Ağ Evdə narahatlıq: Kiyevə ayrılmış vəsaitin bütün qalığı köçürüləcək

Dünya

07.11.2024 - 12:05

Həkimlər Klinikalar SEO Xidməti

Bayden administrasiyası Ukraynaya dəyəri 6 milyard dollardan çox olan ən son hərbi yardım paketini köçürməyə hazırlaşır

ABŞ-ın hazırkı Prezidenti Co Bayden administrasiyası Ukraynaya dəyəri 6 milyard dollardan çox olan ən son hərbi yardım paketini köçürməyə hazırlaşır. Bu, Donald Trampın dövlət başçısı vəzifəsinə başlamasından sonra Kiyevə dəstəyin dayandırıla biləcəyi ehtimalını artırması ilə əlaqəlidir. AYNA xəbər verir ki, bu barədə “Politico” Ağ Evdəki mənbələrə istinadən yazır.

Ümumi paketin 4,3 milyard dolları hərbi anbarlardan - Pentaqonun ehtiyatlarından, 2,1 milyard dolları isə istehsalçıların yeni sifarişləri üçün nəzərdə tutulub. Eyni zamanda, Pentaqon yalnız anbarlarda fiziki olaraq mövcud olan təchizatları göndərə bilər. Büdcə silahların doldurulması üçün sifarişləri nəzərdə tutur, lakin bu sifarişlər yerinə yetirilənə qədər yeni tədarüklər gecikə bilər.

Pentaqonun keçmiş büdcə rəsmisi Mark Kansian qeyd edib ki, ABŞ hər ay “sənayenin istehsal edə biləcəyi hər şeyi” Kiyevə göndərir. Ancaq problem ondadır ki, "onu yalnız istehsal irəlilədikcə göndərə bilər". Kansian səlahiyyətlilərin bu məqsədlər üçün Pentaqonun ehtiyatlarından istifadə edə biləcəyini də qeyd edib, lakin Amerika komandanlığının bu barədə qərar verib-verməyəcəyi hələ məlum deyil.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Çarli Diets “Politico”ya bildirib ki, Pentaqon təsdiq edilmiş yardım paketləri vasitəsilə Ukraynaya dəstəyini davam etdirəcək. O, yeni təchizatların yaxın həftələrdə elan oluna biləcəyini bildirib.

Gələn il yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq yeni Prezident Donald Tramp əgər yardım göndərilməmiş olsa, sələfi tərəfindən təsdiqlənmiş göndərişləri dayandırmaq səlahiyyətinə sahib olacaq. Donald Tramp daha əvvəl Ukraynaya hərbi yardıma şübhə ilə yanaşdığını bildirib.

“Trampın görəcəyi ilk iş Ukraynaya yardımı kəsmək olacaq. O, bununla bağlı böyük şou göstərəcək”, - deyə Pentaqonun NATO və Avropa üzrə keçmiş yüksək vəzifəli rəsmisi Cim Taunsend bildirib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Respublikaçılar Partiyasının namizədi, keçmiş Prezident Donald Tramp seçkilərdə Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harrisi məğlub edib. Tramp 2025-ci ilin 20 yanvarından səlahiyyətlərinin icrasına başlayacaq.

Müəllif: Ayna.az