Türkiyə klubu Fatini icarəyə götürmək təklifi ilə artıq “Barselona”ya müraciət edib
"Barselona"nın hücumçusu Ansu Fati "Real"ın sabiq baş məşqçisi Joze Mourinyonun rəhbərlik etdiyi Türkiyənin "Fənərbağça" klubuna keçə bilər. AYNA xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Rudi Qaletti məlumat verib.
Bildirib ki, Türkiyə klubu Fatini icarəyə götürmək təklifi ilə artıq “Barselona”ya müraciət edib. Bir şərtlə ki, kataloniyalılar futbolçunun icarə müddətində maaşını ödəmək öhdəliyinin bir hissəsini öz üzərinə götürsünlər. Tezliklə danışıqların yeni raundunun keçiriləcəyi bildirilir.
Xatırladaq ki, ötən mövsüm Ansu Fati “Brayton”da icarə əsasında 30 oyun keçirib. Bu oyunlarda 4 qol vurub və bir məhsuldar ötürmə edib. 2023-cü ilin sentyabrında ispaniyalı "Barselona"dan icarə əsasında "Briayton"a keçib, halbuki müqavilədə oyunçunun alınması ilə bağlı bəndin olmadığı qeyd edilib.
“Transfermarkt” internet portalının məlumatına görə, hücumçunun təxmini dəyəri 25 milyon avrodur.