AYB ilə bağlı ehtimallar artır - <font color=red> “Çingiz Abdullayev sədr seçilə bilər”</font>

Mədəniyyət

09.08.2019 - 13:17

 

Azərbaycan Yazıçılar Birliyndə (AYB) növbəti qurultayın keçirilməsi gözlənilir. Qurultayda AYB-nin yeni sədrinin kimliyi müəyyən olunacaq. Qurumun hazırkı sədri, Xalq yazıçısı Anar Rzayevin də öz namizədliyini irəli sürəcəyi ehtimal olunur.

 

AYB-nin XIII qurultayı ərəfəsində sədrliyə namizədlərin sayı isə durmadan artır. Buna baxmayaraq, əksəriyyəti Anarın növbəti dəfə də sədr seçiləcəyini ehtimal edir. Buna əsas kimi isə digər nazmizədlərin sədrliyə potensiallarının olmaması göstərilir.

 

Maraqlıdır ki, bu barədə yazarlarımız necə düşünürlər, hansı namizədi dəstəkləyəcəklər?  Və ya sədr postunda kimi görmək istəyirlər?

 

AYNAnın əməkdaşı bu suallara cavab tapmaq məqsədilə bir neçə şair və yazıçıya müraciət edib.  

 

“Strukturda gəncləşmə prosesi gedəcək”

Image result for kənan hacı

Yazıçı Kənan Hacı əvvəlcə Anarın AYB üçün xidmətlərindən danışıb: “Anar müəllimin Yazıçılar Birliyinin yaşamasında böyük xidmətləri olub. Birliyin ən ağır dövrlərində ədəbi jurnallarımızı, “Ədəbiyyat qəzeti”ni bağlanmaq təhlükəsindən xilas edib. Onun nüfuzu Yazıçılar Birliyinə həmişə dividend gətirib. Bu baxımdan yenidən namizədliyini irəli sürə bilər. Anar müəllim qapısını həmişə ürəklə açdığımız yazıçıdır”.

 

K.Hacı, həmçinin gənc namizdələrə uğurlar arzulayıb: “Yazıçılar Birliyi ictimai qurumdur. Birliyə üzv olan hər kəs namizədliyini irəli sürə bilər. Bu təbiidir, çünki gənclər də öz sözlərini demək istəyirlər. İstedadı, qələmi olan gənclərin aktivliyi alqışa layiqdir. Gənc qələm dostlarımıza uğurlar arzulayıram. Güman edirəm ki, qurultaydan sonra AYB-nin strukturunda gəncləşmə prosesi gedəcək. Birlik öz fəaliyyətində yeni bir mərhələyə qədəm qoyacaq”.

 

“Hadisələr göz önündə baş verəcək”

Image result for fuad cəfərli

Şair Fuad Cəfərli özü AYB sədrliyinə namizəd olsa da, Xalq yazıçısının namizədliyinə də hörmətlə yanaşır: “Bu, Anar müəllimin şəxsi seçimidir. Əlbəttə, mən buna hörmətlə yanaşıram. Anarın ədəbiyyatımızda öz yeri var və kimsə bunu inkar etmək iqtidarında deyil. Düşünürəm ki, mən və digər namizədlərin hüquqlarına necə hörmət edirlərsə, eləcə də Anar müəllimin hüquqlarına hörmət olunmalıdır. Çünki hadisələr göz önündə baş verəcək. Nəticədən aslı olmayaraq, bütün namizədlərə yalnız uğurlar arzulayıram, o cümlədən Anar müəllimə də”.

 

“Bu barədə danışmaq hələ tezdir”

Image result for ilqar fəhmi

Yazıçı İlqar Fəhmi də düşünür ki, bu barədə danışmağın hələ zamanı deyil: “Anar müəllimin namizədliyi normaldır. Ancaq bu barədə danışmaq hələ tezdir. Qurultayın vaxtı dəqiq açıqlanmadığına görə, hələ heç nə aydın deyil. Hər şey qurultayndan on gün əvvəl aydınlaşacaq”.

 

“Anar namizədliyini irəli sürməməlidir”

Şair Zamiq Zərdabi isə düşünür ki, Anar ədəbi mövqeyinə, çoxsaylı oxucu kütləsinə, imzasına hörmət əlaməti olaraq bu qurultayda namizədliyini irəli sürməməlidir: “Anar müəllim daha gənc, daha işgüzar və ədalətli olsun deyə, daha ciddi ədəbi mətnlərə imza atmış bir ədibə yol açmalıdır. Ancaq mövcud şəraitdə onun bu addımı atacağına inanmıram. Düşünürəm ki, yenə də Anarın namizədliyi irəli sürüləcək və AYB üzvlərinin ədəbiyyata aidiyyəti olmayan çoxluğu tərəfindən dəstəklənəcək”.

 

“Çingiz Abdullayev sədr seçilə bilər”

Image result for Nemət mətin

Yazıçı Nemət Mətinin fikrincə, XIII qurultayda Yazıçılar Birliyinə hazırkı rəhbər Anar sədr seçilməsə, dünyada nüfuzu olan yazıçı sədr seçilə bilər: “Buna Çingiz Abdullayevi misal göstərmək olar. Ümumiyyətlə, dəyişikliyin tez-tez olmasının tərəfdarıyam. Əgər yeni rəhbər seçilsə, istedadı olmayan yazıçılar və şairlərin üzvlüyə qəbul edilməməsi və bir çox yazarların üzvlükdən azad olunması, gənclər üçün qonorarlı saytlar açılması, bölgələrdə kitabxanaların bərpa olunmasına dair məsələlərin gündəmə gəlməsi və gənc müəlliflərin kitablarının xarici ölkələrdə çap olunması ilə bağlı qərarlar qəbul etməlidir”. 

 

“Anar artıq qocalıb, təqaüdə çıxan vaxtıdır”

Image result for Orxan Bahadırsoy

Şair, dramaturq Orxan Bahadırsoy isə düşünür ki, Xalq yazıçısı Anar artıq qocalıb, yaşı 80-i keçib, nəvə, nəticə ilə oynayan, təqaüdə çıxan vaxtıdır: “Ümumiyyətlə, Yazıçılar Birliyi digər çürük Sovet ənənələrinin qalıqlarından biridir. Məsələ təkcə Yazıçılar Birliyində deyil, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı, Teatr Xadimləri İttifaqı, Kinematoqrafçılar birliyi də bu qurumlardandır. Bu qurumlar və onların rəhbərləri, adlarını daşıdığı sahənin adamlarına heç bir fayda verməyiblər və işləri boş-boşuna maaş almaqdan ibarət olub. Çox güman, bir az da rüşvət yığmaq və hansısa təmənnalardan istifadə etmək üçün, hələ də bu qurumların fəaliyyətinə xitam verilməyib”.

 

Gənc dramaturq düşünür ki, müasir dünya prinsipləri, müasir sənət anlayışları ilə ayaqlaşmaq istəyiriksə, bu qurumları ləğv etməli və onların əvəzinə birbaşa dövlət nəzarətində olan fondlar yaratmalıyıq: “Bu fondlar isə yazıçılara, şairlərə, dramaturqlara, aktyorlara, rejissorlara, bir sözlə, mədəniyyət və ədəbiyyat adamlarına dəstək verməlidir. Çünki əsl sənət anlayışı fərdiləşməkdən xilas olanda ortaya çıxır. İnsanlar bərabər olmalıdır, sənət yox. Sənət o vaxt sənət olur ki, qəlibləşməkdən xilas olur. Sənət adamları hansısa rəhbərə, birliyə, quruma daxil olsa, necə yazıb-yarada bilər?”

 

Qeyd edək ki, bu günə qədər Yazıçılar Birliyinə Məmmədkazım Ələkbərli (1934-1936), Seyfulla Şamilov (1936-1938), Rəsul Rza (1938-1939), Süleyman Rəhimov (1939-1940), Səməd Vurğun (1941-1944), Süleyman Rəhimov (1944-1945), Səməd Vurğun (1945-1948),  Mirzə İbrahimov (1948-1954), Süleyman Rəhimov (1954-1958),  Mehdi Hüseyn (1958-1965), Mirzə İbrahimov (1965-1975 və 1981-1986), İmran Qasımov (1975-1981), İsmayıl Şıxlı (1986-1987) kimi görkəmli ziyalılar rəhbərlik edib. 1987-ci ildən isə AYB-nin sədri Anar Rzayevdir.

Müəllif: Mərahim Nəsib