Yeni konfiqurasiya, yoxsa yeni konfrontasiya?

Siyasət

12.09.2022 - 10:19

“Siyasi partiyalar haqqında” yeni qanundan gözləntilər

Milli Məclis “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini müzakirəyə çıxarıb. Siyasi partiyalar haqqında mövcud qanun 1992-ci ilində yayında qəbul edilib və  ötən müddət ərzində dəfələrlə dəyişikliklərə məruz qalıb. Hazırkı qanun 4 fəsil və 22 maddədən ibarətdir. Yeni qanun layihəsində isə siyasi partiyalarla bağlı məsələlərin 6 fəsil və 30 maddə ilə tənzimlənməsi nəzərdə tutulur.

Qanun layihəsində, əsasən siyasi partiyaların yaradılması, qeydiyyata alınması və ləğvi qaydalarında dəyişikliklər, siyasi partiyaların fəaliyyətinə nəzarət təklif olunur. Bu qanun layihəsində siyasi partiyaların qeydiyyata alınması üçün tələb edilən minimum üzvlərin sayının 10 minə qaldırılması təklif olunur. Hazırda isə bu tələb min nəfərdir.

Bundan əlavə, iki dəfə ardıcıl olaraq, parlament, prezident və ya bələdiyyə seçkilərində iştirak etməyən partiyaların dövlət qeydiyyatı ləğv ediləcək. Siyasi partiya yaratmaq üçün ən azı tam fəaliyyət qabiliyyətli 200 təsisçi olmalıdır.

Yeni qanun qəbul edilənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu qanunun qüvvəyə mindiyi tarixdən etibarən 90 gün müddətində üzvlərinin sayının 10 minə çatdırılması üçün tədbirlər görməlidir. Eyni zamanda, onların reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma təqdim etməlidir. Əgər hansısa çatışmazlıqlar aşkar edilərsə və siyasi partiya qanunda göstərilən müddətdə bunu aradan qaldırmazsa, onda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldıra bilər.

Müzakirəyə çıxarılan qanun layihəsinin siyasi partiyaların fəaliyyətini məhdudlaşdıracağını söyləyənlərlə yanaşı, bu qanun layihəsinin ölkədə siyasi aktivliyi artıracağını düşünənlər də var. İkincilərin qənaətinə görə, minmimum 10 min üzv və 200 təsisçi tələbindən sonra siyasi partiyalar daha ciddi təsisata çevriləcək. Müxalifət liderləri isə qanunun onlara qarşı yönəldiyini və fəaliyyətlərinə maneçilik yaratmaq üçün hazırlandığını bəyan edirlər.

AYNA mövzunu siyasi partiya yetkililəri ilə müzakirə edib.

YAP-çı deputat Məşhur Məmmədov hesab edir ki, yeni qanun layihəsi siyasi partiyaların fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır: “Son prezident seçkilərindən sonra inaqurasiya çıxışı zamanı cənab Prezident İlham Əliyev bəyan etdi ki, ölkəmizdə köklü islahatlar aparılacaq. Ötən müddət ərzində Azərbaycanda bütün hakimiyyət qollarında – mərkəzi və yerli icra hakimiyyətləri, qanunverici, məhkəmə və demək olar ki, bütün sahələrdə islahatlar aparıldı. Bu islahatların mahiyyətində isə idarəetməyə yeni nəfəs gətirmək, müasir dövrün tələblərinə cavab vermək, qanunvericilik bazasını təkmilləşdirmək kimi mühüm məqamlar yer alır”.

“Son illərdə ölkəmizin siyasi həyatında da önəmli dəyişikliklər baş verməkdədir. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə siyasi partiyalar arasında əməkdaşlıq gücləndirilib, yeni siyasi konfiqurasiya formalaşıb. Nəzərə alanda ki, “Siyasi partiyalar haqqında” qanun layihəsi 30 ildən artıqdır ki, qəbul olunub, bu qanunun da yenilənməsinə, müasir dövrün tələbləri ilə uyğunlaşdırılmasına ciddi ehtiyac var”, - deyə deputat bildirib.

Məmmədovun fikrincə, yeni qanunda nəzərdə tutulan müddəalar siyasi partiyaların əhəmiyyətini artıracaq: “Buna qədər siyasi partiya təsis etmək üçün min üzvün olması kifayət edirdisə, artıq bu rəqəm 10 min təşkil edəcək. Eyni zamanda 200 təsisçinin iştirakı ilə partiyaların təsis olunması nəzərdə tutulub. Siyasi partiya ictimai təşkilat deyil və ortaya siyasi iddia qoyursa, o zaman ən azı 10 min üzvü öz ətrafında birləşdirməsi şərtdir. Partiyaların əsas fəaliyyəti həm də seçkilərdir. Seçkilərdə iştirak etməyən partiyaların da fəaliyyətinə nəzarət olunmalıdır. Qanunda bununla bağlı nəzərdə tutulan məqamlar da müsbətdir. Təklif olunan layihədə siyasi partiyalara dövlət və yerli özünüidarəetmə orqanlarına təkliflər vermək, hüquqi aktların layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək hüququ da verilir. Qanunda partiyanın qeydə alınması və fəaliyyəti şərtləri xeyli dərəcədə sadələşdirilib. Hesab edirəm ki, qanun layihəsi Azərbaycan dövlətinin, cənab Prezident İlham Əliyevin müəyyən etdiyi hədəflərə uyğun olaraq, demokratikləşmə prosesinin daha da dərinləşdirilməsinə xidmət edir”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə yeni qanun layihəsinə qarşıdır: “Bu qanun Rusiyada mövcud olan “Siyasi partiyalar haqqında” qanundan köçürülüb. Hətta deyərdim ki, Rusiyada işlək olan qanundan daha mürtəcedir. Hesab edirəm ki, son dövrlər Azərbaycanda qəbul edilən bütün qanunlar kimi, bu qanun da hakimiyyətin maraqlarına xidmət edir. Əsas məqsədləri müxalifət partiyalarının fəaliyyətinə mane olmaq, bütün siyasi partiyaları öz iradəsinə tabe etdirməkdir. Kim ki, onların iradəsinin əleyhinə fəaliyyət göstərəcək, həmin partiyaların ya qeydiyyatını ləğv edəcək, ya da qeydə almayacaqlar”.

“Olduqca biabırçı bir qanundur. Əgər düşünürlərsə ki, bu yolla müxalifəti sıradan çıxara biləcəklər, yanılırlar. Azərbaycanda sərbəst toplaşmaq, demokratik seçki azadlığı yoxdur. Vətəndaş cəmiyyəti institutlarının, müstəqil mətbuatın, siyasi partiyaların fəaliyyətinə ciddi maneçiliklər mövcuddur. İnsanları siyasi baxışlarına görə təqib edirlər. Bu, onsuz da belədir. Bu qanun nəyi dəyişəcək ki?! Hakimiyyətin mövqeyi ortadadır və bu qanun layihəsi də bu siyasətin ifadəsi və tərkib hissəsidir”, - deyə Aslanlı bildirib.

Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə də o fikirdədir ki, yeni qanun layihəsi bir sıra mənfi məqamları ilə diqqət çəkir: “Qanun layihəsində nəzərdə tutulub ki, dövlət qeydiyyatına alınmayan siyasi partiyalar fəaliyyət göstərə bilməz. Bu, tamamilə məntiqsiz və əsassız bir tələbdir. Partiyaların baykot hüququnun pozulması da qəbul edilməyən məqamlardandır. Hesab edirəm ki, siyasi partiyaların qeydiyyatı sadələşdirilməlidir”.

“Yeni layihədə isə bu, daha da sərtləşdirilir. On min üzvlə siyasi partiya qeydə alınırsa, istər prezident seçkilərində 45 min, istər parlament seçkilərində 450, istərsə də bələdiyyə seçkilərində 25, 50, 100 imza toplanılması ilə bağlı təkliflər indidən gündəmdən çıxarılmalıdır. “Siyasi partiyalar haqqında” qanun siyasi partiyaların tərəqqisinə xidmət etməlidir. Daha onların fəaliyyətinə maneçiliklər yaratmamalıdır”, - deyə partiya sədri vurğulayıb.

Öz növbəsində siyasi fəal Azər Qasımlı hesab edir ki, hakimiyyət siyasi meydanı tamamilə boşaltmaq niyyətindədir: “Yeni qanun layihəsində qeyd olunur ki, 20 il Azərbaycanda yaşayan adam partiya yarada bilər. Bu, hansı məntiqə sığır, hansı təcrübədə görünüb?! Eyni zamanda partiya qeydiyyatı üçün 10 min üzv tələbi qoyulur. Bu gün Azərbaycanda nə qədər partiyanın 10 min üzvü var ki?! Görünən odur ki, istədikləri partiyalara “yaşıl işıq” yandırıb onları qeydiyyata alacaq, istəmədiklərini isə kənarda qoyacaqlar. Yəni, avtoritar meylləri daha da gücləndirməyə çalışacaqlar”.

“Hansısa vətəndaş rəsmi olaraq partiya üzvü olmaya bilər, amma həmin partiyaya dəstək verə bilər. Hesab edirəm ki, partiya qeydiyyatı üçün tələb olunan üzv sayını azaltmaq lazım idi, çoxaltmaq yox. Bütün hallarda mürtəce bir qanun layihəsidir və hakimiyyətin mahiyyətinə uyğundur”, - deyə Qasımlı qeyd edib.

Müəllif: Azər Niftiyev