ABŞ-dan ermənilərin təxribatına reaksiya: “Gücdən istifadə yolverilməzdir”

Aktual

07.03.2023 - 12:22

Ned Prays: “Sülhün yeganə yolu danışıqlar masası arxasında oturmaqdır”

“Martın 5-də Qarabağda beş nəfərin ölümü ilə nəticələnən atışma ilə bağlı xəbərləri izləyirik”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays keçirdiyi növbəti brifinqdə deyib.

“Biz martın 5-də Qarabağda 5 nəfərin ölümü ilə nəticələnən atışma ilə bağlı məlumatları izləyirik. Həlak olanların ailələrinə başsağlığı veririk. Münaqişənin hərbi yolla həlli ola bilməz və mübahisələrin həlli üçün gücdən istifadə yolverilməzdir. Sülhün yeganə yolu danışıqlar masası arxasında oturmaqdır”, - deyə Prays vurğulayıb.

Dövlət Departamentinin rəsmisi xatırladıb ki, Qafqaz məsələləri üzrə baş məsləhətçi Lui Bono birbaşa dialoq və diplomatiya vasitəsilə irəliyə doğru yeganə yolu vurğulamaq üçün regiona səfər edib.

“Hesab edirik ki, tərəflər özləri qərar verməlidirlər. Bu, tərəflərin özlərinin işidir və biz başqa vasitəçilik təklifinə qarşı çıxmayacağıq. Əslində biz hər iki ölkə üçün vasitəçi yox, tərəfdaşıq. Düşünürəm ki, biz həm sözdə, həm də əməldə iki ölkəni yaxınlaşdıra biləcəyimizi göstərdik, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərdə əlavə irəliləyiş əldə etməyə hazır olduğumuzu və istəyimizi nümayiş etdirdik”, - Dövlət Departamentinin rəsmisi vurğulayıb.

Prays deyib ki, ABŞ bunu Moskva ilə rəqabət aparmaq üçün etmir: “Biz bunu razılığa gəlmək və iki ölkə arasında uzun sürən münaqişəni həll etmək üçün edirik. Təəssüf ki, münaqişə martın 5-də olduğu kimi insan tələfatını davam edir. Bizi burada ancaq sülh və təhlükəsizlik maraqlandırır. Sülh həm də Ermənistan və Azərbaycan xalqlarının maraqlarına uyğundur”.

Qeyd edək ki, martın 5-də Qarabağdakı qeyri-qanuni silahlı erməni birləşmələri Azərbaycan əsgərlərinə atəş açıblar. Nəticədə silahlı insident baş verib və Azərbaycanın iki hərbi qulluqçusu şəhid olub. Üç erməni separatçı-terrorçusu Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Müəllif: Ayna.az