Azərbaycanın ilk şpris zavodunun məhsulları nümayiş olunub

Xəbərlər

06.11.2019 - 22:46

Pirallahı Sənaye Parkında yerləşən “Diamed” şpris zavodunun may ayında açılışı olub

 

Noyabrın 5-də və 6-da “JW MARRIOTT Absheron Baku” otelində “Medinex” – Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgi və Forumu keçirillib. “Medinex” sərgisində tibbdə informasiya texnologiyaları, tibbi texnika və avadanlıqlar, tibbi məhsullar, dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr, ortopediya, stomatologiya, stomatoloji avadanlıq və alətlər, stomatoloji xidmətlər, optika və oftalmologiya, pediatriya və ixtisaslaşmış pediatrik xidmətlər, innovativ laboratoriya avadanlıqları və texnologiyaları, farmasevtik avadanlıqlar, tibb müəssisələri və apteklər üçün avadanlıqlar, tibbi turizm, yaşlı nəsil üçün məhsullar, diyetologiya, tibbi təhsil və s. təqdim olunub.

 

AYNA xəbər verir ki, sərgi çərçivəsində Azərbaycanın ilk yerli brendi olan “Diamed” şpris zavodunun da məhsulları təqdim olunub. Nümayişdə tibb işçiləri ilə yanaşı, millət vəkilləri, media nümayəndələri, tanınmış simalar iştirak ediblər.

 

Zavodun təsisçisi Aytən Quliyeva “Diamed”-də istehasal olunan məhsullar haqqında məlumat verib: “Zavod hazırda müxtəlif ölçülərdə 150 milyon ədəd birdəfəlik şpris istehsal etmək gücünə malikdir. Bu da Azərbaycanı şpris idxalından azad edə bilər. Azərbaycanı şpris idxalından azad etdikdən sonra isə xarici bazara çıxmağı planlaşdırırıq”.

Təsisçi, həmçinin onu da qeyd edib ki, hazırda zavodda 50 nəfər işçi çalışır, gələcəkdə isə daha çox işçinin çalışması planlaşdırılır.

 

Daha sonra millət vəkilləri çıxış edərək Azərbaycanda belə bir zavodun fəaliyyət göstərməsinin əhəmiyyətindən danışıblar.

 

Deputat Vahid Əhmədov qeyd edib ki, Pirallahı Sənaye Parkında yerləşən “Diamed” şpris zavodunun may ayında açılışı olub: “İllik istehsal gücü 150 milyon şprisdir, Azərbaycanın da şprisə olan tələbatı, təxminən 130 milyondur. Hazırda faktiki olaraq ölkəmizə xaricdən şpris istehsal olunur, əsasən də Çindən. Ancaq bu zavodda istehsal edilən şprislər yüksək keyfiyyətə malikdir. Çünki xammal, yəni iynə İsveçrədən gətirilir. Aldığım məlumata görə, zavod fəaliyyət göstərəndən indiyədək 5 milyona qədər şpris istehsal olunub. Amma müəyyən səbəblərdən hələ ki, bazara çıxarılmayıb. Dünən Milli Məclisdə bu məsələylə bağlı çıxışım olub, cənab Mikayıl Cabbarovdan xahiş etmişəm ki, bu zavodun şprislərinin daxili bazarda satılmasına köməklik göstərilsin”.

 

“Bir məqamı da qeyd edim, bu şprislərin qiyməti, təxminən 6 qəpiyə yaxındır, amma Çindən gətirilən şprislərin qiyməti 3 qəpikdir. Biz çalışmalıyıq ki, Azərbaycan özünü şprislə təmin etsin, Çindən gətirməyə ehtiyac qalmasın. İnanıram ki, bu zavod nəinki Azərbaycanın daxili tələbatını ödəyəcək, həmçinin xarici bazara da məhsul çıxaracaq”, - deyə millət vəkili əlavə edib.

 

Deputat Musa Quliyev isə xatırladıb ki, artıq Azərbaycanda tibb texnologiyası da inkifaş edir: “Ölkəmizdə tibbi ləvazimatlar istehsal olunur və bunun genişləndirilməsinə ehtiyac var. “Diamed” zavodu da ilk nümunədir. Azərbaycan hökuməti həmişə daxili istehsalı stimullaşdırmaq məqsədilə tədbirlər həyata keçirir. Hesab edirəm ki, “Diamed”in fəaliyyətinə də dövlətin hərtərəfli dəstəyi var və bundan sonra bu dəstək daha da genişlənməlidir. Xüsusilə dövlət sifarişləri zamanı bu zavodun istehsal etdiyi məhsullara üstünlük verilməlidir. Çünki bu, həm yerli markamızdır, həm də digər şprislərdən keyfiyyətcə geri qalmır, əksinə onlardan daha üstün parametrlərə malikdir, iynə vurulan zaman ağrı hiss olunmur, infeksiya əleyhinə  bütün tədbirlər görülüb”.

 

“Digər tərəfdən də zavodda bizim öz vətəndaşlarımız çalışır. Düşünürəm ki, zavodun fəaliyyətini genişləndirmək imkanları da var, təkcə şpris yox, digər tibbi ləvazimatlar da hazırlaya bilər. Biz istənilən sahədə daxili istehsalı qorumalıyıq, genişləndirməliyik və hər cür dəstəyimizi verməliyik”, - M.Quliyev vurğulayıb.

Deputat Elman Nəsirov da qeyd edib ki, il ərzində 150 milyon şprisin istehsal edilməsi çox böyük rəqəmdir: “Bu, həm də dövlət siyasətidir. Çüki qeyri-neft sektorunun inkişafı dövlətimizin hədəfidir. Belə bir zavodun işə salınması da qeyri-neft sektorunda inkişafın göstəricisidir. Çox istəyərdik ki, bu məhsullarımız gələcəkdə “Made in Azerbaijan” adı altında həm də dünya bazarına çıxsın. Hesab edirəm ki, ilk növbədə qonşu ölkələrə çıxmaq imkan və potensialımız daha böyükdür. Həmçinin Azərbaycan 3 il ərzində qoşulmama hərəkatına sədrlik edəcək, bu nöqteyi nəzərdən, bu bazar da bizimçün əhəmiyyətli ola bilər”.

Müəllif: Rumiyyə Miraslan