Narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan dəstə saxlanılıb

Xəbərlər

02.09.2019 - 17:18

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır

 

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu-əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əkini, onların qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə ifşa olunub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin əkini və onların dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Gərəkli kənd sakini Eldar Mustafayev və tanışı Zahid Dibirov şübhəli şəxs qismində saxlanılıb.

 

E.Mustafayevin yaşadığı evə baxış keçirilən zaman zirzəmidən bir ədəd çantada 886 qram qurudulmuş marixuana, 2 ədəd sellofan bükümdə 14,151qram tiryək, eyni zamanda pnevmatik tapança, bir ədəd tüfəng patronu aşkar edilərək götürülüb. Keçirilmiş tədbirlərin davamı olaraq E.Mustafayev Z.Dibirov və digər 3 nəfər tanışı ilə qabaqcadan əlbir olaraq meşəlik ərazidə qanunsuz olaraq əkib-becərdikləri 339 ədəd narkotik tərkibli çətənə bitkiləri və həmin bitkilərdən əldə etdikləri 215 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

  

RPŞ əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri əvvəllər məhkum olunmuş Rauf İsmayılov, Ramil Qandayev, şəhər sakinləri İlham və Ramiz Mahatovlar, Zülfüqar Xəlilov və Ceyhun Namazov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Polis Şöbəsinə gətiriliblər. Onların əvvəlcədən bir qrup şəxs halında birləşərək dağlıq ərazidə çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduqları aşkar edilmiş və həmin əraziyə baxış keçirilən zaman oradan yaş vəziyyətdə 163 kq-a yaxın olan çətənə bitkiləri, həmin ərazinin kənarından 1 kq 446 qr qurudulmuş marixuana və 985 qr quru vəziyyətdə çətənə bitkisinin budaq və saplaqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Bu cinayət əməlində iştirak edən digər şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
  

Eyni zamanda Balakən polisinin keçirdiyi növbəti əməliyyat tədbirləri nəticəsində isə rayon ərazisindəki dağ-meşə massivində 215 ədəd çətənə bitkisi, həmin sahənin kənarında yerə qurutmaq üçün sərdikləri ümumi çəkisi 8 kq-dan artıq qurudulmamış marixuana aşkar edilib. Keçirilmiş tədbirlərlə həmin ərazidə narkotik vasitələr becərən və saxlayan şəxslərin qohumlar Elşad və Elman Hacıyevlər, Cuma Əhmədov və rayonun Gərəkli kənd sakini Məhəmməd Xanayev olduğu müəyyən edilmişdir. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.


Qeyd edək ki, faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Müəllif: Ayna.az