Muəllif:

Meşələrimiz “cəngəllik qanunları” ilə idarə olunur

2013-cü il, 4 dekabr. “Azadlıq radiosu” xəbərinə əsasən, Basqal qəsəbəsinin əhatəsində olan meşəliklər kəsilərək məhv edilir. Radionun əməkdaşı gördüklərinə aydınlıq gətirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İsmayıllı regional idarəsinin rəisi Əlirza Əliyevə üz tutub. O, bildirib ki, bu vəzifədə yenidir və baş verənlərdən xəbəri yoxdur:“Təcili əraziyə gedib lazımı ölçü götürəcəm”. Həmişə olduğu kimi rayon icra hakimiyyəti də meşələrin qırılmasından xəbərsizdir. Qurumun sosial iqtisadi məsələlər üzrə müavini Mahmud Süleymanovun da bu işlərdən xəbəri olmayıb.
Bu, il ərzində meşələrin istirahət mərkəzi məqsədilə kəsilməsi ilə bağlı onlarla xəbərdən biridir. Vaxtaşırı mətbuatda qiymətli ağac növlərindən olan palıd, fıstıq, vələs, cökənin qırılaraq Bakıda fəaliyyət göstərən mebel sexlərinə daşınması, doğranaraq villaların bəzənməsinə istifadə edilməsi haqda xəbərlərə rast gəlinir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, 2012-ci ildə meşə fonduna daxil olan ağac və kol bitkiləri ilə bağlı 247 akt və 30 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 4 müddətli məcburi göstəriş verilib.
Meşələrimizdən qanunsuz istifadə hallarına hər zaman rast gəlmək mümkündür. Baxmayaraq ki, meşədən qanunsuz istifadə cinayət hesab olunur. Nazirlər Kabinetinin (NK) 1993-cü il 636 saylı meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında qərarında deyilir: «Qanunsuz meşə qırma, ağac və kolların kəsilməsinə, boy artımının dayanacaq dərəcəyə qədər zədələnməsinə, külək və qar ağırlığından sınmış və kök üstə quruyan ağacların icazəsiz mənimsənilməsinə, yandırılma və etinasız rəftara görə, ağac və kolların ərazisinə yararsız kanalizasiya sularının və kimyəvi suların axıdılmasına görə və digər amillərə görə cərimə nırxları müəyyən edilməklə cinayət məsuliyyəti də nəzərdə tutulmuşdur».
1997-ci ildə qəbul edilmiş Meşə Məcəlləsinə əsasən, meşəçilərin tərtib etdikləri akta əsasən məhkəmə qanunlarının icra edilməsinə nəzarət edən idarə həmin cərimələrin ödənilməsini həyata keçirməkdə müstəqildir. Lakin bütün bunlara baxmayaraq, vətəndaşlar nəinki akta əsasən tərtib edilən cərimələri, hətta məhkəmələrin müəyyən etdikləri cərimələri ödəməkdən boyun qaçırırlar. Və cərimələri ödəməyə məcbur etmək üçün mexanizimlər mövcud deyil.
Onu da qeyd edim ki, 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal edilib. Amma bu yazımda bu barədə danışmayacam. Çünki qanunlarımızın işğal altında olmayan ərazilərimizdə tətbiqində problemlər mövcuddursa, digər məsələni qabartmaq gülünc görünər.

Statutsuz meşələr

Gələk səbəblərə. Niyə qanun cinayətlərin qarşısını almaqda acizdir? Meşə Məcəlləsini (MM) təhlil etdikdə bu suala asanlıqla cavab almaq mümkündür. MM-in analizi göstərir ki, meşələrlə bağlı bir çox məsələlər bu qanunverici aktla tənzimlənmir. Məsələn, məcəllə meşə ehtiyatlarının səmərəli istifadəsi, orada təsərrüffat fəaliyyətinin aparılması, meşələrin yanğından mühafizəsi üçün əhəmiyyət kəsb edən meşə yolları ilə bağlı məsələləri tənzimləmir.
Məcəllədə meşə qanunvericiliyinin pozuntularının siyahısını ehtiva etmir, bələdiyyələrin və fiziki şəxslərin sahibkar kimi hüquq və vəzifələrini təmin etmir, meşələrin ənənəvi istifadəçilərinin hüquqlarına dair heç bir məsələ əksini tapmayıb. Bundan başqa, meşələrin mühafizəsi NK-nın ayrıca qərar və qətnamələri ilə tənzimlənir.
MM meşə hesab olunan ərazilərə aid edilir. Deməli məcəllə tətbiq olunduqda ərazinin statusu müəyyən edildiyi zaman şübhə qalmamalıdır. MM-in I maddəsinə görə meşə torpağın, suyun, ağacların, kolların və otların, heyvanların, mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin bir-biri ilə qarşılıqlı əlaqədə olduğu və təsir göstərdiyi birlikdir.
Lakin MM-in III maddəsinin məzmunu meşənin ekosistem kimi nəzərdən keçirildiyini göstərir.
Azərbaycanın 1999-cu il tarixli “Ətraf mühitin mühafizəsi haqqında” qanununun I maddəsinə əsasən ekoloji sistem bütöv bitki örtüyü, flora, heyvanlar aləmi, fauna, torpaq, su anbarları və çaylar, faydalı qazıntılar, hava və enerji mənbələri, ətraf mühitin qarşılıqlı əlaqəli tərkibi elementləri deməkdir.
Beləliklə, meşənin təyinatı zamanı meşənin ekoloji sistem kimi təyin olunmadığı göstərir. Lakin meşənin təminatlı müdafiəsi və inkişafı üçün onun MM-in I maddəsində meşənin ekosistem kimi göstərilməsi daha məqsədəuyğun olardı.
Bundan başqa, ölkəmizdə meşənin təyin olunması üçün texniki meyarlar yoxdur. Bu da konkret ərazilərin statusunun müəyənləşdirilməsində problemlər yaradır. Məsələn, Tacikistan respublikasının MM-in I maddəsinə əsasən, meşə təbii və süni yolla müəyyən ərazidə qarşılıqlı əlaqədə olan ağac və kolların məcmusu ( sahəsi 0,5 hektardan, eni 10 m-dən az olmayaraq, ağac təşkil edən bitkilərin ərazisində 10%-dən çox hissəsini tutan), canlı təbiətin vacib ekoloji, iqtisadi və sosial məna kəsb edən digər komponentləri əsasında formalaşan təbii nəbatat kompleksidir.
Birləşmiş Mlillətlərin ərzaq və kənd təsərrüfatı təşkilatı “Meşə ehtiyatlarının qiymətləndirilməsi” adlı əsas hesabatında meşənin tərifini belə verib: “Meşə” minimum 0,05 – 1,0 ha torpaq ərazisini hündürlüyüən azı 2-3 metr olan ağacların 10-30%-nin tutduğu ağac örtüyüdür. Meşə müxtəlif yaruslu ağacların, xırda ağaclıqların torpağın və açıq meşənin böyük hissəsini örtdükləri bağlı meşə formalaşmalarından da ibarət ola bilər. Hündürlüyü 2-5 metrə, çətri 10-30 % sıxlığa çatan müəyyən hündürlüyə malik təbii yolla bitən cavan ağaclar və bütün plantasiyalar meşəyə daxildir.
Azərbaycanın MM-də bu cür anlayış mövcud deyil. Ona görə də əslində meşə hesab edilən lakin rəsmi olaraq hesab edilməyən ərazilərdən istənilən formada istifadə edilir və qanunla da bunu qadağan etmək mümkün deyil.
MM-in XI maddəsinə əsasən Azərbaycanda meşə fondu dövlətə məsxusdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilə bilməz. Amma reallıq belədir ki, bələdiyyələrin torpaq sahələrində və torpaq islahatlarının gedişatında dövlətdən torpaq almış xüsusi şəxslərin torpaq sahələrində bütün bioloji və texniki meyarlara cavab verən meşələr yaranmışdır. Ancaq bu faktiki meşələr dövlət meşə kadastrına daxil edilməmişdir. Təkcə bələdiyyələrin nəzdində 57 min hektar meşə fondu var. Meşə olaraq, onların statusu faktiki olaraq müəyyən edilməyib və torpaq sahələri kimi torpaq qanunvericiliyiylə tənzimlənirlər. Beləliklə belə meşələr dövlət nəzarətindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin diqqətindən kənarda qalırlar, müxtəlif insanlara icarəyə verilir, sonradan ərazini səhralaşdırdığına, ağacları kəsib yerində koteclər inşa etdiyinə görə də heç kimi cəzalandırmaq olmur.
Ona görə də MM-dəki meşə anlayışı təkmilləşdirməni və ona texniki parametrlərin əlavə edilməlidir. Lakin öncə bələdiyyələrin və xüsusi simaların ərazilərində faktiki meşələrin müəyyən olunması üçün Azərbaycanın meşə fondunun faktiki vəziyyətinin qiymətləndirilməsi üçün monitorinq keçirilməlidir,. Bundan sonra MM-in XI maddəsinə “meşələr və meşə torpaqları dövlətin, bələdiyyənin və şəxsi ola bilər”, “Meşələrə mülkiyyət hüququ və başqa mülkiyyət haqları dövlət qeydiyyatından keçməlidir” cümələləri əlavə edilməlidir.
Meşələrin qocalmasının bir səbəbi də orada mal-qaranın otarılmasıdır. Baxmayaraq ki, qanunla bu qadağandır. Çünki mal-qara meşələrdəki fidanları, pöhrələri yeyir, təbii bərpaya əngəl yaradır. Gəncə Aqrar Universitetinin ekologiya mühəndisliyi və meşəçilik kafedrasının professoru Zakir İbrahimov bizimlə söhbətində bildirdi ki, əhali ilə konfliktə girmək olmur:”əhali yaşamalıdır, örüş sahəsi yoxdur, neyləsinlər, kənd yeridir, necə yaşasınlar?! Onları cərimə etsələr belə, bu pulu hansı vəsaitlə ödəyə bilərlər”.
İbrahimov deyir ki, meşələrdən istirahət, əyləncə üçün də istifadə edilməlidir, amma qanun çərcivəsində.
Ümumdünya Mühafizə Fondunun Azərbaycan nümayəndəsinin rəhbəri Elşad Əsgərov da bununla bağlı əhali ilə dövlət qurumları arasında konfliktlərin olduğunu istisna etmir. Amma fond vəziyyətdən çıxış yolu tapıb. Əsgərov deyir ki, Almaniyanın ekologiya nazirliyi funksiyasını yerinə yetirən qurumunun dəstəyi ilə Böyük Qafqazın 700 hektarlıq meşələri bərpa edilib. Belə ki, meşə ərazisi tikanlı məftillərlə cəpərlədikdən sonra orada açıq sahələrdə ağac əkilib. Təbii bərpaya şərait yarandıqda ağaclar böyüyüb. Tikanlı məftillər heyvanları ağzı catmayacaq hündürlüyə catdıqda söküləcək.
Ümumiyyətlə, əslində məcəllə tətbiq olunduğu sahənin bütün məsələlərini idarə etməyə imkan verməlidir. Heç bir sual, boşluq olmamalıdır. Bu baxımdan yanaşdıqda demək olar ki, Azərbaycanın Meşə Məcəlləsi məcəllə yox, müasir dövrün tələblərini nəzərə almayan qanundur!
Nə qədər ritorik səslənsə də, deməliyik ki, meşələrimiz “cəngəllik qanunlarız” ilə idarə olunur . Kim güclüdürsə, qanun da odur! Məcəllədə lazımı məsələni tənzımləyən maddə yoxdursa neyləməli?!

Cərimələri yüksəltməyi əsaslandırmaq lazımdır

Meşələrin mühafizəsi və idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı ENPI/FLEG Proqramının Azərbaycan üzrə məsləhətçisi Azər Qarayev deyir ki, Azərbaycanın Meşə Məcəlləsi müasir reallıqları, beynəlxalq standartları əks etdirmir: «Ötən dövr ərzində təsərrüfatçılığın xüsusiyyətləri, meşədən istifadənin formaları dəyişib, məcəllədə isə praktiki olaraq heç bir dəyişiklik aparılmayıb».
Qarayev bir çox meşələrin Dövlət Meşə Fondunun ərazisindən kənarda qaldığını söyləyir. Belə ki, Meşə Məcəlləsi yalnız Dövlət Meşə Fonduna aid olan yox, bütün meşələrin mühafizəsini və bərpasını nəzərdə tutmalıdır.
Müsahibim deyir ki, qanunvericliikdən irəli gələn normativ aktlar, mexanizmlər çox zəifdir:” Meşə sahələri zəbt edilir, tikinti işləri gedir. Şəhərdə yaşıllaşdırma məqsədilə meşə torpaqlarının satılması adi haldır. Bir kamaz meşə torpağının qiyməti 300 manatdır. İsmayıllıda və Bakıya yaxın rayonlarda bu hallar müşahidə edilir. Halbuki meşələrdlə həmin torpaq qatının yaranmasına illər lazım olur. Həmin qat götürüldükən sonra meşələr deqradasiyaya uğrayir və meşələrdə olan biomüxtəliflik böyük zərbə dəyir.
Yerli icra hakimiyyəti oranları, bələdiyyələr yerli ekologiya idarələrinin işinə müdaxilə edirlər, meşə torpaqlarını özəl qurumlara satırlar. Bununla bağlı açılan cinayət işləri illərlə məhkəmələrdə qalır. Bunun müqabilində isə meşə öz funksiyasını itirir və illər lazmdır ki, cərimə nəticəsində əldə olunacaq vəsaitlə yeni ağaclar əkilsin, o öz funksiyasının bərpa etsin”.
Bir ədəd ağac kəsməyə görə inzibati xəta olaraq 800 manat cərimə tətbiq olunur.
A.Qarayev deyir ki, bu məbləğ meşəyə dəyən ziyanla müqayisədə çox azdır. ETSN isə obyektiv səbəblərdən cərimələrin məbləğinin yüksəldilməsini əsaslandıra bilmir:”Ekosistemlərin qiymətləndirməsi beynəlxalq təcrübəsinə əsasən, meşə təkcə ağac mənbəyi deyil, ekoloji kompleksdir. Bir ağaca görə cərimənin məbləğini düzgün təyin etmək üçün ölkəmizdə oksigenin, suyun, meşədəki dərman bitkilərinin, turizmdən gələn orta illik gəlirin hesabatı çıxarılmalıdır. Meşələrin məhv olmasının mənfi təsirləri heyvan və quşlardan da yan keçmir. Bu da hesablanmalıdır. Meşələr çölləri küləklərdən, güclü seldən qoruyur, suyu saxlayaraq onun çaylara keçməsinə mane olur, torpağın sovrulmasının qarşısını alır. Meşələrin məhv olması çox zaman yerli təbii şəraitin pisləşməsi ilə nəticələnir, yarğanların böyümə sürəti və torpaqların yuyulması artır, çaylar dayazlaşır. Bunu da əsas götürərək ETSN NK-ya müraciər etməlidir ki, tutalım, bir ağac üçün cərimə 5000 manat olmalıdır. İndiki halda bu qiymətləndirmə olmadığından cərimələrin bu şəkildə yüksəldilməsini əsaslandırmaq mümkün deyil.”
Meşələrin müdafiəsi, mühafizəsi və onda istifadə ilə bağlı bütün məsələlərin əhatələnməsi üçün MM-ə çoxsaylı dəyişikliklər etmək tələb olunur. Hesab edirəm ki, bunlardan irəli gələrək yeni MM-in hazırlanmasına və NK-nın normativ aktlarının yenilənməsinə və sistemləşdirilmsəinə zərurət var.
Bəs görək Milli Məclisdə bununla bağlı nə düşünürlər? Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fuad Muradov da bizimlə söhbətində Meşə Məcəlləsinin köhnəldiyini, günün tələblərinə cavab vermədiyini təsdiqlədi. Onun fikrincə, buomüxtəlifliyin, su ehtiyatlarının, bələdiyyə meşələrinin kimi məsələlərin yeni məcəllədə əhatə olunması çox vacibdir. Amma təəssüflər olsun ki, yeni məcəllənin layihəsi belə yoxdur. Muradov deyir ki, fəaliyyət planında ətraf mühitin qorunması ilə digər çox vacib qanunların müzakirəsi var…
Ətraf mühitin qorunması üzrə ekspert Azər Qarayev vəd etdi ki, 2015-ci ildə hökumətə yeni məcəllənin layihəsi təqdim ediləcək.

Meşələr ağciyərimizdir? Bunu dərk edirikmi?

Meşələrə xitabən meşələr kainatımızın ağ ciyərləridir deyirik. Amma tam əminliklə deyə bilərəm ki, meşələrin həyatımızda oynadığı rolun mühümlüyünü sona qədər dərk etmirik. Elə ona görə də bundan da vacib problemlərimiz var deyərək “meşələr qırılır”, “qiymətli ağac növləri kəsilir”, “meşələrdə istirahər mərkəzləri tikilir” kimi xəbərlərə əhəmiyyət vermirik. Halbuki, meşələr doğurdan da hər birimizin mövcudluğu, sağlamlığı üçün əvəzsiz rol oynayır. Yəqin ki, bunun doğruluğunu dərk etsək hər birimiz nəinki ağacları, onun yarpaqlarını da qoruyarıq.
Əslində meşə insanın havası, suyu, qidası və ən əsası sağlamğının keşikçısıdır. Konkret rəqəmlərlə danışaq ki, meşələrin əhəmiyyəti bir daha aydınlaşsın.
Meşələrin təbiətdə ən böyük rolu — hər hektarın il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen ixrac etməsidir. 1 ha meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur, bu da 1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir.
Oksigenlə zəngin hava canlı orqanizmlərin normal tənəffüsü üçün nə qədər əhəmiyyətlidirsə, efirli fitonsid maddələr xəstəlik törədən mikrob və virusları təbii üsullarla məhv edilərək havanın saflaşdırılmasında bir o qədər əhəmiyyətlidir. Şam ağacının ayırdığı fitonsid maddələr vərəm çöplərinə, ardıc ağacının fitonsid maddələri difteriya və qarın yatalağı çöplərinə öldürücü təsir göstərir. Bir hektar ardıc meşəsi gün ərzində 30 kiloqram efirli maddə ayırır ki, bu da kiçik bir şəhərin havasını bir sutka mikrob və viruslardan təmizləməyə kifayət edir.
Meşələr bulaqları, bulaqlar da meşələri qoruyar. Meşələr qırıldıqca bulaqlar quruyur, bu səbəbdən də bir vaxtlar bol suyu olan çaylar indi kiçik arxlara bənzəyir. Meşələrə münasibət bu cür davam edərsə, sudan korluq çəkməyən kəndlərimiz su üzünə həsrəit qalacaqlar.
Meşələrimizdə 1536 cinsə aid olan 150 növ yabanı meyvə bitkiləri mövcuddur. Bu bitkilərdə min tonlarla adi qoz, alma, armud, zoğal, alıca, əzgil, fındıq, xurma, yemişan, şabalıd, böyürtkən və s. yabanı meyvə məhsulu var. Bu meyvələrdən 30%-i istismar əhəmiyyətli məhsullardır və bunlardan da istifadə edirik.
Meşələr torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya-gigiyena baxımından saflaşdırır. Meşələr həm də torpaqda su balansını nizama salır, kəskin iqlim dəyişikliyinin qarşısını alır, güclü küləklərin təsirini zəiflədir, sovrulan qum kütlələrinin hərəkətini saxlayır, sellərin və torpaq sürüşməsinin qarşısını alır. Meşələr qar örtüyünün bərabər yayılması və tədricən əriməsinə imkan yaradır, buxarlanmanı zəiflədir, süxur sularının səviyyəsini endirir. Meşələr havanı tozdan, avtomobil və sənaye müəssisələrinin buraxdığı zərərli maddələri təmizləyərək, güclü filtr rolunu oynayır. Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir. Yəni meşələrdən oduncaq kimi istifadə qadağandır.
Standartlara görə, normalda ölkə ərazisinin 23 faizi meşədən ibarət olmalıdır. Bizim ümumi meşə fondumuz 1213,7 min hektar, o cümlədən meşə ilə örtülü sahə 1021 min hektardır. Bu da ölkə ərazisinin 11,8 faizini təşkil edir. Deməli Azərbaycan azmeşəli ölkələr sırasına daxildir. Ölkəmizdə adambaşına düşən meşə sahəsi təxminən 0,12 hektar təşkil edir ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 hektar) azdır…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 2494