Ya təhlükə siqnalı, ya da padşahdan xələt qoparmaq niyyəti – Kadırovdan "gurultulu" bəyanat

Dünya

29.12.2021 - 13:30

Dmitri Zolotuxin: “Onun ilk belə açıqlaması 2014-cü ildə olmuş və ardınca Rusiya rəsmi olaraq Ukraynaya qarşı təcavüzə başlamışdı”

Mixail Qonçaq: “Kadırov növbəti dəfə Putinin çəkmələrini yalamaq istəyir ki, əlavə pul qazansın”

Çeçenistan Prezidenti Ramzan Kadırov bazar günü axşam çox təhlükəli və təxribat xarakterli bəyanatla çıxış edib. “RİA Novosti”nin xəbərinə görə, o deyib ki, əgər Ukrayna Prezidenti Vladimir Zelenski anti-Rusiya siyasətini davam etdirsə, o zaman Ukrayna Rusiyaya birləşdirilə bilər.

“Mən dərindən əminəm ki, əgər cənab Zelenski və onun komandası belə davranarsa, o zaman Ukrayna ölkəmizə birləşdirilməlidir. Ukraynalılar bizim xalqımızdır, bura bizim ərazimizdir. Bu, mənim fikrimdir”, - deyə Kadırov Qroznıdakı mətbuat konfransında bildirib.

O, həmçinin Ukrayna problemini özü həll etməyə hazır olduğunu iddia edib: “Mənə göstəriş verilsəydi, bu məsələni çoxdan həll edərdim. Ya Çeçenistanı Ukraynaya birləşdirərdim, ya da oranı götürər və məsələni orada həll edərdim. Amma dövlət müqavilələri var ki, belə qərarların qəbuluna imkan vermir”.

Çeçenistan əlavə edib ki, Qərb dövlətləri Ukraynada öz hərbi bazalarını qurmaqda və bununla da Rusiyaya şərtlər diktə etməkdə maraqlıdır: “Əminəm ki, prezidentimiz buna imkan verməyəcək. Biz isə sıravilər problemsiz gedib əmri yerinə yetirməyə hazırıq. Çünki dövlətin və xalqımızın bütövlüyü, təhlükəsizliyi hər şeydən önəmlidir”.

Bu bəyanatın hədəfi nədir? Bu, müstəqil aqressiv ritorikadır, yoxsa Kremldəki kuratorların təklifi ilə edilən çıxış? Açıqlama nəyəsə bir siqnaldırmı?

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

Ukraynanın informasiya siyasəti nazirinin keçmiş müavini, Postinformasiya Cəmiyyəti İnstitutunun direktoru, Kiyev-Mogilyan Akademiyasının müəllimi Dmitri Zolotuxin:

“Ramzan Kadırovun “Çeçenistan Respublikasının Ukraynaya birləşməsi” ilə bağlı bəyanatı kontekstində ən azı üç çox mühüm aspekti qeyd etmək lazımdır:

Birincisi, Kadırovun bəyanatı birbaşa olaraq Çeçenistan Respublikasının 23 mart 2003-cü il tarixli Konstitusiyasının 59-cu maddəsinin normalarına ziddir və onları pozur. Orada sözün əsl mənasında deyilir ki, “Çeçenistan Respublikasının statusu və sərhədləri Çeçenistan Respublikasının bütün ərazisində referendum yolu ilə ifadə edilən Çeçenistan Respublikası xalqının iradəsi olmadan dəyişdirilə bilməz”. Açığı, belə bəyanatlar verən Kadırov heç bir referendum keçirməyib və vətəndaşların fikrini soruşmayıb.

Ukrayna tərəfi nəzəri cəhətdən Çeçenistanı öz ərazilərinə birləşdirə bilsə belə, bunun üçün həm də Ümumukrayna referendumu lazımdır. Bununla belə, tamamilə əminəm ki, ukraynalılar bunu heç vaxt bir deyil, ən azı iki müharibədə (Rusiya imperiyasının Qafqazda daimi düşmənçiliklərini nəzərə almasaq) aqressiyasını saxlaya bilən böyük çeçen xalqına dərin ehtiramlarından dolayı etməzdilər. Mən Poltavada doğulub böyümüşəm. Çeçenistan Respublikasının ilk Prezidenti Cövhər Dudayev orada aviasiya alayında xidmət edirdi. Hələ tələbə olanda onunla çiyin-çiyinə xidmət edən ukraynalı zabitlərlə danışmışam. Onların fikrincə, o, şərəf, ləyaqət, qürur və xalqına məhəbbətin etalonu idi. Ona görə də Çeçenistanın Ukraynaya birləşdirilməsi absurd olmasaydı, müəyyən ehtimal olsaydı belə, iki xalqın qarşılıqlı hörməti buna imkan verə bilməzdi.

İkincisi, Ramzan Kadırovun təxribatı bütün aspektləri ilə 7-8 il əvvəlki təxribatı eyniliklə təkrarlayır. İlk dəfə belə təxribat 2014-cü il martın 1-də Rusiya Federasiyası rəsmi olaraq Ukraynaya qarşı təcavüzə başladığı zaman həyata keçirilmişdi. Həmin vaxt Rusiya Federasiyasının Federasiya Şurası Vladimir Putinə Rusiya ordusundan Ukraynaya qarşı istifadə etməyə icazə verən qətnamə qəbul etmişdi. Bu qorxunc addımı Rusiya vətəndaşlarına izah etmək üçün Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Aleksey Qromov tabeliyində olan şəxslərlə birlikdə “feyk” xəbər hazırlamışdı: guya “Sağ sektor”un lideri Dmitri Yaroş sosial şəbəkələr vasitəsilə çeçen terrorçu Doku Umarova açıq şəkildə müraciət edərək, Kremlə qarşı birlikdə çıxmağı təklif etmişdi. Təbii ki, bu “feyk” Rusiya mətbuatı vasitəsi ilə həvəslə yaılırdı. Həmin vaxt Doku Umarov artıq beş ay idi ki, ölmüşdü. 2013-cü ilin sentyabrında o, FSB killerləri tərəfindən məhv edilmişdi.

Mən bu işi araşdırmışam və tam məsuliyyətimlə qeyd edə bilərəm ki, belə bir absurd müraciətin yerləşdirildiyi “Sağ sektor” “VKontakte” səhifəsinə nəzarət edən Rusiya xüsusi xidmət orqanlarına bağlı şəxslər tərəfindən ələ keçirilmişdi. Lakin saxta xəbərə həyat verən Ramzan Kadırovun bu təribatda iştirakı olub. Kadırov bu saxtakarlığa cavab olaraq, Rusiyanın bütün aparıcı KİV-lərinin sitat gətirdiyi açıq bəyanatla çıxış edib. Bundan sonra Ukrayna ilə bu günə qədər davam edən müharibə başladı. Məhz Kadırovun yenidən Kreml marionetlərinin əlində oyuncaq olması çox ciddi narahatlıq doğurur. Çünki sonuncu dəfə eyni təxribatdan sonra Kreml Ukraynaya qarşı təcavüzə başlamışdı.

Və nəhayət, üçüncüsü, bu cür təxribat son vaxtlar tez-tez baş verir. Bir neçə gün əvvəl Kremlin başqa bir marioneti Aleksandr Lukaşenko bəyan etdi ki, Krım Rusiya ərazisidir və bununla da o, beynəlxalq hüququ və Ukraynanın ərazi bütövlüyünü pozur.

İndi Kadırov Ukrayna və Çeçenistanın ərazi bütövlüyünün pozulması ilə bağlı təxribat xarakterli bəyanatla çıxış edir. Açığı, Kremlin kukla idarə edənlərinin planına görə, bu cür təxribatlar ukraynalıların lüzumsuz şiddətli reaksiyasına səbəb olmalıdır. Bu da öz növbəsində “casus belli” (müharibə səbəbi) kimi istifadə edilə bilər.

Bu taktikadan tez-tez əyləncə üçün müxtəlif komandaların azarkeşləri arasında davalar təşkil edən futbol xuliqanları istifadə edirdilər. Belə ki, iki fan-klub hardasa öz aralarında dava salmaq istəsə, “döyüş meydanı”na ilk sıçrayan dəstələrin gənc nümayəndələri olur, qışqırıb, təhqir edib, rəqiblərini hər cür təhrik edirlər. Onların vəzifəsi düşmənin təcavüzünü alovlandırmaq və onu ilk tələsik addımı atmağa məcbur etməkdir. Bundan sonra quldur dəstələrinin artıq yetkin nümayəndələri də qırğına cəlb edilir.

Xoşbəxtlikdən, Ukraynadakı müharibənin səkkizinci ilində Putinin belə ikihərəkətli gedişini oxumaq çox sadədir və sadəlövh görünür. Ukraynada hər kəsə tam aydındır ki, Kadırovun sözləri Kremldə oturan kuklaçının əlindəki oyuncaq rəqsindən başqa bir şey deyil. Ukraynada sülhün əsas düşməni Kadırov deyil, çeçen xalqı deyil”.

Ukraynalı politoloq, “Strategiya XXI” Qlobal Araşdırmalar Mərkəzinin rəhbəri, “Qara dəniz təhlükəsizliyi” jurnalının baş redaktoru Mixail Qonçar:

“Aydındır ki, Kadırov növbəti dəfə Putinin çəkmələrini yalamaq istəyib. O, bunu elə-belə etmir. İlin sonudur. Kreml 2021-ci ilin nəticələrinə əsasən bonuslar paylayır və 2022-ci il üçün pul ayırır. Gələn il üçün federal büdcədə respublikaya 36,8 milyard rubl vəsaitin ayrılması nəzərdə tutulsa da, görünür, Kadırov büdcənin digər maddələrindən, daha məqsədəuyğun olaraq isə büdcədənkənar əlavə pul almaq istəyir.

"Çeçenistan Respublikasının büdcəsi" adlanan Kadırovun fondunun 80%-dən çoxu federal subsidiyalar və subvensiyalardan ibarətdir. 2014-cü ildə mərkəzdən köçürmələrin həcmi 17,5 milyard rubl, 2021-ci ildə isə 33,5 milyard rubl təşkil edib. Parazitizm dinamikası göz qabağındadır. Keçən il Kadırov “Balanslaşdırılmış büdcəni təmin etmək üçün” Mişustindən əlavə 3,7 milyard rubl pul çıxara bildi.

Gələn il daha çox almaq istəyir. Bunu əldə etmək asan deyil, çünki 2022-ci ildə 10 rayon, o cümlədən Rusiya Federasiyasının ən yoxsullarından biri olan Vologda vilayəti federal subsidiya alanlar siyahısından çıxarılıb.

Belə şəraitdə daha çox şey əldə etmək üçün janr qanunlarına görə satrap Kreml hökmdarının qarşısında nə iləsə fərqlənməlidir. Moskvada təkcə Lavrov, Zaxarova, Şoyqu, Kozak, Qrızlov və başqaları “Ukrayna məsələsi” sahəsində çalışmamalıdır. Beləliklə, aktual mövzu ilə bağlı sözlər axını əlavə milyardlar alacağı gözləntiləri ilə ayaq açdı. Ümid edirlər ki, padşah nökərin çalışqanlığına qiymət verəcək”.

Müəllif: Rauf Orucov