Təşəbbüs tərəflərin bütün cəbhələrdə eyni vaxtda barışmasını nəzərdə tutur
ABŞ hökuməti bir neçə ərəb ölkəsi ilə birlikdə atəşkəs və Yaxın Şərqdə sülhün bərpası üçün İranla gizli danışıqlar aparır. AYNA xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal”ı məlumat yayıb.
Təşəbbüs tərəflərin bütün cəbhələrdə eyni vaxtda barışmasını nəzərdə tutur. Eyni zamanda, İsrail bu danışıqlarda tərəf deyil, lakin onların gedişatı barədə məlumatlandırılır.
Kanal qeyd edir ki, İsrail hökuməti bu cür məsləhətləşmələrlə bağlı mövqeyini hələlik ABŞ-a bildirməyib.
“Hazırda biz güclü mövqedəyik, atəşkəs bizim şərtlərimizə uyğun olacaq. O cümlədən “Hizbullah” qüvvələrinin Litani çayından o tərəfə çıxarılması və sərhədə yaxın “Hizbullah”ın bütün hərbi infrastrukturunun məhv edilməsi təmin ediləcək”, yüksək vəzifəli İsrail rəsmisi telekanala deyib.
Yüksək rütbəli qərb diplomatı telekanala bildirib ki, İsrail Hərbi Hava Qüvvələri Beyruta zərbələr endirdikdən sonra Livanın mövqeyi İsraillə barışıq və Qəzza zolağında atəşkəs tələblərindən imtina lehinə dəyişməyə başlayıb.