Azərbaycan insanı və mədəni abidələri erməni vandalizminin qurbanı olanda susanlar, bu gün ermənilərin müdafiəsini qalxıblar
Xütbə oxumazdan əvvəl qaydalara əməl etməlisiniz. Bu sadə həqiqət yəqin ki, Dağlıq Qarabağın mədəni və tarixi irsi barədə UNESCO-ya açıq məktub yazan rus mədəniyyət, ictimai və siyasi xadimlərinin ağlına belə, gəlməyib. Bəzilərinin adlarını sadalayacağam: rejissorlar Aleksandr Sokurov, Aleksey German və Eduard Boyakov, dirijorlar Vladimir Spivakov və Teodor Kurrentzis, aktyorlar Anatoliy Belıy, Yulia Aug və Konstantin Kryukov, musiqiçi Boris Qrebensçikov, yazıçı Zaxar Prilepin və başqaları.
Məktubun həqiqiliyi cümə axşamı teleaparıcı Satenik Zarevna Spivakova (qızlıqda Şakayants) tərəfindən təsdiqləndi. “Mən bu məktubun təşəbbüskarlarından biriyəm. Biz siyasi vəziyyəti qiymətləndirmirik. Başa düşürük ki, hazırda Dağlıq Qarabağ ərazisində yerləşən əsas tarixi dəyərlər Rusiya sülhməramlılarının himayəsindədir. Ancaq abidələr çoxdur və onların hamısının qorunub-saxlanacağına dair heç kimdə əminlik yoxdur”, - deyə Sati Spivakova izah etdi.
Onun sözlərinə görə, imzalayanların əsas məqsədi tarixi irsin qorunmasına kömək etmək, mümkün məhv və vandalizm aktlarının qarşısını almaqdır. “Abidələrin UNESCO-nun qorunması altına alınması üçün bu barədə məlumatlı olmaları vacibdir”, - deyən Spivakova, müraciətin yüzdən çox insan tərəfindən dəstəkləndiyini qeyd etdi. Beləliklə, Satenik Zarevnanın iddiasının əksinə olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrinə siyasi qiymət verildi.
Bu, həmin münaqişədir ki, nəticədə ölkəmizin ərazisinin 20%-i 30 ilə yaxın erməni işğalı altında qaldı. Bu, həmin müharibədir ki, bunun nəticəsində, hətta, ilk Qarabağ müharibəsində 20 minə yaxın azərbaycanlı öldürüldü, 100 mindən çox insan yaralandı və Azərbaycanda, təxminən 1,5 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə gəldi.
Bu müddət ərzində erməni işğalının sona çatması BMT və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qətnamələri ilə tələb olunurdu. Ancaq hamısı boşa çıxdı. Və yalnız indi Azərbaycan tərəfinin həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi, Azərbaycan mədəniyyətinin beşiyi - Şuşa şəhəri və ölkəmizin əvvəllər işğal olunmuş digər əraziləri azad edildi.
Bütün bu illər ərzində Satenik Zarevna və UNESCO-ya müraciəti imzalayanların hamısı “qəhrəmanlıqla” susdular, heç bir şəkildə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ələ keçirilməsini pisləmədilər. Vaxtilə çiçəklənən Ağdamın Qafqaz Xirosimasına çevrilməsindən əsla qəzəblənmədilər. Erməni qəsbkarlarının güllələdiyi və matalloma gedəcək, amma bir möcüzə nəticəsində xilas edə bildiyimiz Üzeyir Hacıbəyov, Bülbül və Natəvanın abidələrini görməzdən gələrək, ağızlarına su aldılar.
Bundan əlavə, Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-a yaxın mədəniyyət və tarixi abidə məhv edilib. Namaz evləri və məscidlər təhqir edilib və dağıdılıb, nadir əlyazmalar məhv olub. Bunlar arasında kitabxana və Pənahəli xanın sarayı, Xansaray və karvansara, Yuxarı və Aşağı Gövhərağa məscidləri, Saatlı məscidi, Vaqifin məqbərəsi, Natəvanın evi, Bülbülün ev-muzeyi var.
Bütün bu imza müəllifləri o zaman susdular, baxmayaraq ki, erməni tərəfində açıq-aşkar vandalizm faktları mövcud idi. Ermənistan Respublikasının üçüncü Prezidenti Serj Sarkisyan tərəfindən belə, etiraf edilən Xocalıdakı mülki Azərbaycan əhalisinin soyqırımını da xatırlaya bilərsiniz. Yuxarıda qeyd olunan UNESCO-ya müraciət edənlər bu fakta qarşı da nədənsə öz hiddətlərini ifadə etmədilər. Ermənistanın ikinci Prezidenti Robert Köçəryanın “Ermənilər və azərbaycanlıların genetik uyğunsuzluğu” barədə faşist ifadələrindən sonra da susdular.
Erməni tərəfi Bərdə və Gəncənin mülki əhalisini bombaladıqda, nəticədə uşaqlar, qocalar və qadınlar öldükdə də susdular. Zəngilanda və ölkəmizin erməni işğalından azad edilmiş bir çox bölgəsindəki məscidlərin heyvan tövləsinə çevrildiyi aşkar edildikdən sonra da susurlar. İşğal olunmuş Azərbaycan ərazilərindən çıxan ermənilərin meşələri necə yandırdığını, ağacları kəsdiyini, minaladıqlarını bütün dünya görəndə bu xanımlar və cənablar səs vermirlər. Ümumiyyətlə, özlərini əsl barbar və terrorçu kimi aparırlar.
Bu, Satenik Zarevnanın və onun istəyi ilə UNESCO-ya açıq məktub yazanların qərəzliliyini sübut edir. Əvvəllər, erməni tərəfi torpaqlarımızın işğalı zamanı yoluna çıxan hər şeyi vəhşicəsinə məhv etdikdə də bu məktubu yazmaq lazım idi. O zaman bu xanımlara və bəylərə ölkəmizdə münasibət fərqli olardı. İndi onlar erməni tərəfini qurban kimi təqdim edərək qələbəmizin dəyərini azaltmağa çalışan informasiya cəbhəsinin döyüşçüləri kimi çıxış edirlər, baxmayaraq ki, dörddə bir əsrdən çoxdur ki, işğal altında olan Azərbaycan torpaqlarında ermənilər yaşayırlar.
Üstəlik, burada məsələ yalnız məktublarla bitmir. Bildiyiniz kimi, Vladimir Spivakov və Teodor Kurrentzis, Ermənilər Assambleyasının humanitar təşəbbüsünə qoşularaq, “Artsaxın uşaqlarına” kömək üçün vəsait toplamaq məqsədi ilə qarşıdakı konsertdən qazanacaqları qonorarlarını onların fonduna köçürdülər. Eyni zamanda, heç biri Şuşanın, Ağdamın, Xocalının və ölkəmizin əvvəllər işğal olunmuş digər ərazilərinin övladlarına heç vaxt yardım göstərməyib. Və sözügedən məktub, humanizm haqqında ümumiyyətlə qəbul edilmiş, ümumbəşəri prinsiplərə əməl etməyənlərin bu barədə moizə oxumağa çalışmalarının bariz nümunəsidir.
Maraqlıdır ki, həmin Spivakov dəfələrlə Bakıda qonaq olub. Dahi Niyazi ilə birgə konsertləri xatırlamağı və Azərbaycan paxlavasının ləzzəti barədə danışmağı sevir. Üstəlik, keçən il Bakıda, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Azərbaycandakı “Rossotrudniçestvo”nun Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) ilə birlikdə Vladimir Spivakovun 75 illiyinə həsr olunmuş bir konsert də təşkil edildi. Bəli, həmin Spivakovun ki, indi həyat yoldaşının təşəbbüsü ilə azərbaycanlıları “barbar”, erməniləri isə “günahsız qurban” kimi təqdim edir. Ümid edirəm ki, bütün bunlardan sonra həmin aksiyanın təşkilatçıları, heç olmasa, utanacaq və ölkəmizə qarşı informasiya müharibəsində fəal iştirak edənlərin heç biri artıq Azərbaycana buraxılmayacaq...