BMT-dən həyəcan təbili: Tarixin ən dəhşətli ekoloji fəlakətlərindən biri baş verə bilər

Dünya

26.07.2019 - 16:03

“Tankerdəki neftin suya qarışacağı təqdirdə, başda Qırmızı dəniz hövzəsindəki ərazilər olmaqla, ümumilikdə bütün təbiətə böyük zərər veriləcək”

 

Yəməndə üsyançılar, içərisində bir milyon barel neft olan nəhəng tankeri ələ keçiriblər. AYNA xarici mətbuata istinadən xəbər verir ki, onlar hökuməti tankeri partladacaqları ilə hədələyirlər.

 

Partlayışın olacağı təqdirdə, yaşananları miqyasının ölçüyə gəlməyəcək qədər böyük olacağı bildirilir. Belə ki, tankerdəki neftin dənizə axması tarixin ən dəhşətli ekoloji fəlakətlərindən biri ola bilər.

 

Birləşmiş Millətlər Təşkilatından (BMT) verilən açıqlamada bildirilir ki, Husi üsyançı dəstələri mütəxəssislərin tankerdə partlayış təhlükəsinə qarşı müdaxilə etmələrinə imkan vermirlər: “Gəmiyə müdaxilə edə bilmək üçün rəsmi icazə almağa çalışırıq. Tankerdəki neftin suya qarışacağı təqdirdə, başda Qırmızı dəniz hövzəsindəki ərazilər olmaqla, ümumilikdə bütün təbiətə böyük zərər veriləcək”.

 

Qeyd edək ki, Husi üsyançı qüvvələri tərəfindən ələ keçirilən neft tankeri uzun müddətdir Ras İsa limanında lövbər salıb. Texniki baxışdan keçirilməyən gəmi, duzlu suda uzun müddət qaldığına görə çürüməyə başlayıb.

Müəllif: Ayna.az