Merkel Polşa və Belarus rəhbərliyi ilə sərhəddəki vəziyyəti müzakirə edib
Almaniya Kansleri vəzifəsini icra edən Anqela Merkel Polşanın Baş naziri Mateuş Moravetski ilə Polşa-Belarus sərhədindəki vəziyyəti müzakirə edib. AYNA xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.
Merkel Almaniyanın miqrasiya böhranı məsələsində Polşa ilə tamamilə həmrəy olduğunu vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Merkel Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında qaçqınlarla bağlı vəziyyəti müzakirə edib. Rəsmi Minsk iddia edir ki, tərəflər miqrasiya böhranını müzakirə edib və mövcud problemlərin həllində necə hərəkət etmək və irəliləmək barədə müəyyən razılığa gəliblər.
Xatırladaq ki, Belarus və Avropa İttifaqının sərhədində miqrant böhranı bu ilin may ayının sonunda başlayıb. Afrika və Yaxın Şərqdən olan böyük qeyri-qanuni miqrant qrupları Avropa İttifaqı ölkələrindən sığınacaq almaq ümidi ilə Litva, Polşa və Latviya sərhədlərinə cəmləşiblər.
Böhran noyabrın 16-da, qaçqınların bir qismi Polşa ərazisinə girməyə cəhd göstərdikdə daha da böyüyüb. Buna cavab olaraq polyaklar xüsusi vasitələrdən istifadə ediblər. İnsident nəticəsində əsgərlər, miqrantlar və jurnalistlər yaralanıblar.