Səfir: “Bu gün biz Polşanın gələcəyi üçün mühüm addım atdıq”
Vaşinqton Polşada kiçik nüvə reaktorlarının tikintisinə milyardlarla dollar ayıracaq. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ-ın Varşavadakı səfiri Mark Bjezinski deyib.
“Polşa özünü Rusiyanın təsirindən qorumaq, iqlim öhdəliklərini yerinə yetirmək və iqtisadi inkişafı gücləndirmək üçün yeni enerji layihəsinə ehtiyac duyur. Bu gün biz Polşanın gələcəyi üçün mühüm addım atdıq. Enerji layihəsi yaxın yüz ildə Polşa-Amerika əməkdaşlığının mühüm tərkib hissəsi olacaq”, - deyə səfir bildirib.
Qeyd edək ki, ABŞ Varşavaya kömək üçün dörd milyard dollar ayıracaq. Xüsusilə, Amerikanın “Exim” bankı layihəyə 3 milyard dollar, İnkişaf Maliyyə Korporasiyası agentliyi isə daha 1 milyard dollar ayıracaq. Bildirilir ki, tərəflər “Hitachi Nuclear Energy” tərəfindən layihələndirilən BWRX-300 reaktorları ilə bağlı niyyət sazişləri imzalayıblar.