Xocalı qurbanlarının xatirəsi Berlində anılıb

Xəbərlər

26.02.2024 - 16:49

Maarifləndirici buklet və broşürlər paylanılıb, “Şuşa həbsxanası-işgəncələr məbədi” sənədli filmi nümayiş olunub

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Berlində Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Şərifə Cəfərlinin təşkilatçılığı ilə anım tədbiri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən AYNA-ya bildirilib ki, əvvəlcə Xocalıda həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra iştirakçılar Ermənistanın Azərbaycana qarşı törətdiyi etnik təmizləmə siyasətinin bir parçası olan, tarixin ən dəhşətli qətliamlarından sayılan Xocalı soyqırımı barədə fikirlərini bölüşüb, bu cinayəti törədənlərin yaxın gələcəkdə beynəlxalq hüquq müstəvisində cavab verəcəklərinə, ədalətin bərqərar olacağına ümidlərini ifadə ediblər.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələrinin də qatıldıqları anım tədbirində Xocalıda bir gecədə 613 nəfərin qətlə yetirildiyi, 1200-dən çox sakinin girov götürüldüyü, 150 nəfərin taleyinin bu günə qədər məlum olmadığı bildirilib.

Anım mərasimindən sonra tədbir iştirakçılarına Xocalı həqiqətlərini əks etdirən maarifləndirici buklet və broşürlər paylanılıb, “Şuşa həbsxanası-işgəncələr məbədi” sənədli filmi nümayiş olunub.

Qeyd edək ki, Xocalı faciəsi qurbanlarının xatirəsi hər il olduğu kimi, bu il də dünyanın müxtəlif ölkələrində ehtiramla yad edilir. “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində diaspor təşkilatları tərəfindən Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, erməni işğalçılarının mənfur əməllərini beynəlxalq müstəvidə tanıtmaq məqsədilə müxtəli tədbirlər həyata keçirilir.

Müəllif: Ayna.az

Satranç ustadı

Dünən, 10:00 Aktual