Dünyanı idarə edən güc bəşəriyyətə nəhəng dəyişiklik siqnalı verir
Xəbər verdiyimiz kimi, “Facebook” şirkəti rebrendinq edib. Artıq şirkətin korporativ adı “Meta”dır. Qeyd edək ki, “Meta” yunan sözüdür və mənası “İrəli” deməkdir. Rebrendinq qərarından sonra “Facebook” şirkətinin keçmiş işçisi Frans Hauqen şirkət rəhbərliyini “mənfəəti təhlükəsizlikdən üstün tutmaqda” ittiham edib. Onun sözlərinə görə, “Facebook”la bağlı bir çox tənqidi xəbərlərin yayılmasından sonra rəhbərlik bu addımı atmaq qərarına gəlib.
“Facebook”un sahibi Mark Zukerberq isə deyib ki, mövcud brend adı gələcəkdə nə edəcəklərini, indi nə etdiklərini izah etmək üçün kifayət deyil: “Ona görə də onu dəyişdirmək lazımdır. Ümid edirəm ki, zaman keçdikcə biz metakainat şirkəti kimi görünəcəyik və həm biznesimizi, həm də kimliyimizi gələcəkdə quracağımız işlərin təməli kimi istifadə edə biləcəyik”.
“Facebook”dan verilən məlumata görə, şirkət bundan sonra fəaliyyətində bəzi yeniliklər edəcək. Gələn ilin yanvarından insanların həssas yanaşa biləcəyi mövzularla bağlı təfərrüatlı targeting opsiyaları ləğv ediləcək. Eyni zamanda, irqi, etnik mənsubiyyəti, siyasi baxışları, dini, cinsi oriyentasiya və s. parametrlər silinəcək. Məsələn, “kimyaterapiya” və ya “Katolik kilsəsi” kimi sorğular üçün hədəf auditoriyanı axtarmaq mümkün olmayacaq.
Sosial media mütəxəssisi Sənan Quliyev AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanda “Facebook” populyar olsa da, digər ölkələrdə o qədər deyil: “Bu baxımdan şirkət rəhbərliyi beynəlxalq miqyasda itirmiş olduğu nüfuzunu bərpa etməyə çalışır. Artıq “Facebook” adı mənfi assosiasiya doğurmaya başlayıb. Bu baxımdan rebrendinq etməklə virtual aləmdə dominant mövqeyini qorumağa çalışır. Onlar utopiya, virtual dünya yaratmaq niyyətindədirlər. Onun tərkibində mövcud sosial şəbəkələri birləşdirmək planları da var. Bunu necə həyata keçirəcəklərinə dair isə çox az informasiya verirlər”.
“Bu səbəbdən qəti mülahizə yürütmək mümkün deyil ki, şirkət rəhbərliyi hansı məqsədlə bu addımı atır. Yaxın müddət üçün ad dəyişikliyinin ciddi təsirlərindən danışmaq tezdir. Bu günə qədər “Facebook” necə fəaliyyət göstərirdisə, bundan sonra da elə fəaliyyət göstərəcək. Gələcəkdə şirkətin əhatə dairəsinə daxil olan bütün sosial platformaların – “Facebook”, “WhatsApp” və “Instagram”ın da adlarının dəyişdirilməsi gözlənilir. Tamamilə mümkündür ki, hər üç platforma “Meta” ilə assosiasiya olunan adlarla əvəzlənsin. Yəqin ki, belə də olacaq. Hazırda sosial mediada müzakirə olunan əsas mövzulardan biri də budur”, - deyə həmsöhbətimiz bildirib.
Onun sözlərinə görə, sosial media nəhəngləri dünya əhalisini virtual məkanda toplamaq istəyirlər: “Onsuz da bu proses gedirdi. Bundan sonra isə bu siyasətin artırılması nəzərdə tutulur. Məqsəd kütləni real həyatdan uzaqlaşdırmaq, onları virtual dünyanın qayda-qanunları ilə idarə etməkdir. Heç kimə sirr deyil ki, “Facebook” bizim gözümüzdə Markın şirkəti kimi görünsə də, əslində ABŞ dövlətinin layihəsidir. Sözsüz ki, nəhəng sosial media platformalarını nəzarətdə saxlamaqla, ABŞ və Qərb dairələri dünyada nüfuz imkanlarını artırır. “Facebook”, “Instagram”, “WhatsApp” və digər sosial şəbəkələr dünya güclərinin informasiya silahıdır. Bu silah isə təsir miqyasına görə, heç də “F-35”, “S-400” və digər silahlardan geri qalmır”.
“Facebook”un Azərbaycan seqmentində aparıcı səhifələrdən olan “Azxeber” səhifəsinin təsisçisi Hacıbəy Heydərli də AYNA-ya şərhində söyləyib ki, insanlar sürətlə sosiallaşır və internet nəhəngləri bu fürsəti qaçırmaq istəmirlər: “Ad dəyişikliyinin “Facebook” sosial şəbəkəsinə aidiyyəti yoxdur. Bununla da öz tərkibində “Facebook”, “Instagram”, “WhatsApp” kimi qurumları birləşdirən “Meta” şirkəti, əsasən virtual və artırılmış reallıq məsələlərinə fokuslanacaq. Gələn ildən “Meta”nın tabeliyində olan sosial platformalarda müxtəlif yeniliklərə rast gələcəyik. Artıq şirkət rəhbərliyi bununla bağlı açıqlama yayıb”.
“Misal üçün, “Instagram”da ediləcək dəyişikliklərin anonsu verilib. Belə ki, məşhur fotoservisdə ödənişli abunəlik sistemi istifadəyə veriləcək və kontent yaradıcıları öz eksklüziv kontentlərini yalnız ödənişli abunəlik vasitəsilə abunə olmuş istifadəçilərinə təqdim edəcəklər. Ancaq fərqli qiymətlərə sahib abunəliklərin öz aralarında nə ilə fərqlənəcəkləri barəsində məlumat yoxdur. Beləliklə kontent yaradıcıları eksklüziv kontentlər yaradacaq və həmin kontentləri yalnız ödənişli abunəliyə qoşulmuş istifadəçilər görə biləcəklər. Bütün bunlar adıçəkilən sosial şəbəkələrə maraq yaratmaq üçün həyata keçiriləcək”, - deyə müsahimiz vurğulayıb.
Əlavə edib ki, bütün bu dəyişikliklər dünya əhalisini daha çox virtuallaşdırmağa hesablanıb: “Bu sosial şəbəkələr sürətlə həyatımıza nüfuz edir. Artıq həyatımızı onların iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, dünya üzrə xəbər istehlakçılarının əksəriyyəti informasiyaları məhz sosial şəbəkələrdən əldə etməyə üstünlük verir. Dünyada trendlər dəyişir və buna uyğunlaşmağa məcburuq”.