Xuntanın əsarətindəki ermənilərin reinteqrasiyası - Fürsət var, amma...

Aktual

10.01.2023 - 18:17

Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün şərait var, mexanizm isə bəlli deyil

Bir neçə gün bundan əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə yaşayan mülki erməni sakin Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib. O, ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirib. Qarabağın erməni sakininə yemək, siqaret verilib, ona qayğı ilə yanaşılıb. Bu gün Şuşada - Xankəndi-Laçın yolu üzərindəki aksiya yerində həmin dinc erməni sakin Xankəndiyə yola salınıb. Həmin anlar Laçın yolunda keçirilən aksiyanı işıqlandıran Azərbaycan telekanallarında kameralarına düşüb.

Bu fakt bir daha Azərbaycanın humanist mövqeyini, aksiyanın dinc xarakter daşıdığını, yolun humanitar məqsədlər üçün açıq olduğunu nümayiş etdirir. Digər tərəfdən, erməni sakininin kömək üçün müraciəti Qarabağda özünü “dövlət naziri” adlandıran Ruben Vardanyanın girovuna çevrilmiş 25-30 min nəfərlik erməni əhalisinin hansı vəziyyətdə saxlandığını, onların xoşbəxt həyatının, təhlükəsizliyinin ancaq və ancaq Azərbaycan dövlətindən asılı olmasının nümunəsidir.

Başqa bir tərəfdən, bu fakt onu göstərir ki, Qarabağın mülki erməni əhalisinin reinteqrasiyası ilə bağlı addımlar atılmalıdır. Xatırladaq ki, bundan öncə də Azərbaycanın dövlət rəsmiləri tərəfindən ermənilərin reinteqrasiyası ilə bağlı mesajlar verilmişdi.

Politoloq Fərhad Məmmədov AYNA-ya deyib ki, Azərbaycan reinteqrasiya üçün işlər görür, amma bu, asan proses deyil.

Onun sözlərinə görə, mövcud problemlərin aradan qaldırılması genişmiqyaslı işlərin görülməsini tələb edir: “Müharibədən keçən dövr ərzində Azərbaycan bu məsələ ilə bağlı niyyətini ortaya qoyub, konkret addımlar da atılıb. Qarabağ iqtisadi rayonunun yaradılmasına və Prezident İlham Əliyevin həmin rayon üzrə xüsusi nümayəndəsinin mövcudluğuna bu aspektdən baxa bilərik. Azərbaycan tərəfi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə yaşayan ermənilərlə münasibətlərin qurulmasını istəyir. Ola bilsin ki, bu barədə mexanizm də hazırlanıb. Amma hələlik konkret mexanizmlər təqdim olunmayıb. Lakin ən yüksək səviyyədə, Prezident səviyyəsində ermənilərin reinteqrasiyasında Azərbaycanın maraqlı olduğu bəyanatları verilib”.

“Hesab edirəm ki, proseslə bağlı intensivlik Ermənistanla münasibətlərin normallaşmasından sonra yaşana bilər. Bunun üçün isə sülh müqaviləsinin imzalanması, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması lazımdır”, - deyə analitik bildirib.

F.Məmmədov qeyd edib ki, konkret mexanizmlər məsələsinə aydınlıq gətirilməlidir: “Ermənilərə Azərbaycan vətəndaşlığını almaq üçün müraciət edə biləcəkləri konkret yer olmalıdır. Pensiya təminatından tutmuş, digər sosial məsələlərə qədər ermənilərə informasiyalar verilməlidir. Bundan sonra da ordakı erməni əhali qərar verməlidir. Onlar bu qeyri-müəyyənlik dövrünün uzadılmasını, ya da Azərbaycan vətəndaşı olaraq yaşamağı seçməlidirlər”.

“Düşünürəm ki, mülki ermənilərdə Azərbaycan vətəndaşlığını qəbul edəcək şəxslər çoxdur. Sadəcə onlar xunta rejiminin təzyiqlərindən çəkinirlər. Biz nə qədər erməninin Azərbaycana inteqrasiya etmək istədiyi fikrinə görə döyüldüyünü, zorakılığa məruz qaldığını görürük. Bu barədə videolar var”, - deyə həmsöhbətimiz əlavə edib.

Politoloq İlyas Hüseynov isə AYNA-ya şərhində söyləyib ki, ermənilərin reinterasiyası üçün yaxşı şərait var: "Azərbaycan Qarabağı bərpa edir, Şərqi Zəngəzurda böyük layihələr icra olunur. Bütün bunlar onu deməyə əsas verir ki, ermənilər reinteqrasiya prosesinə cəlb oluna bilərlər. Onsuz da ermənilərin reinteqrasiyadan başqa yolu da yoxdur”.

“İndi oraya Rusiya sülhməramlıları nəzarət edir. Yaxşı olardı ki, bölgədə gedən bütün proseslər rəsmi Bakının icazəsi və nəzarəti altında aparılsın. Buna doğru Azərbaycan addımlar atır, nəticələr də var. Hesab edirəm ki, məsələlərə Azərbaycan tam nəzarət edərsə, ermənilərin reinteqrasiyası da tezliklə baş tuta bilər”, - deyə Hüseynov izah edib.

Müəllif: Anar Bayramoğlu