Abşeron yarımadasının sakinlərinə 27-28 iyul xəbərdarlığı

Xəbərlər

26.07.2019 - 13:00

Həkimlər Klinikalar SEO Xidməti

Zəif şərq istiqamətli küləklərin üstünlüyü və havada rütubətin bir qədər çox olması gözlənilir ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər

 

Bakıda və Abşeron yarımadasında iyulun 27-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

 

Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 55-60 faiz olacaq.

 

Abşeron çimərliklərində

 

Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

 

İyulun 27-də əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 14-18, gündüz 22-27 dərəcə isti təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoz

 

İyulun 27-28-də Abşeron yarımadasında zəif şərq istiqamətli küləklərin üstünlüyü və havada rütubətin bir qədər çox olması gözlənilir ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Müəllif: Ayna.az