Avstraliya vətəndaşlarına İsrail və Fələstindən çıxmağı tövsiyə edib

Dünya

19.04.2024 - 16:53

“İsrailə və İsrailin bölgədəki maraqlarına qarşı ciddi hərbi qisas və terror hücumları təhlükəsi var”

Avstraliyanın Xarici İşlər Nazirliyi cümə günü İsrailin İrana zərbə endirməsi xəbərindən sonra vətəndaşlarına mümkünsə, İsraili və Fələstin ərazilərini tərk etməyi tövsiyə edib. AYNA “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, İsrailə və İsrailin bölgədəki maraqlarına qarşı ciddi hərbi qisas və terror hücumları təhlükəsi var.

“Vəziyyət sürətlə pisləşə bilər”, müraciətdə vurğulanıb.

İsrailə səyahət etməyi planlaşdıran avstraliyalılara planlarını yenidən nəzərdən keçirmələri tövsiyə olunub. Xüsusilə, Avstraliya XİN mürəkkəb vəziyyətin hava məkanının bağlanmasına, həmçinin İsrailin Ben Qurion Beynəlxalq Hava Limanının işində fasilələrə səbəb ola biləcəyini istisna etmir.

Bundan əvvəl rəsmi Kanberra Avstraliya vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq etmişdi. Eyni xəbərdarlıqlar İraq, Suriya, Yəmən və Livana da aiddir.

Müəllif: Ayna.az