Onların üzərindən və yaşadıqları mənzillərdən külli miqdarda narkotik maddə aşkarlanıb
Bakının Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakinləri Anar Məmmədov, Orxan Əbilov, Orxan Fətəliyev, Fərid Əliyev, Ülvin Səfərov və Azər Oruczadə saxlanılıblar. Onların üzərindən və yaşadıqları mənzillərdən külli miqdarda, yəni bir kiloqramdan çox metamfetamin və heroin aşkarlanıb.
Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdən birinin vətəndaşının təsiri altına düşərək onun üçün ölkə ərazisində narkokuryerlik etdikləri və həmin şəxsin qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub. Həmin şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Bu şəxslərin hər biri barəsində polis idarəsinin istintaq şöbəsində araşdırmalar başlanılıb. Onlar tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.
Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşası, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.