“Ukraynanın hələ də hava hücumundan müdafiəsi üçün vəsaitə ehtiyacı var”
“Vaşinqton və Ukraynanın digər tərəfdaşları Ukrayna ordusunun ehtiyaclarından xəbərdardırlar. Müdafiə yardımı üçün üç əsas prioritet müəyyən edilib”. AYNA xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Kolin Kal deyib.
Onun sözlərinə görə, Ukraynanın hələ də hava hücumundan müdafiə sistemləri, artilleriya və zirehli maşınlara ehtiyacı var.
"Onların üç əsas prioriteti bizim üç əsas prioritetimizdir: hava hücumundan müdafiə, artilleriya, mexanikləşdirilmiş və zirehli qüvvələr. Eyni zamanda, bu maşınlara xidmət və dəstək üçün lazım olan hər şey lazımdır", - “Financial Times” Pentaqon rəsmisindən sitat gətirib.
Qeyd edək ki, aprelin 4-də ABŞ Ukraynaya yeni yardım paketi elan edib. Vaşinqton HIMARS, hava hücumundan müdafiə vasitələri və artilleriya mərmiləri üçün böyük miqdarda sursat göndərmək niyyətində olduğunu açıqlayıb. Daha sonra Pentaqon 2,6 milyard dollarlıq yardım paketinə daxil olan hərbi texnikanın fotosunu nümayiş etdirib.
Bundan əlavə, Varşava “Rosomak” zirehli transportyorlarının, “Rak” özüyeriyən minaatanlarının, hava hücumundan müdafiə sistemlərinin, o cümlədən MANPADS, MiQ və digər silahların tədarükü barədə razılığa gəlib.