Bayden: “Trampın əraziləri təhvil vermək üçün Kiyevə təzyiqi Moskvanı qane etməyəcək”
“ABŞ Prezidenti Donald Trampın ərazilərin Rusiyaya verilməsi üçün Ukraynaya təzyiqi Moskvanı heç vaxt qane etməyəcək”. AYNA.AZ “Reuters”ə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş Prezidenti Co Bayden deyib.
Ağ Evin sabiq rəhbəri indiki Amerika liderini Rusiya tərəfini sakitləşdirmək istəməkdə ittiham edib.
Bayden Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı “Ana Rusiya”nın bir hissəsi hesab etdiyini söyləyib və “dayanacağını düşünən” hər kəsi axmaq adlandırıb.
“Mən sadəcə başa düşə bilmirəm ki, insanlar necə düşünə bilirlər ki, bir diktatora, quldura ona məxsus olmayan böyük torpaq sahələrini ələ keçirməyə icazə vermək onu qane edəcək”, - siyasətçi deyib.
Bayden Avropanın Amerikanın etibarlılığına və liderliyinə inamını itirəcəyi ilə bağlı narahatlığını da dilə gətirib.