“Azərbaycanın KTMT-də himayədarlara ehtiyacı yoxdur”

Siyasət

11.01.2022 - 13:20

Rus-erməni təbliğatı iş başında: guya, Bakı böyük bir hamisini itirib...

“Nursultan Nazarbayevin təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Azərbaycan ən yaxşı himayədarını itirir”. Bunu “Sputnik”ə Ermənistanın Qazaxıstandakı keçmiş səfiri Ara Saakyan deyib.

Qeyri-rəsmi səviyyədə və mediada Azərbaycan KTMT-nin Qazaxıstandakı vəziyyətə müdaxiləsini mənfi qarşılayıb.

"Azərbaycan ən yaxşı himayədarını - Nursultan Nazarbayevi itirir. Bakı tez (indi bunu edirlər) islahatlar aparmalı, Qazaxıstanla siyasətinə yenidən baxmalıdır", - deyə Saakyan bildirib.

Onun sözlərinə görə, Azərbaycan başa düşür ki, çox vacib nəsə baş verir və onlar prosesdən kənara çıxırlar: “Bakının qarşısında duran vəzifə Qazaxıstanı heç bir şəkildə itirməməkdir. Ankara da eyni problemlə üzləşir”.

Maraqlıdır, təbii ki, mülahizələrdə erməni diplomatın demədiyi bircə şey var - Azərbaycanın ümumiyyətlə, KTMT-də hər hansı himayədara nə ehtiyacı var? Bu, o qədər də super nüfuzlu beynəlxalq təşkilat deyil ki, belə şeylər haqqında fikirləşək. Bundan əlavə, ikitərəfli səviyyədə Azərbaycanın bu assosiasiyanın əksər üzvləri ilə münasibətləri dostluq olmasa da, kifayət qədər bərabərdir, normaldır. Deməli, diplomat Saakyanın dediklərinin heç bir əsası yoxdur və bu, artıq onun peşəkarlığının hansı səviyyədə olduğunu göstərir.

Ola bilsin ki, o, belə sözlərlə erməni publikasını ən azı Azərbaycan üzərində hansısa “qələbə” ilə ruhlandıracağını gözləyir, amma ssenari gülməli və qəribə seçilib. Burada, necə deyərlər, hər şey göz qabağındadır. Erməni auditoriyasının ancaq ən iddiasız, oxunmamış hissəsini belə yazılarla aldatmaq olar. Doğrudanmı keçmiş səfirin dedikləri yalnız onlara hesablanıb? Bu çıxışın və onun kimi başqalarının məqsəd və vəzifələrini başqa necə xarakterizə etmək olar?

AYNA mövzunu tanınmış ekspertlərlə müzakirə edib.

Politoloq, keçmiş diplomat, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıxov:

“Nə vaxtdan Azərbaycana KTMT-dən himayədarlar lazımdır? Azərbaycan KTMT-də və ya hansısa başqa beynəlxalq strukturda kimisə itirməkdən qorxmur, çünki biz öz xarici siyasət prioritetlərimizi ilk növbədə milli maraqlarımıza cavab verən formatda qururuq və eyni zamanda, biz özümüzə qarşı olan tələbləri, fəal iştirak etdiyimiz digər ölkələrin, tərəfdaşların, müttəfiqlərin, beynəlxalq təşkilatların maraqlarını nəzərə alırıq.

Bizim ərazi bütövlüyümüz demək olar ki, bütün dünya birliyi, o cümlədən Qazaxıstan tərəfindən tanınır. Erməni diplomatları buna şübhə edərlərsə, Azərbaycanla bu ölkə arasında gələcək əməkdaşlıq nümunələrində buna əmin ola bilərlər.

Biz xarici siyasət təşəbbüslərimizi irəli sürməklə, Cənubi Qafqaz regionunda “3+3” formatında nisbi sabitliyə, ayrı-ayrı qonşu dövlətlərlə razılaşmalara nail olmuşuq və hesab edirəm ki, Mərkəzi Asiya ölkələrinə, KTMT-yə və xüsusən də Qazaxıstana münasibətdə də eyni kurs həyata keçiriləcək”.

Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov:

“İkinci dərəcəli erməni diplomatın absurd sözlərinə münasibət bildirmək onun üçün böyük şərəfdir. Ermənilər özlərinə xarici himayədarlar axtarmağa öyrəşiblər, Azərbaycan isə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq qurur. Bu baxımdan, Qazaxıstanda gedən proseslərdən və Nursultan Nazarbayevin hakimiyyətdən getməsindən asılı olmayaraq, ölkələrimizin etnik, dini, coğrafi yaxınlığı Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlığın qorunub saxlanmasını və dərinləşməsini, ən yüksək səviyyədə dəyişiklikləri şərtləndirir.

Oxucularınıza isə tövsiyyə edərdim ki, Marqo Simonyanın rəhbərlik etdiyi, çox pis reputasiyaya malik Rusiya təbliğat holdinqinin, xüsusən də erməni auditoriyası üçün dərc olunmuş versiyada hər hansı şər-böhtan xarakterli uydurmasını ciddiyə almasınlar”.

Müəllif: Rauf Orucov