Azərbaycan bankları Qarabağa girməyə hazırlaşır: bura imkanlar anbarıdır

İqtisadiyyat

11.12.2021 - 15:17

Asiman Quliyev: “Burada yenidən qurulan obyektlərə insanların kütləvi axını gözlənilir”

Emin Qəribli: “Maliyyə sektoru olmadan real sektorun inkişafı qeyri-mümkündür”

Bu həftə keçirilən V Beynəlxalq Bankçılıq Forumunda, Qarabağda bank şəbəkəsi xidmətlərinin yaradılması ilə bağlı çoxdan vaxtı çatan məsələnin təfərrüatı açıqlanıb. Bu zərurət ötən ilin oktyabrında Mərkəzi Bankın sədri Elman Rüstəmov tərəfindən dilə gətirildi və bir ildən sonra bu mövzuya qayıdıldı.

Bu dəfə işğaldan azad edilmiş ərazilərimizdə bank-maliyyə sisteminin bərpası ilə bağlı planları Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev açıqlayıb və bunun üçün artıq konkret təkliflər planının hazırlandığını qeyd edib: “Biz Azərbaycan Mərkəzi Bankı ilə birlikdə bu məsələləri həll edirik və Qarabağda yeni, innovativ ödəniş sistemləri vasitəsilə maliyyə və bank sisteminə xidmətlərin göstərilməsini təşkil edirik”.

Onun sözlərinə görə, yaxın günlərdə ABA Qarabağ Dirçəliş Fondu ilə birlikdə işğaldan azad edilmiş ərazilərə maliyyə xidmətlərinin göstərilməsi və yeni investisiyaların cəlb edilməsi məsələlərini müzakirə etmək üçün toplantı keçirməyi planlaşdırır. Bundan başqa, ölkənin işğaldan azad edilmiş hissəsində hüquqi, fiziki şəxslərə və xidmət göstərən şirkətlərə kreditlərin verilməsi də müzakirənin gündəliyinə daxil ediləcək.

İqtisadçı alim Asiman Quliyev AYNA-ya şərhində deyib ki, bank sektoru və maliyyə xidmətləri bazar iqtisadiyyatının ən mühüm alətidir: “Banklarımızın ölkənin işğaldan azad edilmiş ərazisinə maraq göstərməsi yaxşı əlamətdir, çünki Qarabağ bölgəsi dirçəlir, bir çox infrastruktur quruculuğu layihələri həyata keçirilir və planlaşdırılır və bu da o deməkdir ki, bu sektorda çalışan insanların effektiv bank xidmətlərindən yararlanmaq imkanları olmalıdır. Bundan əlavə, yaxın vaxtlarda, gələn il vətəndaşlarımızın Şərqi Zəngəzura köçürülməsi prosesinə başlanılacaq. Burada yenidən qurulan obyektlərə insanların kütləvi axını gözlənilir”.

“Müvafiq olaraq, əhalinin, biznesin və şirkətlərin bank sektorunun xidmətlərinə ehtiyacı var. Daha sonra rayonlarda iri sənaye və kənd təsərrüfatı parkları yaranıb, tikilir və bu, həm də orada maliyyə xidmətləri sferasının təşkili üçün əsaslı səbəbdir. Vaxt itirmədən üzərinə düşən şərəfli missiyanı yerinə yetirməyə hazırlaşan Azərbaycanın bank sektoru da bunda maraqlıdır. Kredit-maliyyə sektorumuza uğurlar arzulamaq qalır”, - deyə alim vurğulayıb.

Bu gün artıq göz qabağındadır ki, əhalinin geri qayıtması ilə faydalı qazıntı yataqlarının işlənilməsi, kənd təsərrüfatının dirçəldilməsi, mənzil fondunun tikintisi, ölkənin işğaldan azad edilmiş hissəsində sənaye müəssisələrinin inkişafı hesabına iqtisadi fəaliyyətin sürətli canlanması başlayacaq. UNEC-in Beynəlxalq İqtisadiyyat kafedrasının dosenti Emin Qəribli AYNA-ya açıqlamasında qeyd edib ki, bütün bunları maliyyə inyeksiyaları, kreditləşdirmə və müvafiq olaraq bank şəbəkəsinin yaranması olmadan təsəvvür etmək mümkün deyil.

“Axı kənd təsərrüfatının inkişafı, eyni zamanda qeyri-neft məhsullarının ixracı üçün maliyyə vəsaiti lazımdır. Hesab edirəm ki, real iqtisadiyyatın və bank sisteminin sonrakı yüksəlişi bir-birindən asılı olacaq və bu, ümumilikdə istehsalın və kredit-maliyyə sahəsinin artımına öz töhfəsini verəcək”, - deyə mütəxəssis bildirib.

Qəriblinin sözlərinə görə, işğaldan azad edilmiş Azərbaycan torpaqları təbii sərvətlər və iqtisadiyyatın müxtəlif sahələrinin təkamülü üçün imkanlar anbarıdır: “Bu torpaqların mənimsənilməsi Azərbaycanda ÜDM-in artması, Qarabağ bölgəsinin sosial-iqtisadi təbiətində müsbət dəyişikliklər və təbii ki, maliyyə sahəsində mütərəqqi irəliləyişlə müşayiət olunacaq. Maliyyə sektoru olmadan real sektorun inkişafının qeyri-mümkün olması səbəbindən, bu sistemlərin sıx qarşılıqlı əlaqəyə ehtiyacı var”.

Müəllif: Tanya Samsonova

Ramanada faciə

Dünən, 17:26 Hadisə