Baş Prokurorluqdan ağac kəsənlərə XƏBƏRDARLIQ

Xəbərlər

21.01.2022 - 18:19

İki rayonda və bir şəhərdə ağac kəsintisi ilə bağlı cinayət işi açılıb

Müxtəlif ərazilərdə ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırmalar aparılıb. 

Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, aparılan araşdırmalar nəticəsində İsmayıllı və Goranboy rayonlarında, həmçinin Şirvan şəhərində qanunvericiliyin tələblərinə əsasən dövlət qurumlarının və bələdiyyələrin yaşıllıqların mühafizəsinə yönəlmiş nəzarət və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə əlaqədar üzərilərinə düşən vəzifələrin yerinə yetirilməməsi, habelə aidiyyəti vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində ümumilikdə 56 ədəd ağacın qanunsuz kəsilərək təbiətə 14 630 manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq aidiyyəti üzrə İsmayıllı və Xocalı rayon, o cümlədən Şirvan Şəhər Prokurorluğuna göndərilib. Hazırda cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. 

"Azərbaycan Respublikası Baş Prokurorluğu vətəndaşlarımızdan yaşıllıqların mühafizəsi ilə əlaqədar qanunvericiliyin tələblərinə dönmədən riayət edilməsini, zəruri hallarda müvafiq icazələrin alınması üçün səlahiyyətli dövlət qurumlarına müraciət edilməsini tövsiyə edərək qeyd edir ki, ətraf mühitin mühafizəsi sahəsində qanun pozuntularına yol verilməsi hallarına qarşı bundan sonra da ən ciddi mübarizə tədbirləri davam etdiriləcəkdir", - deyə qeyd edilib.

Müəllif: Ayna.az