Qeyri-adi adlar tez-tez məktəblərdə, xəstəxanalarda və digər dövlət qurumlarında problemlər yaradır
Yaponiyada yeni doğulmuş körpələrə ad verməklə bağlı yeni qaydalar qüvvəyə minib. Valideynlərdən uşağın adında kancidən istifadə edərkən rəsmi tələffüzü göstərməyi tələb edir.
AYNA.AZ “Theguardian.com”a istinadən xəbər verir ki, qərar qondarma “kirakira” (“parıldayan”) adların – kreativ, orijinal və ya hətta “şokedici” kanci kombinasiyalarından istifadə təcrübəsini dayandırmaq məqsədi daşıyır.
Bunlar qeyri-standart oxunuşlardan istifadə edən və ya “çox qəribə” səslənən adlardır. Onlardan bəzilərini başa düşmək çətin və ya hətta gülünc ola bilər.
Keçmiş Olimpiya çempionu Seiko Haşimotonun oğullarına şəhərlərin və ya hadisələrin adlarının verilməsi halları olub. Uşaqlar olimpiadaların bu yerlərdə keçirildiyi illərdə doğulduğu üçün Girishiya (“Yunanıstan”) və Torino (İtaliya) adlandırılıb.
Yaponiya hökuməti izah edib ki, yeni qaydalar inzibati prosedurları sadələşdirmək və məlumatların rəqəmsallaşdırılması üçün lazımdır. Qeyri-adi adlar tez-tez məktəblərdə, xəstəxanalarda və digər dövlət qurumlarında problemlər yaradır.
Məsələn, ad mürəkkəb və ya aydın olmayan simvollarla yazılıbsa, əlavə məlumat olmadan onu düzgün oxumaq mümkün deyil. Bu, sənədlərdə səhvlərə, anlaşılmazlıqlara və uşaqların yaşıdları tərəfindən ələ salınmasına səbəb olub.
“Kirakira” adlarından istifadə edən valideynlər çox vaxt öz seçimlərini cəmiyyətdə fərdiliyin ifadəsi kimi müdafiə edirlər. Lakin mediada yayılan məlumatlara görə, adların yalnız “ən ifrat” nümunələri rədd ediləcək.