Azərbaycandakı rusbaşlı manqurtlar və sadəcə nonsens!

Aktual

10.03.2022 - 15:40

Tezliklə sizin Rusiya Federasiyasından başqa heç bir ölkəyə girişinizə icazə verilməyəcək

Roma Papasından daha artıq katolik olmaq cəhdlərinin sərt Azərbaycan reallığında nə qədər yanlış olmasını təsdiq edən xeyli misal var. Özünüz baxın. Avropa İttifaqı (Aİ) və ABŞ-ın sanksiyalarına məruz qalan, İtaliyada dəbdəbəli villalarını itirən rus təbliğatçısı Vladimir Solovyov yavaş-yavaş ayılmağa başladı. Son verilişlərin birində tanınmış Yakov Kedmi ilə söhbət edərkən dedi: "Müharibədə qalib gəlmək olmaz, çünki bu, Rusiyanın özünün ölümünə səbəb olacaq".

Rusiyada ikiüzlülüklə rəsmi olaraq “xüsusi əməliyyat” adlandırılmağa davam edən müharibəni öz adı ilə adlandırdığına görə Solovyov həbsə atıla bilər. Ancaq başqa bir şey daha vacibdir. O, “dünyanın ikinci ordusu”nun aşkar məğlubiyyəti fonunda Rusiya planlarının iflasa uğradığını etiraf etməyə məcburdur. Əslində, bunu görməmək onsuz da mümkün deyil, hər şey çox açıqdır.

Elə həmin Kedmi də Solovyovun başından tutub, quru fakrlara soxur - Rusiya işğalçı qoşunları Ukraynanın bir dənə də olsun böyük şəhərini tutmayıb. Rus fiaskosunun daha ətraflı təhlili də var. Bu barədə ukraynalı hərbi-siyasi ekspert Oleksandr Kovalenko öz “Facebook” səhifəsində yazıb. Həmin Kovalenko ki, 44 günlük müharibə zamanı obyektiv və savadlı statusları, məqalələri ölkəmizdə çox yüksək qiymətləndirilib.

“Mövcud məlumatlara görə, rus işğalçılarının 03.08.2022-ci il səhər saatlarına olan sanitar itkiləri 37 min nəfəri ötüb. Geridönməz sanitar itkilər (ölənlər) təxminən 12 min nəfərdir. Beləliklə, rus işğalçı qoşunlarının ümumi itkiləri 49-50 min nəfəri ötür”, - deyə o yazır.

Sosial şəbəkədə əsir düşmüş rus əsgərlərinin və qohumlarından şikayətlə kömək istəyənlərin çox miqdarda videolarını tapa bilərsiniz. Ukraynada öldürülən və ya orada əsir düşənlərin çoxu Rusiyanın elit hərbi birləşmələrinin nümayəndələridir. O cümlədən “Kadırovçular” adlananlar. Onlardan bəziləri qorxudan titrəyir və heç vaxt “Axmat-qüvvədir!” deyə qışqırmadıqlarını iddia edirlər. Bəziləri hətta ukraynalı futbolsevərlərin məlum şüarını təkrarlayır.

Bütün ağlabatan ekspertlər indi rus avantürasının çökməsinin yaxın və qaçılmaz olmasından danışırlar. Onlar rus ordusunun nümayiş etdirilən zəifliyindən şoka düşüblər. Qeyd edirlər ki, Rusiya Federasiyasının hərbi-siyasi rəhbərliyinin ehtiyatında çox az “arqumentləri” qalıb – nüvə silahından istifadə təhlükəsindən tutmuş, yeni miqdarda “top yemi”nin yüz faizlik ölümə göndərilməsinə qədər.

Aydındır ki, bütün bunlar Rusiya iqtisadiyyatının inanılmaz çöküşü fonunda baş verir. Rubl artıq sərbəst konvertasiya olunan valyuta olmaqdan çıxıb. Rusiyada aprel ayında defolt olacağı proqnozlaşdırılır. İşsizlər ordusu günlərlə deyil, saatbasaat artır, əhali sürətlə yoxsullaşır.

Ümumiyyətlə, "müharibə bitdi". Və bu fonda, hətta Solovyov da bu qanlı və cinayət avantürasının uğursuzluğunu etiraf edəndə, Azərbaycanda manqurtların səsi ucalmağa başladı. “Beşinci kolon”un uzun müddətdir ki, rus əmziyinə öyrəşmiş balaca üzvləri Solovyovdan daha çox rus təbliğatçısı olmağa çalışırlar. Sosial şəbəkələri cəfəngiyyat və yalan çirkabı ilə zibilləyirlər, rus ordusuna, “Kadırovçulara” tərifnamələr yağdırırlar. İşğalçı ölkənin ordularını sevinclə alqışlayırlar. Bu, sadəcə nonsensdir!

Bəli, dörddə bir əsrdən artıq ərazilərinin beşdə birinin Ermənistanın işğalı altında qalmış Azərbaycan vətəndaşları indi Rusiyanın işğalçı ordusunu tərifləyirlər: Ukraynanın mülki əhalisi ilə müharibə vəziyyətində olan, uşaq bağçalarını, xəstəxanaları dağıdan, Azərbaycanın Xarkovdakı fəxri konsulluğuna raketlər atan və Ukraynada neç-neçə azərbaycanlının ölümünə səbəb olan ordunu...

Üstəlik, belə mövqelərdən çıxış edənlər uğursuz, primitiv və oxunmaz olsalar da, aralarında media rəhbərlərini də görmək olar. Bu mənəvi cücələr, mənəvi piqmeylər Rusiyanın Ermənistana dəstək rolunu unudublar: 1990-cı ilin yanvarında rusların azərbaycanlıları tanklarla necə darmadağın etdiyini, torpaqlarımızın işğalında, Xocalı soyqırımında necə iştirak etdiyini unudublar. Onlar sadəcə olaraq öz “otuz gümüş sikkə”lərini qazanırlar. Bunun vaxt itkisi olduğunu anlamırlar.

Tezliklə Rusiyanın onlara ödəyəcək heç bir şeyi olmayacaq. Eyni zamanda satqın, manqurt damğası həmişəlik alınlarında qalacaq. Və Rusiya hərbçilərinin cinayətlərinə dəstək verən bu faktları qeydə alan hər kəs mütləq əmin olacaq ki, bu irsi manqurtların sevimli Rusiya Federasiyasından başqa heç bir yerə girişinə icazə verilmir. Bütün enerjisini bu istiqamətə yönəldəcəklərin birincisi mənəm.

Müəllif: Əkbər Həsənov