Bakıda məktəbdə yanğın: 80 nəfər təxliyə edilib

Hadisə

07.01.2022 - 11:21

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub

Bakıda yanğın baş verən məktəbdə 80 nəfər şagird və işçi heyət təhlükəsiz əraziyə təxliyə olunub. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Suraxanı rayonunda üçmərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan otağın döşəməsi 4 m² sahədə, 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və içərisindəki əşyalar (divan, kreslo, kompüter, kondisioner) yanıb, yüksək temperaturdan yumşaq mebel dəsti qarsalanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş otaqlardan 80 nəfər şagird və işçi heyət təhlükəsiz əraziyə təxliyə olunub.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Müəllif: Ayna.az