AVRO-2020: Növbəti tur başlayır

İdman

05.09.2019 - 10:32

V turun digər oyunları sentyabrın 6-7-də keçiriləcək

 

Bu gün AVRO-2020-nin seçmə mərhələsində V tura start veriləcək. AYNA APA-ya istinadən xəbər verir ki, ilk oyun günündə 9 oyun keçiriləcək.

 

Bu matçlar 4 qrupda baş tutacaq. D qrupunun lideri İrlandiya digər iddialı İsveçrə ilə görüşəcək. Danimarka isə autsayder Cəbəllütariqin qonağı olacaq.

 

F qrupunda üç oyun planlaşdırılıb. İlk 4 turda qələbələri sıralayan İspaniya izləyiciləri sırasında yer alan Rumıniyanın qonağı olacaq. Digər iddialılar İsveçlə Norveç autsayderləri sınağa çəkəcək. Sonuncular Maltanı qəbul edəcəksə, isveçlilər Farer adaları ilə görüşəcək.

 

G qrupunda bir qarşılaşma keçiriləcək. Final mərhələsinə vəsiqə arzusunda olan İsraillə Makedoniya üz-üzə gələcək. Sonuncular rəqibinə çatmağa, meydan sahibləri isə liderlə fərqi azaltmağa çalışacaq.

 

J qrupunun lideri İtaliya səfərdə Ermənistanla qarşılaşacaq. Finlandiya isə evdə Yunanıstanı qəbul edəcək. Autsayder Lixtenşteyni qonaq edəcək Bosniya və Herseqovina isə xal hesabını artırmaq niyyətindədir.

 

Qeyd edək ki, V turun digər oyunları sentyabrın 6-7-də keçiriləcək.

Müəllif: Ayna.az