Xankəndidə yenidən “Miatsum” sədaları və ya 2025-ci ili gözləmək lazımdır

Aktual

23.02.2022 - 10:22

Fərid Şəfiyev: “Taktiki olaraq indi hansısa yolla Azərbaycanı sancmağa çalışırlar, ictimai rəyi qıcıqlandıran addımlar atırlar”

Azərbaycan hakimiyyətinin Qarabağın erməni əhalisinin əhəmiyyətli hissəsinin sonda Azərbaycan Respublikasının sıravi vətəndaşlarına çevriləcəyinə ümidlərinin əbəs olduğu. Müharibədən bir ildən çox vaxt keçir, lakin Rusiya hərbçilərinin nəzarəti altında olan ölkə ərazilərində yaşamaq üçün qalanların başçılarının bəyanatları bu sahədə heç bir nikbinlik yaratmır.

Fevralın 20-də Xankəndidə “Ermənistana birləşmək” tələbləri açıq şəkildə səsləndirildi. “Qafqazskiy uzel”ın məlumatına görə, fevralın 20-də səhər “Dağlıq Qarabağın hakimiyyət nümayəndələri və “Artsax Hərəkatı”nın 34-cü ildönümü münasibətilə fəallar Stepanakertdəki Xatirə Kompleksini ziyarət ediblər”.

Dağlıq Qarabağın “dövlət naziri” Artak Beqlaryan jurnalistlər üçün keçirdiyi brifinqdə qeyd edib ki, “20 fevral Artsaxın dirçəliş günü və vətənə birləşmənin başlanğıcıdır”.

"Düşünürəm ki, 2020-ci il müharibəsindən sonra bu günün əhəmiyyəti bizim şüurumuzda daha kəskin şəkildə ifadə olunur. İndi "Artsaxın dirçəlişi və Ermənistana birləşmək" çağırışı son nəticədə bizim məqsədimiz olaraq qalır, lakin aralıq həll yollarını - Artsaxın müstəqilliyinin beynəlxalq tanınması da qəbul etmək lazımdır. Lakin biz hamımız dərk etməliyik ki, Artsax vətənsiz mövcud ola bilməz və əksinə. Yalnız Ermənistanla birləşdikdən sonra Artsaxın dirçəlişindən danışmaq olar”, - Beqlaryan bildirib.

"Bu gün bizim borcumuz, xüsusən də müharibədən sonra 1988-ci ildə "Artsax hərəkatı"nın başlanğıcında olan əyilməz iradəmizi bərpa etmək və bunu gündəlik həyatımızda ifadə etməkdir. Biz ərazi bütövlüyümüzün bərpası üçün əlimizdən gələni etməliyik, müstəqilliyimiz üçün sonadək mübarizə aparmağa hazır olmağımız bütün dünyaya unikal siqnaldır”, - “Vahid Ana Vətən” partiyasının nümayəndəsi, Dağlıq Qarabağ “parlamentinin vitse-spikeri” Qaqik Baqunts öz növbəsindəə bildirib.

““Miatsum” ideyasının rədd edilməsi bizi faciəyə sürüklədi. Biz azadlıq hərəkatımızın əsas məqsədindən ayrılmasaydıq, birləşmə yolu ilə getsəydik, o zaman fövqəlgüclərin oyun kartına çevrilməzdik. Bu gün ermənilər birləşməli və ədalət uğrunda mübarizəni davam etdirməlidirlər - yolumuz nə qədər çətin və yorucu olsa da, bizim geri çəkilməyə haqqımız yoxdur”, - fəallardan biri Aşot Sarkisyan bildirib.

Bundan o yana nə demək olar? Bu adamlar indi Qarabağda “sülhməramlıların” tam razılığı ilə “hakimiyyətə” malikdirlər, onların “idarəçilik funksiyaları” var. Və gələcək məqsədləri haqqında danışırlar. Aydındır ki, bu ünsürlər Qarabağın sadə ermənilərini heç vaxt Azərbaycanın tərkibində dinc yaşamağın mümkünlüyünə inandırmayacaqlar. Bəs nə baş verir? “Tupik”. Amma bu vəziyyəti birtəhər dəyişmək üçün nəsə etmək lazımdır. Rəsmi Bakının belə planları varmı? Onun Azərbaycanın bu hissəsində nəyəsə qarışmaq imkanı varmı?

Məsələlərlə bağlı fikirlərini AYNA ilə diplomat, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev bölüşüb:

- Azərbaycanın separatçılara dolayısı ilə iqtisadi təsir rıçaqları var. Və ümumiyyətlə, demək istəyirəm ki, iqtisadi mənada qondarma “Dağlıq Qarabağ”ın gələcəyi yoxdur. Yəni söhbət hazırda Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazidən gedir. Və bu kontingent orada dayandığı üçün separatçılara sırf inzibati təsir göstərmək üçün indi bizim heç bir resursumuz yoxdur. Bu məsələnin ya 2025-ci ildən sonra və ya 2025-ci ildə həllini tapacağı ehtimal olunur. İndi bizim vəzifəmiz azad edilmiş əraziləri gücləndirmək və bərpa etməkdir. Təbii ki, sonda bizimlə yaşamaq istəyən ermənilər Azərbaycan qanunvericiliyini tam qəbul etməli olacaqlar. Bəlkə də onların sayı az olacaq. Bu onların şəxsi işidir.

Amma kim istəməsə, təbii ki, Azərbaycanı tərk edəcək. Ermənistanın açdığı Qarabağ münaqişəsinin bütün tarixinə nəzər salsanız, prinsipcə, bu qismən artıq baş verir. Ona görə də strateji planda bizim üçün əsas nəticə bu olacaq.

Taktiki olaraq indi hansısa yolla Azərbaycanı sancmağa çalışırlar, ictimai rəyi qıcıqlandıran addımlar atırlar, amma strateji mənada bütün bunların heç bir əhəmiyyəti olmayacaq. Yuxarıda dediyim kimi, ermənilər artıq bölgədən yoxa çıxırlar. Anadoludan itiblər, Naxçıvandan itiblər, Qarabağdan itirlər, belə siyasət davam etdirsələr, Ermənistanın özündə də yox olacaqlar.

Müəllif: Rauf Orucov