Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə vətəndaş yaşadığı evə göndərilib
Daşkəsən rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini Asif Ellazalıyev ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.
Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib. Fakla bağlı RPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.