Aqressor üzünü Cənubi Qafqaza çevirdi – Ukrayna sərhədlərindən Gürcüstana doğru

Dünya

11.02.2022 - 10:25

“Gözlənilən böyük müharibə təhlükəsi ilə paralel keçirilən təlimlər narahat etməyə bilməz”

Rusiyanın Cənub Hərbi Dairəsinin (CHD) birləşmələrində raket kompleksləri və zirehli texnikanın tətbiqi ilə 30-dan çox ikitərəfli taktiki təlimlər başlayıb. Bu barədə jurnalistlərə CHD-nin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev məlumat verib.

“Taktiki təlimlərə Əlahiddə Ümumqoşun Ordularının batalyon taktiki qruplarının, Xəzər filotiliyasının və Cənub Hərbi Dairəsinin ordu korpusunun gücləndirilmiş rotaları cəlb olunub. Manevrlər növbəti üç həftə ərzində keçiriləcək”, - deyə o bildirib.

Hərbi qulluqçular CHD-nin Volqoqrad vilayəti, Stavropol diyarı, Adıgey, Çeçenistan, Dağıstan, Qaraçay-Çərkəz, Şimali Osetiya, İnquşetiya, eləcə də Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş bölgələrində - Abxaziya və Cənubi Osetiyadakı Rusiya hərbi bazalarında dislokasiya olunmuş 15 kombinə edilmiş poliqonda döyüş hazırlığı tapşırıqlarını yerinə yetirəcəklər. Hər bir taktiki təlimə 400-ə yaxın hərbi qulluqçu, 80-ə yaxın hərbi və xüsusi texnika cəlb olunacaq. Xüsusilə, T-72B3 tankları, BMP-3 piyada döyüş maşınları, BTR-82A zirehli transportyorları, “Kornet” və “Xrizantema-S” tank əleyhinə raket kompleksləri, müxtəlif artilleriya qurğuları və atıcı silahlar cəlb olunacaq.

Xəbər çox narahatedicidir və müxtəlif politoloqlar son bir ayda hadisələrin bu cür inkişafının təhlükəsindən danışırlar. Onlar bildirirlər ki, Belarusdakı təlimlər fonunda Cənub Hərbi Dairəsində manevrlər başlaya bilər və nəticədə hamının gözlədiyi kimi Ukrayna yox, Gürcüstana hücum ediləcək. İndi biz ilk proqnozlaşdırılan addımları görürük.

Belə bir ssenari nə dərəcədə mümkündür? Rusiyanın yeni Gürcüstan ərazilərini ələ keçirməsi üçün səbəbləri ola bilərmi?

AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru, politoloq Yeqor Kuroptev:

“Təlimlərin özü adi bir şeydir. Baxmayaraq ki, onlar qanunsuzdur, çünki Gürcüstanın işğal olunmuş ərazilərində keçirilir. Lakin gözlənilən böyük müharibə təhlükəsi ilə paralel keçirilən təlimlər narahat etməyə bilməz. Bundan əlavə, dekabr ayından Gürcüstan vətəndaşlarının işğal xəttində oğurlanması halları artıb və yanvar ayından separatçıların “sərhədçiləri” gürcülərin nəzarətində olan ərazilərdə anlaşılmaz xəndəklər qazmağa başlayıblar - məsələn, Cariaşeni kəndində. Bütün bu addımlar ya Gürcüstana təzyiq məqsədi daşıyır, ya da bir növ hazırlıqdır.

Abxaziya və Sxinvalini ilhaq etməyin mənası varmı? Gürcüstanın bu bölgələri onsuz da tamamilə Moskvaya tabe olduğundan mən belə bir məqam görmürəm. Bundan əlavə, abxazlar müstəqillik və büdcələrinin doldurulmasını istəyirlər, lakin zorla Rusiya Federasiyasına daxil edilmələrini deyil. Ona görə də bu planın Kremlə faydası şübhəlidir.

Bir arqument daha var: əgər Putin Ukraynaya qarşı müharibə olacağı təqdirdə Qərbin vahid və çox kəskin reaksiyasından qorxarsa, Kreml simasını xilas etmək üçün addımlar ata bilər. Bu halda qondarma Donetsk, Luqansk, Abzaziya və Cənubi Osetiya “respublikalarının” Rusiyaya birləşdirilməsi ssenarisi “rus torpaqlarının vahid yığıcısı” məntiqində kifayət qədər həzm olunan variantdır. Ukraynaya qarşı müharibə olacağı təqdirdə Rusiyanın enerji resurslarının alınmasından tamamilə imtina etməyə şahid olmaqdansa, ilhaq üçün yumşaq sanksiyalar almaq daha yaxşıdır.

Bu və ya digər şəkildə bütün bu hərəkətlərdə Putinin hakimiyyəti saxlamaq və xarici düşmən imicini yaratmaq üçün güllə qabağına atıb acından qırmağa hazır olduğu Rusiya vətəndaşlarının beynini yumaqdan başqa heç bir məntiq yoxdur”.

Gürcüstan İctimai Əlaqələr İnstitutunun Beynəlxalq Münasibətlər Məktəbinin rəhbəri, professor Tornike Şaraşenidze:

“Rusiyanın nə edəcəyini heç vaxt dəqiq bilmək olmur, amma düşünürəm ki, onlar işğal xəttini keçməyəcəklər. Əlavə ərazilərin işğalı ağır yükdür. Üstəlik, heç kim onları qucaq açaraq gözləməyəcək”.

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze:

“Düzünü desəm, mən şübhə edirəm ki, yaxın həftələrdə Gürcüstan Rusiya Federasiyasının növbəti təcavüzünün obyektinə çevrilə bilər və bunun səbəbi var. Aqressiya müvafiq fon, gərginliyin artması, informasiya hazırlığı və diplomatların aktiv işini tələb edir. Axı, müharibə "padşahların son arqumenti", yəni birinci deyil, məhz sonuncudur. Bu bir.

İkincisi, təcavüzün dəqiq müəyyən edilmiş məqsədləri olmalıdır, məsələn, 2008-ci ilin avqustunda məqsəd Saakaşvilini devirmək idi. Bu gün belə məqsədlər qoyulmayıb. Bu iki.

Və nəhayət, hazırlıqsız, konkret məqsəd olmadan Gürcüstanla müharibəyə başlamaq və Ukrayna ilə müharibədə olduğu kimi eyni sanksiyalar boyunduruğuna girmək, ABŞ və Aİ ilə danışıqlar üçün bütün yolları kəsmək hətta Rusiyanın indiki rəhbərliyi üçün də çox çılğın addımdır. Bu da üç.

Rusiya Federasiyası öz sərhədlərinin bütün perimetri boyunca güc nümayiş etdirəcək, lakin lazım olmayan yerlərdə qırmızı xətləri keçmək ehtimalı çox azdır”.

Müəllif: Rauf Orucov