İslam Bazarqanov (61 kq) 1/8 finalda iranlı Reza Atrinaqarçiyə uduzub - 0:4. Rəqib finaladək irəlilədiyi üçün Bazarqanov təsəlliverici görüşlərə çıxıb.
İlk qarşılaşmada Şimali Makedoniya təmsilçisi Bəşir Əlidən güclü olan (5:1) İslam növbəti görüşdə bolqarıstanlı Georgi Vangelovla bacarmayıb - 0:4.
Hacı Əliyev (65 kq) 1/8 finalda argentinalı Aqustin Destribatsdan 6:1 hesabı ilə üstün olub. Yığmanın kapitanı 1/4 finalda özbəkistanlı Abbas Rəhmanovdan güclü olub - 10:3. Titullu güləşçimiz yarımfinalda iranlı Rəhman Amuzadxəliliyə 2:9 hesabı ilə məğlub olub. Əliyev bürünc medal uğrunda macarıstanlı İsmayıl Musukayevlə qarşılaşıb və 2:4 hesabı ilə məğlub olaraq yarışı 5-ci pillədə başa vurub.
Maqomedxan Maqomedov (97 kq) 1/8 finalda almaniyalı Erik Tieleyə qalib gəlib - 11:4. Avropa çempionumuz 1/4 finalda amerikalı dünya və olimpiya çempionu Kayl Snayderə müqavimət göstərə bilməyib - 0:10. Ancaq rəqib finala yüksəldiyi üçün Maqomedov təsəlliverici görüşə çıxıb və polşalı Zbiqniev Baranovskiyə tam üstünlüklə (11:0) qalib gəlib.
Maqomedxan 3-cü yer uğrunda iranlı Məhəmmədhüseyn Məhəmmədianla mübarizə aparıb. Rəqibinə "tuşe" ilə qalib gələn M.Maqomedov dünya üçüncüsü olub.
Beləliklə, sərbəst güləş millimiz DÇ-ni ötən il olduğu kimi, 2 bürünc medalla başa vurub.