“Ya Kremlin ambisiyalarını boğacaqsınız, ya da yeni “rus dünyası”nın yaradılmasını izləyəcəksiniz”

Dünya

23.12.2021 - 15:12

Amiran Xevtsuriani: “Qərbin son illərdə göstərdiyi zəiflikdən və infantilizmdən qidalanan Moskva artıq hücuma keçərək Avropanı təsir dairələrinə bölür”

Yevgen Maqda: “Rusiyanın növbəti addımı Kalininqradda və Krımda nümayişkaranə şəkildə nüvə silahının yerləşdirilməsi ola bilər”

Mövzu çox maraqlı inkişaf edir - ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol öz “Twitter” səhifəsində ABŞ və NATO ilə “təhlükəsizlik zəmanətləri” üzrə danışıqlar layihəsi ilə bağlı Kremlin irəli sürdüyü şərtlərə cavabını paylaşıb. Bu barədə “Qruziya Online” məlumat yayıb.

Makfolun Kreml üçün əsas şərtləri belədir: Rusiya Moldova, Gürcüstan və Ukraynadan qoşunlarını çıxarmalı və bu ölkələrin suverenliyini bərpa etməlidir: “İndi Putin yeni Avropa təhlükəsizlik sazişi ilə bağlı fikirlərini dərc etdiyinə görə, icazə verin, saziş layihəsinin bəzi əlavə məqamlarını təqdim edim:

Maddə 1: Rusiya qoşunlarını Moldovadan çıxarmağa və bu Avropa ölkəsinin tam suverenliyini bərpa etməyə razıdır.

Maddə 2: Rusiya qoşunlarını Gürcüstandan çıxarmağa razıdır, Abxaziya və Cənubi Osetiyanın (Sxinvali regionu - red.) müstəqilliyini tanımaqdan imtina edir və Gürcüstanın suverenliyini bərpa edir.

Maddə 3: Rusiya qoşunlarını Ukraynadan çıxarmağa razıdır, Krımı Ukraynaya qaytarır, Ukraynadakı separatçı qüvvələrə dəstəyi dayandırır və bu Avropa ölkəsinə tam suverenlik verir.

Maddə 4: Rusiya Kalininqraddan “İsgəndər” raketlərini çıxarmağa razıdır.

Maddə 5: Rusiya şəxsi və milli təhlükəsizliyin qorunmasının vacibliyini dərk edərək, istər Böyük Britaniya, istər Almaniya, istərsə də bütün Avropada yaşayan hər kəsi öldürmək üçün əməliyyatları dayandırmağa razıdır.

Maddə 6: Rusiya artıq imzalanmış sazişlərə, o cümlədən Yekun Helsinki Aktı, Paris Xartiyası və 1994-cü il Budapeşt Memorandumuna sadiqliyini təsdiq edir”.

“Daha çox şey əlavə edə bilərəm, amma danışıqlara başlamaq üçün kifayətdir. Etiraf edirəm ki, bu layihənin bəndlərində təfərrüat yoxdur (çünki bu, “Twitter”-dir!) Və onlar müxtəlif şərhlərə məruz qalırlar, lakin danışıqların bu səbəbdən davam etməsi mümkündür. Putin arzularının siyahısını dərc edib. Budur mənim arzularım. İndi biz bu iki sənəd arasında danışıqlara başlayacağıq”, - deyə Maykl Makfol qeyd edib.

Bu, çox düzgün və vaxtında edilmiş bir istehzadır. Əslində, səfir Kreml rəssmilərinin başlarını öz tullantılarına batırır. Çox maraqlıdır ki, bu balanslaşdırılmış tələblərə rəsmi Moskva tərəfindən heç olmasa, bir cavab veriləcəkmi? Beynəlxalq media məkanında özləri üçün uduzmaq ehtimalı olan belə bir dialoqa girməyə cəsarət edəcəklərmi? Və ola bilsin ki, digər Qərb siyasətçiləri də öz çıxışları ilə Makfolu dəstəkləsinlər.

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

Gürcüstan Texniki Universitetinin professoru, konfliktoloq, beynəlxalq münasibətlər üzrə elmlər doktoru Amiran Xevtsuriani:

“Gəlin, ondan başlayaq ki, dekabrın 17-də Kreml Xarici İşlər Nazirliyi vasitəsilə, faktiki olaraq Qərbə ultimatum təqdim edib: Moskva NATO və ABŞ-ı 1997-ci ildən əvvəlki dövrə, yəni ölkələr qarşısında qoşun və silahları öz mövqelərinə qaytarmağa çağırır. Şərqi Avropa NATO-ya daxil oldu. Moskva həmçinin Alyansın genişlənməsini dayandırmaqda və Ukraynanın ona qoşulmasına mane olmaqda israrlıdır. Layihəyə görə, NATO Ukrayna, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyada hərbi əməliyyatları dayandırmalıdır.

Yəni nə əldə etdik? Qərbin son illərdə göstərdiyi zəiflikdən və infantilizmdən qidalanan Moskva artıq hücuma keçərək Avropanı təsir dairələrinə bölür. Hər halda, şəxsən mən hadisələrə belə baxıram. Ona görə də Maykl Makfol kimi təcrübəli diplomatın açıqlaması vaxtında və adekvatdır. Makfol öz bəyanatında Kremllə söhbət üçün lazım olan tonu göstərib. Ümid edək ki, Qərbin indiki liderləri ondan nümunə götürəcəklər.

Əlbəttə, Moskva Makfolun bəyanatının həm məzmununu, həm də qiymətini anlayır, lakin Qərbin real birliyini və qətiyyətli qarşılıqlı addımlarını görməyincə, seçdikləri kursdan dönməyəcəklər. İndi növbə Qərbdədir: o, ya təslim olub yeni “rus dünyası”nın yaradılmasını sakitcə izləyəcək, ya da dərhal hərəkətə keçərək Kremlin ambisiyalarını boğacaq”.

Ukraynalı politoloq, Dünya Siyasəti İnstitutunun direktoru Yevgen Maqda:

“Düşünürəm ki, Obamanın prezidentliyi dövründə ABŞ ilə Rusiya arasında münasibətlərin yenidən qurulmasının memarlarından olan Maykl Makfolun mövqeyi indiki vəziyyətdə yeganə mümkün mövqedir. Çünki Rusiya Xarici İşlər Nazirliyinin səsləndirdiyi tələblər əslində ultimatumdur və təklif olunan bəndlərdən ən azı birinə müsbət reaksiya həm NATO, həm də ABŞ üçün çox ciddi məğlubiyyət olacaq.

Mən çox ümid edirəm ki, həm Vaşinqton, həm də Brüssel bunu başa düşür. Əslində, Rusiya da bu hesablamadan çıxış edərək, belə bir təklif irəli sürdü ki, ona cavab verilsin, onunla belə bir müzakirəyə çəkilsinlər.

Mən onu da başa düşürəm ki, növbəti addım Ukrayna ilə sərhədlərdə gərginliyin artması və ola bilsin ki, Kalininqrad vilayətində və Rusiyanın işğal etdiyi Krımda nümayişkaranə şəkildə nüvə silahının yerləşdirilməsi olacaq. Rusiya qəsdən gərginliyi artırır və bununla da bütün dünyaya dünyanın aparıcı dövlətləri ilə bərabər olmaq istədiyini, aparıcı dövlətlərdən biri statusuna qayıtmaq istədiyini nümayiş etdirməyə çalışır. Ancaq eyni zamanda, bilməliyik ki, işğalçıya imkanlar vermək həmişə bütün sivil dünya üçün problemə çevrilir”.

Müəllif: Rauf Orucov