Xalq Cümhuriyyəti Ordusunun generalının məzarı tapıldı - MÜSAHİBƏ

Xəbərlər

02.07.2024 - 20:29

Həkimlər Klinikalar SEO Xidməti

Yusif Pənahpur Şıxlinskilər ailəsi ilə bağlı mühüm faktları açıqlayıb

Cavad bəy Şıxlinski – Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun general-mayoru, Gəncə üsyanının əsas təşkilatçılarındandır. Xalq Cümhuriyyəti dövründə Milli Ordunun təşkilində müstəsna xidmətlər göstərən Cavad bəy, 1918-ci ildə yenicə yaradılan Milli Ordunun 1-ci diviziyasına komandan təyin edilib, 1918-ci ildə Bakını daşnaklardan təmizləməyə gəlmiş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa tərəfindən medalla təltif olunub. O, 1919-cu ildə 1-ci Piyada Diviziyanın komandiri təyin olunub. Bundan başqa, 1919-cu ilin fevralın 17-də hərbi nazirin əmri ilə Gəncə qarnizonunun rəisi vəzifəsinə təyin olunub. Cavad bəy Şıxlinski Zəngəzur və Qarabağda erməni separatçı qüvvələrinə qarşı Milli Ordumuzun əməliyyatlarında fəal iştirak edib. 1919-cu ildə onun komandanlığı altında nizami ordu hissələri Zəngəzuru ermənilərdən təmizləyib. Qeyd edək ki, bu il Cavad bəy Şıxlinskinin anadan olmasından 150 il ötür.

Jurnalist Hafiz Əhmədov Amerikada yaşayan və ana tərəfdən məşhur Şıxlinskilər nəslinin davamçısı olan Yusif Pənahpuru tapıb həmsöhbət olub. Yusif Pənahpur HafizTimes.com-a eksklüziv müsahibəsi zamanı Şıxlinskilər ailəsi ilə bağlı mühüm faktları açıqlayıb, ilk dəfə olaraq Xalq Cümhuriyyəti Ordusunun general-mayoru Cavad bəy Şıxlinskinin məzarının dəqiq yerini söyləyib. O həmçinin Cavad bəy Şıxlinskinin tarixi fotolarını da təqdim edib:

– Siz ana tərəfdən məşhur Şıxlinskilər ailəsinin üzvüsünüz, Cahangir bəy Şıxlinskinin nəvəsisiniz. Bu barədə bilmək istərdik. Ailə kökləriniz barədə ilk dəfə necə məlumat öyrəndiniz?

– Valideynlərimdən, ana nənəm (Səadət xanım Vəkilova) və xalalarımdan ana tərəfdən olan nəsil-kökümüz barədə məlumat aldığım üçün özümü xoşbəxt hiss edirəm. İllər öncə həyat yoldaşımla birlikdə ailəmizin yaşadığı Qazax rayonuna səfər etdik. Həmin səfər zamanı bizi müşayiət edən ana tərəfdən olan qohumlarımızdan da çox məlumatlar öyrəndim.

(Cavad bəy Şıxlinski)

– Cümhuriyyət ordusunun general-mayoru, Gəncə üsyanının əsas təşkilatçılarından biri Cavad bəy Şıxlinski haqqında siz nələr bilirsiniz?

– Cavad bəy Şıxlinski (1874-1959) Azərbaycan Xalq Cümhuriyyətində bir ordu generalı idi. O, Bakıdan göndərilən kommunist qüvvələrinə qarşı təşkil edilmiş Gəncə üsyanı zamanı əsir düşüb. Qardaşı Rüstəm Şıxlinski isə kommunistlər tərəfindən edam edildi. Cavad bəy ətrafındakılarla birlikdə hərbi tribunal tərəfindən ölümə məhkum edildi. Dostları onu 3 hərbçi ilə birlikdə həbsxanadan azad etdi, minməyə at verdilər və qaçmağına da kömək etdilər. Kommunistlər onları təqib etdi. Cavad bəy Türkiyəyə getməyi bacardı. Digər qaçanları isə öldürdülər.

(Cavad bəy Şıxlinski, ön sıra, sağdan 2-ci)

Türkiyədə bir müddət qaldıqdan sonra Cavad bəy Şıxlinski İrana gedib. Bir neçə il öncə İrana mühacirət etmiş və artıq orada ordunun polkovniki olan əmisi oğlu Məhəmməd Şıxlinskinin köməyi ilə İran ordusuna qoşulub. Cavad bəy İranda “polkovnik-leytenant” rütbəsi alıb, sonradan isə “polkovnik” rütbəsinə yüksəlib. O, fars dilini öyrənib və əvvəlcə İranın Məşhəd şəhərində artilleriya komandiri və Şərq Ordusu komandirinin müavini vəzifəsinə təyin edilib.

(General-mayor Cavad bəy Şıxlinski)

Bir neçə il Məşhəddə qaldıqdan sonra Tehrana geri çağırılıb və İran ordusunda Zabitlər klubunun rəhbəri vəzifəsinə təyin edilib. İşlədiyi müddətdə bir çox hərbi əməliyyatlarda iştirak edib və vəzifəsini uğurla icra edib.

– Uzun illərdir ki, Cavad bəy Şıxlinskinin məzarının dəqiq yeri ilə bağlı mübahisələr var. Hətta bir çoxları onun məzarının Türkiyədə olduğunu da qeyd ediblər. Cavad bəy Şıxlinskinin məzarı haradadır? Övladları ilə əlaqə saxlayırsınızmı? 

– Cavad bəy Şıxlinski 1959-cu ildə Tehranda dünyasını dəyişdi. Çox çətinliklə də olsa ailə ilə əlaqə saxladım və məzarın yerini tam dəqiqləşdirdim. Cavad bəy Şıxlinskinin (Cavad Ağa Şeyxli) məzarı Tehran yaxınlığındakı Rey şəhərində, İmamzadə Abdullah qəbiristanlığının köhnə hissəsində yerləşir. O, Azərbaycan Ordusunda general-mayor, İran Ordusunda isə polkovnik olub.

(Həmin qəbiristanlıqla bağlı araşdırma da apardıq. Məlum oldu ki, İmamzadə Abdullah Rey şəhərindəki ən məşhur türbələrdən biridir. Buradakı qəbiristanlıqda bir çox məşhur şəxsiyyətlər dəfn olunub. Çox təəssüflər olsun ki, bu qəbiristanlıq artıq tərk edilmiş, unudulmuş və baxımsız bir vəziyyətdədir. Hətta şəhərin əhalisi də oranı ziyarət etmir. Bu barədə həmin ölkənin kütləvi informasiya vasitələri də məlumatlar dərc ediblər).

Cavad bəy Şıxlinski İranda Zari xanım Əsədzadə adlı iranlı xanımla ailə həyatı qurub və onların üç övladı olub:

– Çingiz 1927-ci ildə anadan olub, həyat yoldaşı və bacısı (Suri xanım) ilə Tehran yaxınlığında yaşayır. Övladı yoxdur. Məhəmməd isə 1931-ci il doğulub, ölüm tarixi məlum deyil. Təranə xanımla ailə həyatı qurub, iki övladı var: Əli və Məhəmməd Rza.

(Cavad bəy Şıxlinski hərbi yoxlamada)

– Cümhuriyyət Ordusunun general-mayoru Cavad bəy Şıxlinski ilə görüşmüsünüz? Onu necə xatırlayırsınız?

– Bəli, mən onunla dəfələrlə görüşmüşəm. Sonuncu dəfə 1958-ci ildə görüşmüşük. O, şən adam idi, tar çalardı, ailə məclislərində də gözəl ləzgi rəqsi edərdi.

(Cavad bəy Şıxlinski)

– Bəs general Əliağa Şıxlinski sizin üçün kimdir?

– General Əliağa Şıxlinski mənim ana tərəfdən nənə-babamın (babam Cahangir bəy Şıxlinski və ana tərəfdən nənəm Səməd Vurğunun qohumu Səadət xanım Vəkilova) əmisi olub. Mənim ana tərəfdən babam və nənəm əmiuşağıdır. Həm də bildiyiniz kimi, Əliağanın birbaşa nəsli (varisi) olmayıb.

– Babalarınız sizə Azərbaycan haqqında nə deyərdilər?

– Ana tərəfdən babam Cahangir bəy Şıxlinski (İran Jandarm Qüvvələrinin mayoru) aorta anevrizmasından (yırtılma) gözümün qabağında dünyasını dəyişdi. Həmin vaxt mənim cəmi 9 yaşım vardı. O, mənimlə Azərbaycan barədə danışmazdı. Amma məni əyləndirməkdən həzz alardı. Mənə daha çox ana nənəm ailəmizdən, həyat yoldaşının Azərbaycanda hərbi xidmət keçməsindən, kommunist rejiminə görə Türkiyəyə və nəhayət İrana qaçmalarından danışardı. O, həmişə Qazax, Gəncə və Şəkini tərifləyərdi.

(Cavad bəy Şıxlinski)

– Azərbaycan sizin üçün nə deməkdir?

– Azərbaycan mənim köklərimin ölkəsidir və ailəmiz üçün çox dəyərlidir.

– Azərbaycanda ailənizi sevən insanlara nə demək istərdiniz?

– Mən fəxr edirəm ki, bu ailələrin üzvüyəm və köklərim Azərbaycandadır. Qeyd edim ki, 1996-cı ildə ailəmizdən ilk dəfə məhz oğlum Bəhram Pənahpur Azərbaycana səfər edib və oradakı ata-ana qohumlarımızla əlaqə qurub. Daha sonra həyat yoldaşımla birlikdə Azərbaycana üç dəfə səfər etdik (2004, 2007 və 2010-cu illərdə).Oradakı əziz və mehriban ailə üzvlərimlə birlikdə demək olar ki, bütün ölkəni gəzdik. Xəstələnməyimlə əlaqədar yalnız şimal-şərq bölgəsinə gedə bilmədim. Əziz əmim qızı Həmidə Məlikova ilə birlikdə  Şəkidə olduq, anamın doğulduğu Gəncəyə getdik. Daha sonra Qarabağın Kəhrizli kəndində olduq. Mənim ata tərəfdən nənəmin babası olan Əhməd bəy Cavanşir həmin kənddə o dövrün müasir kənd təsərrüfatı sisteminin təşəbbüskarı olub. Bu fəaliyyət Həmidə xanım Cavanşir (Cəlil Məmmədquluzadənin həyat yoldaşı) tərəfindən davam etdirilib. Mənim anam tərəfdən əziz qohumum Ziya bəy Şıxlinski daha bir səfərimi isə Qazax rayonuna təşkil etdi və bizi müşayiət etdi. 2005-ci ildə isə həyat yoldaşımla mən atamın doğulduğu Tbilisi şəhərində də olduq.

(Cavad bəy Şıxlinski)

– Bir neçə il öncə Azərbaycan Ordusu Qarabağı düşmən işğalından azad etdi. Bu şanlı zəfərimizlə bağlı nə demək istərdiniz? Şuşa, Qarabağa səfər etmək istəyirsiniz?

– Mən Azərbaycan Ordusu və ölkə rəhbərliyinin əldə etdikləri böyük nailiyyətlə fəxr edirəm və mümkün olan kimi Şuşaya və Qarabağın işğaldan azad edilmiş digər ərazilərinə səfər etməyi planlaşdırıram.

Ata tərəfdən isə Şuşanın əsasını qoymuş məşhur Cavanşirlər nəslinin davamçısı olan Yusif Pənahpurla geniş müsahibəni BURADAN oxuya bilərsiniz.

 Hafiz Əhmədov

HafizTimes.com

Müəllif: Ayna.az