Zəngəzur – Azərbaycan türklərinin maddi və mənəvi irsinin təşəkkül tapdığı müqəddəs məkan

Cəmiyyət

21.12.2023 - 12:59

Oradakı tarixi abidələr bölgənin türk-müsəlman mədəniyyətinin təkrarolunmaz nümunələri idilər

1921-cİ ildə Ermənistana verilmiş Qərbi Zəngəzur ərazisində Azərbaycan xalqının maddi-mənəvi irsinə aid çoxlu sayda tarixi, dini, mədəni abidələr (qayaüstü rəsmlər, qədim türk dilində yazılmış Nüvədi kitabələri, pirlər, ocaqlar, körpülər, qalalar, qəbiüstü kalloqrafik oymalar, sənduqələr, qoç və at fiqurları bu ərazilərdə yaşayanların mənəvi mədəniyyəti haqqında kifayət qədər ətraflı məlumat verir. VI-VII əsrlərdə tikilmiş Urud qalası, Oxçu qalası, XIII-XVI əsrlərə aid Səlim karvansarası, Çoban körpüsü, Sınıq Karvansara, Baba Haci məqbərəsi, Meğrı qalası və başqaları Zəngəzur bölgəsinin türk-müsəlman mədəniyyətinin təkrarolunmaz nümunələri idilər.

Qədim Albaniyanın tarixi vilayətlərindən olan Sünik Cənubi Qafqazda xristianlığın ilk yayıldığıı bölgələrdən biri hesab edilir. Xristianlığın qəbulundan sonra Sünikdə möhtəşəm məbədlər, kilsələr tikilməyə başlamışdı. Lakin VIII-IX əsrlərdən başlayaraq, bütün Albaniyada olduğu kimi, Sünikdə də erməni qriqorian kilsəsi alban kilsəsini sıxışdırmağa, xristian əhalisini sürətlə qriqorianlaşdırmağa başladı. Əvvəl alban kilsəsi olmuş Tatev kilsəsi 909-cu ildə erməni-qriqorian kilsəsinə çevrildi.

XI əsrdən başlayaraq Oğuz türklərinin Azərbaycana axınları ilə Zəngəzurda türk-etnik amili aparıcı amilə çevrildi. Bu dövrə aid tarixi-mədəni və dini abidələr, o cümlədən məşhur qoç heykəlləri, qəbir daşları sonralar erməni vandalları tərəfindən dağıdılıraq məhv edildi.

Yalnız Rus işğalından sonra ermənilərin Zəngəzura kütləvi köçürülmələri, 1905-197 və 1918-1921-ci il soyqırımları Sovet Ermənistanı rəhbərliyinin antitürk siyasəti Zəngəzurda türk-Azərbaycan amilinin getdikcə sıxışdırılıb çıxarılmsına gətirib çıxardı. Sovet dövründə azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti özünü əksər Azərbaycan kəndlərinin erməni kəndlərinə birləşdirilməsində, Azərbaycan məktəblərinin bağlanmasında, bölgənin türk mənşəli bütün toponimiyasının erməniləşdirilməsində, dini ibadət yerlərinin – məscidlərin, pirlərin, məqbərələrin məhv edilməsində göstərirdi.

Zəngəzurda azərbaycanlıların tərk etdikləri kəndlərdə yüzlərlə islam-türk və alban-xristian abidəsi: Ağudi kəndində qədim Alban qəbiristanlığının və kilsəsinin qalıqları, tağlı körpü, qala yeri, alban memarlıq mədəniyyətinə məxsus məşhur "Ağudi qəbirüstü abidəsi", məscid, Dəstəkert kəndində köhnə qəbiristanlıqdakı sənduqə formalı, üstü alban əlifbası ilə yazılı qəbir daşları, Ərəfsə kəndinin ərazisində yerləşən üstü Alban əlifbası ilə yazılı sənduqə formalı onlarla qəbir daşları, ərəb əlifbası ilə yazılı erkən orta əsrlərə məxsus qoç heykəlli qəbir daşları, Taxtakörpü çayının üzərindəki tağbənd formalı daş körpü, Qızıl kilsə adlanan qədim Alban məbədi, Murxuz  kəndi yaxınlığındakı "Qırxlar piri", Sofulu kəndi ərazisində qədim məscid, üstü yazılı, qoç şəkilli daşlar, kəndin yaxınlığındakı əzəmətli "Daş qala" adı ilə tanınan müdafiə qalasının qalıqları, Şəki kəndinin cənubunda yerləşən “Darvaza döşü” qalasının və 2 məscidin uçuqları, 1975-ci ildə ermənilər tərəfindən dağıdılaraq yerində Böyük Vətən Müharibəsində həlak olanlara abidə qoyulmuş Alban kilsəsi, məşhur Qoşundaş abidəsi, kənd qəbiristanlığındakı Seyid Mir Hüseyn günbəzi və qədim daş kitabələr, Şahverdilər kəndi yaxınlığındakı Alban kilsəsinin və qəbiristanlığının qalıqları, Şurnuxu kəndinin ətrafında qədim kilsənin və qəbiristanlığın qalıqları, Kəpəz dağındakı pir, Meğri rayonunda IX-X əsrlərə aid Alban kilsələri, qəbirüstü abidələr, məqbərələr, o cümlədən, məşhur Baba Haci məqbərəsi, tağlı daş körpülər, Nüvədi kəndi yaxınlığındakı Qarqadaşı dağında tapılmış qədim daş kitabələri, Kefaşen kəndində XVII-XVIII əsrlərə aid məscid, Oxçu kəndində XVIII əsrə aid 2 məqbərə, Zeyvə kəndində XIII-XIV əsrlərə aid məqbərə, Lehvaz kəndindəki məqbərə (XIX əsr), ibadət üçün uzaq yerlərdən ziyarətçilərin gəldiyi Buğukar piri Azərbaycan türkünün Zəngəzurda qalmış və ermənilər tərəfindən məhv edilmiş mədəni irsinin yalnız bir neçə nümunəsidir.

Qərbi Azərbaycan ərazisində maddi mədəniyyət nümunələrinin saxtalaşdırılmasının və mənimsənilməsinin ən geniş formalarından biri ermənilər tərəfindən burada yaşı minilliklərlə ölçülən, Urartu, Alban, Bizans, Türk və s. mənşəli atəşpərəstlik, xristian məbədlərinin, müdafiə qalalarının, kitabələrin və digər maddi mədəniyyət abidələrinin özününküləşdirilməsi və bu gün dünya ictimaiyyətinə erməni-hay abidələri kimi təqdim olunmasıdır. Bunun isə heç bir elmi əsası yoxdur. Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində qalmış tarixi-mədəniyyət abidələrinin əksəriyyəti Azərbaycan türklərinə məxsusdur.

1980-ci illərin II yarısında SSRİ-də vüsət alan dəyişiklərdən ruhlanan, “Yenidənqurma” və “Aşkarlıq” pərdəsi altında gizlənən erməni millətçiləri Kremldəki yüksək dairələrin də havadarlığından istifadə edərək Azərbaycan qarşı torpaq iddiaları ilə çıxış etməyə başladılar. Azərbaycan xalqı XX əsrin əvvəllərində və ortalarına olduğu kimi, əsrin sonlarında da növbəti dəfə erməni xəyanətkarlığının acı nəticələri ilə üzləşməli, yeni faciələr və fəlakətlər yaşamalı oldu. Erməni millətçilərinin 1988-ci ildə başladıqları «Qarabağ» fitnəkarlığı həm də Ermənistan SSR-də yaşayan azərbaycanlıların öldürülməsi və kütləvi deportasiyası ilə müşayiət olundu. Qondarma “Dağlıq Qarabağ” məsələsinin qızışdırılması fonunda Sovet rəhbərliyinin susqun dəstəyi və Sovet ordusunun bilavasitə iştirakı ilə Ermənistanda yaşayan 200 mindən artıq azərbaycanlı ən zorakı üsullarla öz doğma torpaqlarından, yurd-yuvalarından deportasiya olundu. Etnik təmizləmə zamanı on minlərlə insan qətl edilmiş, şikəst edilmiş və itkin düşmüşdü. Onların əmlakı, var-dövləti erməni quldurları tələfindən ələ keçirilmiş, nəticədə didərgin düşmüş azərbaycanlı əhaliyə milyardlarla ziyan vurulmuşdu. Ermənistan SSR-dən ilk qaçqın dalğası məhz Zəngəzurdan başladı. Həmin il ərzində Zəngəzurun demək olar ki, bütün azərbaycanlı əhalisi öz doğma yurdlarından deportasiya olundu. 1991-ci ilin avqustunda Zəngəzurun azərbaycanlılar yaşayan sonuncu kəndinin - Mehri rayonunun Nüvədi kəndin əhalisinin qovulması ilə Zəngəzur bölgəsinin və Ermənistan Respublikasının əhatə etdiyi bütün torpaqların «türksüzləşdirilməsi» prosesi başa çatdırıldı.

Kamran İsmayılov

“Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, AMEA Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent.

Müəllif: Ayna.az