Respublikanın daha bir bölgəsini yanğın bürüyüb

Hadisə

20.08.2019 - 14:54

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb edilib

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Hirkan Milli Parkının Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb edilib.

 

İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə 1,5 ha sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanır. Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, dünən də Quba, Şabran və Qax rayonlarının çöllük ərazilərində yanğın baş vermişdi.

Müəllif: Ayna.az