Astanada Xocalı qurbanlarının xatirəsi anılıb

Xəbərlər

27.02.2024 - 14:35

Tədbir iştirakçıları soyqırımıdan bəhs edən tarixi fotoşəkillərdən ibarət sərgiyə baxıblar

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyinin Astanada təşkil etdiyi tədbirdə iştirak edib. Azərbaycan Milli Elmlər Akademiyasından AYNA-ya bildirilib ki, öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov çıxış edərək Xocalı soyqırımını insanlıq tarixində ən qəddar və amansız terror hadisələrindən biri kimi xarakterizə edib, bunun 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi olduğunu deyib.

Xalqımızın Xocalı soyqırımını heç zaman unutmayacağını söyləyən Ağalar Atamoğlanov bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı faciəsinə siyasi qiymət verilib, Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib və bu barədə beynəlxalq təşkilatlara məlumat verilib.

Dövlətimizin iqtisadi gücünün, hərbi potensialının və beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkəmizin hərtərəfli inkişafa nail olduğunu qeyd edən səfir Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Şanlı Zəfərlə Xocalı soyqırımı qurbanlarının da qisasının alındığını söyləyib.

Sonra çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Xocalı faciəsinin tarixi aspektlərinə toxunub. Vurğulayıb ki, Xocalı soyqırımının xarici ölkələrdə tanıdılması işində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə təsis edilən “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlər xüsusi qeyd edilməlidir.

Akademik Şahin Mustafayev bildirib ki, belə faciələrin xalqımızın taleyində bir daha təkrarlanmaması üçün bu gün ölkədə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə qədəm qoyan milli birliyimiz əsas fəaliyyət amalımız olmalı, hər birimiz günü-gündən daha da inkişaf edən güclü Azərbaycan üçün öz töhfəmizi əsirgəməməliyik.

Tədbirin sonunda iştirakçılar Xocalı soyqırımından bəhs edən tarixi fotoşəkillərdən ibarət sərgiyə baxıblar.

Müəllif: Ayna.az